25 Dekabr 2024, Çərşənbə

Hər dəfə bu günü ilə yaxın keçmişini müqayisə edəndə Sədərəyin dosta sevinc, düşmənə isə gözdağına çevrildiyinə bir daha əmin olursan.
Sədərək tarixən bölgənin ən mühüm məntəqələrindən biri kimi özünəməxsus inzibati statuslara malik olmuşdur. Bu ərazi XIII-XIV əsrlərdə Naxçıvan tüməninin tərkibində idi. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dönəmində isə biz Sədərəyin adının Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri kimi çəkildiyini görürük. Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J.Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuşdur. Şarden yazır: “Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır”.
Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər. XVIII əsrin əvvəllərində də Naxçıvan tüməni, Maku, Zaruzəbil, Şadili, Dünbülü, Mağzaberd hakimlikləri kimi Sədərək hakimliyi də Çuxursəd bəylərbəyliyinin tabeliyində olmuşdur.

1728-ci ilə aid “İrəvan əyalətinin icmal dəftəri”ndəki məlumatlardan aydın olur ki, bu zaman Sədərək nahiyəsinə 24 yaşayış məntəqəsi daxil idi.
Nadir şah Əfşarın dövründə Sədərək Naxçıvan ölkəsinin 11 mahalından biri olmuşdur.
Çoxumuz üçün Sədərəyin rayon kimi tarixi 28 avqust 1990-cı ildən başlayır. Lakin bu yaxınlarda tədqiqata cəlb etdiyimiz bir sənəd sübut edir ki, Sədərəyin rayon kimi tarixi XX əsrin əvvəllərinə, konkret olaraq desək, hələ 1921-ci ilə təsadüf edir. Naxçıvan Dövlət Arxivində mühafizə olunan və surəti AMEA Naxçıvan Bölməsinin elmi arxivində fond 8, siyahı 4, arxiv 5-də saxlanılan “Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi” adlı 16 mart 1921-ci il tarixli sənəddə Naxçıvan ərazisində o zaman üçün 3 qəza (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun adı çəkilir ki, bu rayonlardan biri də məhz Sədərəkdir. Qeyd edək ki, sənəd Baş Ştab Akademiyasının dinləyicisi M.Pereşin tərəfindən Azərbaycan SSR-in fövqəladə komissarına və Naxçıvan SSR-in xalq hərbi komissarına məruzə şəklində hazırlanmışdır. Sənəddə Naxçıvan qəzasının tərkibində Tumbul, Cəhri və Şahbuz rayonlarının, Ordubad qəzasının tərkibində Yaycı, Əbrəqunus və Çənənəb rayonlarının, Şərur rayonunun tərkibində isə Baş Noraşen (Cəlilkənd), Şahtaxtı və Sədərək rayonlarının olduğu göstərilir. Sənəddə verilən məlumatlardan aydın olur ki, o zaman yaradılmış Sədərək rayonu bugünkü Sədərək rayonuna nisbətən daha geniş əraziləri əhatə etmiş və sonralar əsassız olaraq Ermənistan SSR-ə verilmiş bir sıra yaşayış məntəqələri də məhz bu rayonun tərkibinə daxil olmuşdur. Məruzənin “Naxçıvan SSR-in şəhər və kənd­ləri: yerləşdikləri qəza və rayonlar üzrə” adlı hissəsində ozamankı Sədərək rayonunun tərkibində 37 yaşayış məntəqəsinin adı çəkilmişdir ki, bu yaşayış məntəqələri aşağıdakılardır: Sədərək, Kürkənd, Qaraburc, Maxta, Ortulu Təzəkənd, Kərimbəyli, Quşçu-Dəmirli, Saraclu, Volçovarotskiy (Qurd qapısı) qəsəbəsi, Dəvə-Ölən, Cərarlı-Banut, Günnüt-Cəfərli, Kərki, Arazdəyən stansiyası, Karvansaray, Calavan, Kərxmiz, Kiqayu qışlağı, Yanığ, Qaraburun, Yuxarı Başki, Aşağı Başki, Urmiya, İsfahan, Yaycı, Gümbəz, Ovçarı (Əfşarı), Asnı, Səfərəli-din, Smo, Şərqi, Məngi, Sərxan, İraq qışlağı və Düdəngə.
Qeyd edək ki, bu kəndlərdən Kürkənd, Qaraburc, Maxta, Kərimbəyli, Düdəngə kəndləri bu gün Şərur rayonunun tərkibindədir. Ovçarı (Əfşarı), Ortulu-Təzəkənd, Arazdəyən stansiyasının isə Ermənistan Respublikası ərazisində olduğunu müəyyənləşdirə bildik.
Rayonun yaşayış məntəqələrindən biri kimi qeyd edilmiş Günnüt-Cəfərli toponiminin birinci hissəsi Günnüt bu gün də rayon ərazisində qalmaqdadır. Sədərək rayonu ərazisində bu gün də yaşamaqda olan Günnüt (Küngüt) toponimi, ehtimal ki, monqolların tərkibində Azərbaycana gəlmiş konqorat tayfalarının adı ilə bağlıdır. Qeyd edək ki, bu toponimin monqol mənşəli olması fikrini A.Axundov və A.Bağırov da təsdiqləmişlər. A.Axundov küngüt sözünü monqol və monqolların tərkibində Azərbaycana gələn küngüt türkdilli tayfa adı ilə əlaqələndirmişdir.
Sədərək rayonu ərazisində maraq doğuran yer adlarından biri də “Karvansaray” yer adı olmuşdur. Araşdırmalarımız zamanı müəyyən etdik ki, bu ərazi indiki Sədərək kəndinin cənubunda yerləşmişdir. Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev İpək Yolu üzərindəki Naxçıvan karvansaraylarından bəhs edərkən Sədərək kəndinin cənubunda bir karvansarayın olduğunu və hətta bu karvansarayın XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərdiyini qeyd etmişdir.
Bütün bunlar göstərir ki, 1990-cı ilin avqustunda Şərur rayonunun bir neçə kəndi hesabına yaradılmış rayonun məhz Sədərək adlandırılması və ayrıca rayon kimi təşkili heç də təsadüfi olmayıb, tarixi ənənələrə dayanmaqdadır. Bu tarixin mükəmməl bilicisi və Sədərəyin yenidən rayon kimi formalaşmasının memarı isə ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli lider Heydər Əliyev 14 avqust 2002-ci il tarixdə Sədərək rayonunun sakinləri ilə görüşdəki çıxışında demişdir: “...Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı... Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, – yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, sovet vaxtı başqaları da gedib-gəlirdi, – onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim”.
Sədərək rayonu bu gün öz inkişafının yeni mərhələsindədir. Son illər rayonda aparılan quruculuq işləri bu bölgəni xeyli gözəlləşdirib. Sədərək indi öz inkişafı ilə düşmənə gözdağına çevrilib.

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR