Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin III konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədr müavini Yulət Vəliyev gündəlikdə duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin yeni Nizamnaməsi qəbul ediləcək, komitənin hesabatı dinləniləcək, daha sonra komitənin yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, komitə hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Ötən dövrdə komitə iş otaqları ilə təmin edilmiş, əməkdaşlara hərtərəfli iş şəraiti yaradılmış, onların əməkhaqları artırılmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin əsas fəaliyyəti muxtar respublika ərazisində əhalinin aztəminatlı təbəqəsinə, həmçinin müharibə və təbii fəlakətlər zamanı zərərçəkmiş insanlara tibbi-sosial, humanitar və digər xidmətlərin göstərilməsindən ibarətdir. Hazırda muxtar respublikada Qızıl Aypara Komitəsinin şəhər və rayon bölmələri üzrə 36 mindən çox üzvü var. Cəmiyyətin sosial həyatında mühüm rol oynamış, xeyriyyəçilik ənənələrinə malik Qızıl Aypara Komitəsi 2012-2016-cı illərdə öz fəaliyyətini komitənin Nizamnaməsinə və iş planına əsasən qurmuşdur. Hər ilin yanvar ayı ərzində İdarə Heyətinin iclasları keçirilmiş, işdə olan nöqsanlar müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yaşar Vəliyev komitəyə göstərilən dövlət qayğısına görə əməkdaşlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir.
İdarə Heyətinin yeni tərkibi seçildikdən sonra heyət üzvlərindən Cavidan Həsənova və Elçin Əsgərov çıxış edərək bildirmişlər ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinə sədrlik etmiş Yaşar Vəliyevin bacarığını, işgüzar qabiliyyətini və təşkilatçılığını nəzərə alaraq onun yenidən komitənin sədri vəzifəsinə namizədliyini irəli sürürlər.
Təklif yekdilliklə dəstəklənmişdir.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyev ona göstərilən etimada görə İdarə Heyətinin üzvlərinə minnətdarlığını bildirmiş, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd etmişdir.
Nəzarət-Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirildikdən və komissiya üzvləri seçildikdən sonra konfransın qərar layihəsi oxunmuş və yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, ictimai təşkilatlar da hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, onların fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Belə təşkilatlardan biri də Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsidir. Ötən dövrdə komitə üçün iş otaqları ayrılmış, fəaliyyəti üçün zəruri şərait yaradılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, 2013 və 2016-cı ildə komitə əməkdaşlarının əməkhaqları 10 faiz artırılmışdır. Qeyd olunmuşdur ki, bu gün keçirilən Qızıl Aypara Komitəsinin III konfransında komitənin yeni Nizamnaməsi qəbul edildi. Nizamnaməyə əsasən, komitənin strukturunda mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər komitənin fəaliyyətinin səmərəli təşkilinə geniş imkanlar verəcəkdir. Göstərilən dövlət qayğısı və qəbul edilən yeni Nizamnamə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin üzərinə mühüm vəzifələr qoyur. Komitə bundan sonrakı fəaliyyətində ciddi dönüş yaratmalı, şəhər və rayon bölmələrinin, eləcə də ilk təşkilatların fəaliyyətinə nəzarəti artırmalı, görülən işlərin vaxtlı-vaxtında müzakirəsini təmin etməlidir. Aid təşkilatlarla əməkdaşlıq edilməli, tibbi-sosial, humanitar və digər xidmətlərin göstərilməsinə hazır olmalı, ilk yardım proqramları hazırlanmalı, maarifləndirici tədbirlər keçirilməlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri komitənin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini bildirmiş, əməkdaşlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Konfransa Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyev yekun vurmuşdur.
Səbuhi Həsənov