Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində qoyulmuşdur. Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə rabitənin inkişafı müasir dünya təcrübəsi nəzərə alınmaqla davam etdirilmiş, bu sahə üzrə islahatlar həyata keçirilmiş, zəngin qanunvericilik bazası yaradılmış, təcrübəli mütəxəssislər yetişdirilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də rabitə və yeni texnologiyaların inkişafını diqqətdə saxlayır. Qəbul olunan dövlət proqramları və həyata keçirilən mühüm islahatlar nəticəsində Azərbaycan ümumdünya elektron məkanına sürətlə inteqrasiya edir.
Naxçıvan Muxtar Respublikasında da rabitə və yeni texnologiyaların inkişafı daim diqqət mərkəzində saxlanılır, iqtisadiyyatın bütün sahələrində yeni texnologiyalar tətbiq olunur. Yeni optik kabel magistrallarının tikintisi iritutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılmışdır. 2013- 2014-cü illərdə muxtar respublikanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi üçün ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası fiber-optik kabel magistral xəttinin tikintisi başa çatdırılmışdır. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1500 kilometrə yaxındır. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, “Evədək optika” layihəsinin icrasına başlanmışdır.
İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, muxtar respublikanın internet resurslarının genişlənməsi ilə əlaqədar əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınmışdır. Həmçinin İP ünvanların çatışmazlığı aradan qaldırılmış, Türkiyə Respublikasının “Türk Telekom” şirkəti ilə əməkdaşlıq protokolu imzalanmış, Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilmiş və muxtar respublikaya daxil olan internet kanalının həcmi artırılmışdır. Hazırda muxtar respublikanın ərazisinin 98 faizində genişzolaqlı, 99 faizində isə mobil internet xidmətləri göstərilir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən rabitə və internet xidmətləri, elektrik enerjisi, qaz və sudan istifadə haqlarının onlayn rejimdə ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda qeydiyyatdan keçməsi avtomatlaşdırılmış və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür. “Bir pəncərə” prinsipi əsasında dövlət orqanlarının xidmətləri portala inteqrasiya edilmişdir. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 80-dən artıq dövlət təşkilatına və 12 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. “Elektron hökumət” portalında mütəmadi olaraq müraciət edilən dövlət orqanlarının saytlarında elektron müraciət səhifələri yenilənmiş, müraciətlərin və cavablandırılan məktubların elektron arxiv sistemi yaradılmışdır. Bundan əlavə, bu ilin əvvəlində Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmişdir. Bunun üçün idarələr arasında qapalı şəbəkə qurulmuş, mərkəzi server avadanlıqları alınmış və müvafiq proqram təminatı hazırlanmış, 80 təşkilatın sistemə qoşulması təmin edilmişdir.
Muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilmiş, əsaslı təmir edilən və yeni istifadəyə verilən təhsil müəssisələrində kompüter dəstləri quraşdırılaraq internetə qoşulmuşdur. Həmçinin təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılmış, internet üzərindən interaktiv dərslərin keçilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilmiş, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslərin keçilməsinə başlanmışdır. Hazırda muxtar respublika üzrə 236 təhsil müəssisəsi və 16 muzey distant təhsil sisteminə qoşulmuşdur.
“Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncama uyğun olaraq və “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır. Bundan əlavə, burada elektron kitabxana və fiziki məhdud imkanlılar üçün “258” telefon xidməti üzərindən fəaliyyət göstərən audio kitabxana yaradılmışdır.
Muxtar respublikada rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik kabel xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkəsinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Hazırda “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bir mərkəzi, yeddi filial və 160 poçt bölməsi ilə muxtar respublikamıza müasir poçt xidmətləri təqdim edir. Poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, bütün növ xidmət haqlarının yığılması da təmin edilmişdir. Hazırda muxtar respublikada, ümumilikdə, 142 poçt məntəqəsi avtomatlaşdırılmış, onlara 153 ədəd POS-terminal qurulmuşdur. “Naxçıvanpoçt” MMC-nin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılması həyata keçirilir. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının smartkarttipli sayğaclarla dəyişdirilməsi ilə poçt bölmələrində həmin kartların yüklənməsi işinin təşkili üçün Naxçıvan Şəhər Rabitə İdarəsində server qurulmuş, Naxçıvan şəhərində 10 poçt bölməsi yeni kompüter və kart oxuyucu ilə təmin edilmişdir.
Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırmışdır. Bu tələbatı ödəmək məqsədilə “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılmış, “Naxçıvanpoçt” MMC-nin rayon filiallarında elektron imza kartının verilməsinə başlanmışdır.
2016-cı ilin ən əlamətdar hadisəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə muxtar respublikada dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi olmuşdur. Mobil rabitə şəbəkəsinin 98 baza stansiyasının hər biri ilə mərkəzi idarəetmə sistemi arasında fiber-optik kabel xətləri çəkilmiş və saniyədə 1 giqabit informasiya daşıya bilən avadanlıqlar qurulmuşdur. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir. Ali Məclisin Sədri mobil rabitə şəbəkəsinin əhəmiyyətini vurğulayaraq demişdir: “Mobil rabitə şəbəkəsi muxtar respublika üçün vacib sahədir. Çünki dayanıqlı rabitə və internet xidmətlərinin göstərilməsi insanlara rahatlıq gətirir. Həmçinin mobil rabitə şəbəkəsi muxtar respublikada əhalinin elektron xidmətlərə çıxışını yaxşılaşdıracaq, vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq, ümumilikdə insanlara 20-dən artıq müxtəlif elektron xidmət göstəriləcəkdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasındakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilmişdir. Ötən dövrdə nazirlik tərəfindən “Naxçıvan” Universitetində informasiya-kommunikasiya texnologiyaları mərkəzi yaradılmış, Naxçıvan Dövlət Universitetində daxili telekommunikasiya şəbəkəsi, simsiz internet sistemi, universitet televiziyası və radiosunun montaj-tənzimləmə işləri, təlim üçün avtomat telefon stansiyası, Texniki Kollecdə isə kompüter şəbəkəsi və 5 tədris sinfi qurulmuşdur.
Müasir texnologiyaların tətbiqi muxtar respublika ərazisində rəqəmsal radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaratmışdır. 2014-cü ilin dekabr ayından analoq televiziya yayımı dayandırılmış, 6 güclü və 44 azgüclü verici stansiya vasitəsilə muxtar respublika ərazisində rəqəmsal televiziya yayımına keçid təmin edilmişdir. Hazırda bütün yaşayış məntəqələrində 12 televiziya və 9 radionun rəqəmsal yayımı təmin edilmişdir. Bundan başqa, Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya, 7 ədəd güclü rəqəmsal televiziya vericisi vasitəsilə Cənubi Qafqazda ilk dəfə olaraq DVB-T2 standartında 67 televiziya kanalının yayımına başlanılmış, Naxçıvan Dövlət Televiziyasının yüksəkkeyfiyyətli HD formatda yayımı təmin edilmişdir.
Həyata keçirilən layihələrdə fəal iştirak edən rabitəçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Bu gün Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun tabeliyində olan qurumlarda çalışan işçilərdən 4-ü “Azərbaycan Respublikasının Əməkdar mühəndisi”, 2-si “Naxçıvan Muxtar Respublikasının Əməkdar mühəndisi”, 12-si “Tərəqqi” medalı, 2-si “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2 nəfər isə “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülmüşdür.
Muxtar respublikanın rabitə və yeni texnologiyalar sahəsinin işçiləri bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, əhaliyə keyfiyyətli xidmət göstəriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti