25 Dekabr 2024, Çərşənbə

Hər zaman, tarixin bütün dövrlərində xalqlar üçün ən müqəddəs dəyərlərdən biri də azadlıq, hürriyyət, müstəqillik olub. Azərbaycan xalqı da öz azadlığı, müstəqilliyi uğrunda əsrlərlə mübarizə aparıb. Bu yolda çox qanlar axıdılıb, şəhidlər verilib. Lakin itkilər, məhrumiyyətlər xalqımızın azad yaşamaq istəyini boğa bilməyib. Tarixin özü qədər yaşı olan böyük və ulu millətimiz sübut edib ki, o, gec-tez müstəqil olacaq, azad yaşamaq haqqını heç kəsə güzəştə getməyəcək.
Elə ötən əsrin əvvəllərində də xalqımız bir daha bütün dünyaya öz azad, müstəqil yaşamaq arzusunu nümayiş etdirdi. Şərqdə ilk demokratik respublika quruldu. Bununla xalqımız dünyaya bir daha göstərdi ki, bütün tərəqqi etmiş xalqlar sırasında onun da yeri, bu xalqın azadlıq uğrunda canından keçməyə hazır olan minlərlə oğlu, qızı var.
Yeni qurulan cümhuriyyət uzun müddət yaşaya bilmədi, imperialist qüvvələr tərəfindən süquta uğradıldı. Azadlıq məfkurəsindən doğulan üçrəngli bayrağımızın yerini yad ideyaların, yad düşüncələrin məhsulu olan oraqlı-çəkicli bayraq aldı. Ancaq bu xalqın ürəyində bayrağımızın bir daha göylərə ucalacağı ilə bağlı közərən ümid qığılcımları sönmədi, əksinə, alovlandı. Nə az, nə çox, 70 il sonra axıdılan saysız-hesabsız qanlar hesabına qurulan imperiyanı dağılmağa məhkum edən də Sovetlər Birliyi adlandırılan xalqlar həbsxanasından ucalan alovlar oldu.

Dövlətimizin qurulmasının başlanmasından, müstəqilliyimizin bərpasından əsrin dörddə biri qədər zaman keçir. Biz artıq 25 ildir ki, müstəqilik. Ötən illər ərzində müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi bir neçə dəfə yaranıb. Ancaq dahi rəhbərimiz Heydər Əliyevin uzaqgörənliyi sayəsində dövlətimiz gündən-günə qüdrətlənib. Güclü dövlətimiz azadlığımızın, müstəqilliyimizin əbədiliyinin təminatına çevrilib.
Ərənlər yurdu Azərbaycanın müstəqilliyi ölkəmizin dünya dövlətləri arasında söz sahibi olmasına imkan yaradıb. Yer üzündə çox sayda xalq olsa da, onlardan azına dövlət qurmaq, müstəqil yaşamaq nəsib olub. Bu baxımdan müstəqillik xalqımızın payına düşən ən əvəzsiz nemətdir.
Rus imperiyasından mahiyyət etibarilə heç də fərqlənməyən sovetlər dövrünə qısa bir nəzər salsaq görərik ki, o dövrdə də Azərbaycan xalqının böyük uğurları, dünya elminə töhfələr vermiş insanları, nailiyyətləri olub. Ancaq bütün bu nailiyyətlərdən heç biri bizim adımıza yazılmayıb. Müstəqilliyimiz bizə məhrumiyyətlərdən qurtulmaq imkanı verib, bizə güclü ordu, qüdrətli dövlət bəxş edib, bir millət olaraq ölkə üçün taleyüklü məsələlərin həllində vahid fikir ortaya qoymaq imkanı yaradıb.
