Son illər muxtar respublikada hər bir sahədə olduğu kimi, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində də xeyli işlər görülüb.
2015-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yeni yaradılan səyyari xidmət insanlara daha bir qayğının ifadəsidir. Səyyari xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, 2015-ci il ərzində səyyari xidmətə 6320 müraciət olub. Onlardan 5123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün müraciətlərdir.
Cari ildə də səyyari xidmət fəaliyyətini davam etdirir. Noyabr ayında Şərur rayonunun Xanlıqlar, Tumaslı, Yengicə, Püsyan, Çomaxtur, Qorçulu, Ordubad rayonunun Yuxarı Əndəmic, Düylün, Vənənd, Baş Dizə, Aza, Culfa rayonunun Yaycı, Əbrəqunus, Kırna, Milax, Göydərə, Babək rayonunun Nehrəm, Qahab, Sirab, Kültəpə, Yarımca kəndlərində və Sədərək rayonunun Heydərabad qəsəbəsində xidmət tərəfindən 420 şəxsiyyət vəsiqəsi, 118 sürücülük vəsiqəsi, 1 məhkumluq haqqında arayış verilib.
Bu gün Babək rayonunun Məzrə kəndində əhaliyə səyyari xidmət göstərilir.
Muxtar Məmmədov