Bu mövzuda Naxçıvan Dövlət Universitetində Heydər Əliyev universitetinin 209-cu məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyinin görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu bildirib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin ilk dövründə gördüyü işlər xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edib. Məhz ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində o illərdə Azərbaycanda fəal quruculuq işlərinə başlanılıb, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilib, çoxsaylı sənaye müəssisələri yaradılıb, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri üçün yeni binalar inşa edilib, yeni yaşayış massivləri, yollar salınıb.
Rektor bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır.
Universitetin Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov “Ulu öndər Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı məruzəsində ümummilli liderimizin fəaliyyətinin Naxçıvan dövründən, taleyüklü məsələlərin həllindəki əvəzsiz xidmətlərindən söz açıb. Vurğulanıb ki, xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ ölkəmizə rəhbərliyinin birinci dövründə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq, bu günümüz üçün ən zəruri olan həyati problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu.
Məruzəçi həmin dövrdə Naxçıvanın da sürətli inkişaf yoluna qədəm qoymasından, o illərdə həyatımızın bütün sahələrində əsaslı dəyişikliklərə nail olunmasından, insanların həyat və yaşayış səviyyəsinin yüksəldilməsindən də bəhs edib.
Sonda “Tanrı payı” adlı sənədli film nümayiş olunub.
Nərmin CABBAROVA