Ən mühüm nailiyyətlərimizdən biri budur ki, yüksək zirvələrimizdə üçrəngli bayrağımız dalğalanır. Naxçıvan Muxtar Respublikası isə ölkəmizin müstəqilliyinin nə qədər önəmə malik olmasının göstəricisi, dövlətimin qüdrətinin aynasıdır. Müstəqil Azərbaycanın çiçəklənən diyarı olan Naxçıvan ötən 25 ildə inanılmaz inkişaf yolu keçib. Qədim diyarımız indi nəinki Azərbaycanın, hətta bütün regionun mədəniyyət, incəsənət, sənaye mərkəzi, ölkəmizin döyünən ürəyi, xalqımızın qürur duyduğu bir məkandır. İndi bu qədim diyarın hansı guşəsinə getsək, bizi qarşılayan zirvələrdə dalğalanan üçrəngli Azərbaycan bayrağı, abad, gözəl şəhər və kənd­lər, müasir binalar, yollar, hər qarışı əkilən tarlalar, insan zəhmətinin məhsulu olan bağ-bağçalar olacaq.
Layiq olduğu xoş günlərə qovuşan xalqımız müstəqilliyin qədrini-qiymətini yaxşı bilir, onu göz bəbəyi kimi qoruyur, öz işi, əməli ilə bu müstəqilliyə töhfə verməyə çalışır. Xalq onu da yaxşı bilir ki, artıq heç bir xarici təsir əsrin əvvəllərində olduğu kimi müstəqilliyimizi təhdid edə bilməz. Güclü, qüdrətli Azərbaycan Ordusu sərhədlərimizin, xalqımızın, dövlətimizin və dövlətçiliyimizin keşiyindədir.
İndi “Müstəqilliyimiz bizə nə verdi?” sualının cavabında hər bir Azərbaycan vətəndaşı yüzlərlə sahədən misallar gətirə bilər. Məncə, indi bizi düşündürən əsas suallardan biri “Biz müstəqil Azərbaycana nə vermişik?” olmalıdır. Bu gün biz milli iradəyə malik bir xalq olduğumuzu, azad yaşamağa layiqliyimizi bir daha nümayiş etdirmək üçün vətənpərvərlik göstərməli, müstəqilliyimizə yeni töhfələr verməli, yeni dəyərlər qazandırmalıyıq. Müstəqillik bizə azad, firavan ölkədə yaşamaq və işləmək imkanı verib, bizə dünyanın istənilən ölkəsində fəxrlə “Mən azad bir ölkənin, Odlar yurdu Azərbaycanın vətəndaşıyam!” demək imkanı yaradıb.
Yurdsevər xalqımızı bütün çətin sınaqlardan çıxaran keyfiyyətlərdən biri də dar ayaqda uzaqgörən olması, müdrik qərar qəbul etməsidir. Əgər belə olmasaydı, xalqımız ən çətin, ağır dönəmdə nəinki yenicə bərpa edilmiş müstəqilliyin, hətta ölkənin özünün müqəddəratının sual altına düşdüyü bir vaxtda məhz öz tarixi müdrikliyinə söykənməz və son dərəcə düzgün qərar qəbul edərək ümummilli lider Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etməzdi. Məhz bu addımla xalqımız milli qurtuluşa, dövlət müstəqilliyinin xilasına nail oldu. Bundan sonra Azərbaycan xoşbəxt gələcəyə aparan davamlı inkişaf yoluna qədəm qoydu.
Etibar və inam xalqımızı 1993-cü ildə böyük bəlalardan xilas etdi. Artıq dövlət müstəqilliyinin bərpasının 25-ci ilini yaşayan Azərbaycanın bu dövrdə müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi və digər tarixi nailiyyətlər silsiləsi məhz ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışının bəhrələridir.
Vətən üçün bütün fədakarlıqlara hazır olan milyonlarla Azərbaycan vətəndaşı, ölkəmizdən kənarda yaşayan bu millətin nümayəndələri üçün müstəqil Azərbaycan bir istinadgah, ümid yeri, məbədgahdır. Tanrıdan umacağımız isə bu azadlığın, hürriyyətin əbədiyyətə qədər qorunmasıdır. Nə qədər ki ulu öndər Heydər Əliyevin yolu ölkəmizdə davam etdirilir, güclü, qüdrətli Azərbaycan dövləti də daim var olacaq, daha da inkişaf edəcək, qüdrətlənəcəkdir.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR