Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Sədərək rayon təşkilatı tərəfindən Heydərabad qəsəbə tam orta məktəbində veteranlarla gənclərin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev bildirib ki, muxtar respublikamızda gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların tam bir vətənpərvər şəxsiyyət kimi formalaşdırılmasına xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Sədərək rayon təşkilatının sədri Teymur Quliyev, müharibə veteranlarından Cəlil Əliyev və Əsgər Bağırov qanlı-qadalı illərin yaddaşlarında yaşayan anları haqda danışaraq ordumuzun qüdrətlənməsi naminə görülən işlərin hər bir müharibə veteranı tərəfindən minnətdarlıqla qarşılandığını bildiriblər. Qeyd edilib ki, yüz illər boyu özlərinin çirkin əməllərini gah gizlin, gah da açıq şəkildə həyata keçirən erməni daşnaklarının 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr sərhəd kəndləri sakinlərinin sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Azərbaycan ayağa qalxdı, o ağır illərdə belə, yurd yerlərimiz qəhrəmanlıqla qorundu. “Torpaq – uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxdı eloğullarımız.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi