25 Dekabr 2024, Çərşənbə

Ulu öndərimiz Heydər Əliyevin möhtəşəm ömür yolu və çoxşaxəli, misilsiz fəaliyyəti Vətənə və xalqa fədakar xidmətin ideal nümunəsi olduğu kimi, nəzəri irsi də neçə-neçə nəsillərin yolunu işıqlandırmağa, yüz illər boyu dəyərini, məna və əhəmiyyətini saxlamağa qadir olan mükəmməl təlimdir. Başqa sözlə desək, dahi rəhbərin zəngin, dolğun nəzəri irsi ilə qlobal fəaliyyəti bir-birini üzvi şəkildə tamamlayır.
Ümummilli liderimizin fəaliyyətində və təlimində multikultural dəyərlərə münasibət, müxtəlif xalqların mədəniyyətinə, dini etiqadına ehtiramla yanaşmaq, Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqələrinə obyektiv baxış da özünəməxsus yer tutur. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür”, – deyən dahi rəhbər həm də məxsusi vurğulayırdı ki, ölkədə müxtəlif xalqların dinc birgəyaşayışı, hərtərəfli inkişafı, o cümlədən mədəni yüksəlişi, bütövlükdə, respublikanın tərəqqisi deməkdir. Ayrı-ayrı xalqların bir ölkədə rahat, azad yaşayıb öz mədəniyyətlərini sərbəst şəkildə inkişaf etdirməsi mahiyyət etibarilə həm də ölkənin uğurudur, eyni zamanda bəşər sivilizasiyasını da zənginləşdirir. Ulu öndər bunları nəzərdə tutaraq deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Ümummilli liderimiz respublikamızda yaşayan hər bir xalqın tarixinə, ədəbiyyatına, mədəniyyətinə, adət-ənənələrinə, dilinə, dini etiqadına həmişə hörmətlə yanaşmış, qarşılıqlı anlaşmaya, multikultural dəyərlərin qorunub saxlanılmasına böyük önəm vermişdir. Müdrik siyasi xadim, mədəniyyətin kamil bilicisi olan ulu öndərin aşağıdakı fikirləri də respublikamızda yaşayan hər bir xalqın milli varlığına ehtiramını, diqqət və qayğısını təcəssüm etdirir: “İstər böyük, istər kiçik xalq olsun, fərqi yoxdur, onların özünəməxsus adət-ənənələri, folkloru, dilinin müəyyən ayrılığı yaşayıb və yaşamalıdır”. Azərbaycanda yaşayan azsaylı xalqların maddi və mənəvi mədəniyyətlərinin inkişafının hərtərəfli şəkildə təmin edilməsi, onların mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi, ədəbi-mədəni irslərinin qorunub yaşadılması da ulu öndərin diqqət mərkəzində olmuşdur.
“Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”, – deyən müdrik rəhbərimiz respublikamızda yaşayan hər bir xalqın, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması işinə də ardıcıl diqqət və qayğı göstərmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev dəfələrlə vurğulamışdır ki: “Azərbaycan çoxmillətli dövlətdir. Onun bütün vətəndaşları milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidələrindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər”. Bu hüquqların etibarlı qorunması üçün ulu öndər ən yüksək səviyyədə və hərtərəfli şəkildə tədbirlər həyata keçirmişdir. Məhz ümummilli liderimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin edilmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyev təkcə respublikamızda yaşayan xalqların deyil, bütün dünya xalqlarının mədəniyyətinə, dilinə, dini etiqadına, ümumən bəşər sivilizasiyasına ehtiramla yanaşmışdır. Dahi rəhbər Şərq və Qərb sivilizasiyalarını dəyərləndirərkən mədəniyyətlərin birləşdirici funksiyasına, qarşılıqlı əlaqələrə ciddi rəvac verməsinə də xüsusi diqqət yetirərək demişdir: “Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsində mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür”. Dahi rəhbər bu məsələlərdən danışarkən Şərq, o cümlədən Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəşər sivilizasiyasında tutduğu böyük mövqeni, Qərbə göstərdiyi ciddi təsiri də ayrıca qiymətləndirmişdir: “Azərbaycan xalqının XII əsrdə intibah dövrünü keçirən ədəbiyyatı Xaqaninin və Nizaminin timsalında, sonrakı əsrlərdə isə Nəsiminin, Füzulinin, Vaqifin, Mirzə Fətəli Axund­ovun, Sabirin timsalında dünya şöhrəti qazanmış, Yaxın Şərq və Qərb ölkələrində ədəbi prosesin, estetik fikrin inkişafına nəcib təsir göstərmiş, məsələn, Avropa ədəbiyyatını yeni ideyalar, mövzular və süjetlərlə zənginləşdirmişdir. Ulu söz ustaları bizə böyük estetik sərvətlər xəzinəsi, humanizm və xalqlar dostluğu kimi nəcib ideyaların çox zəngin bir aləmini qoyub getmişlər”.
Xalqımızın böyük oğlu Heydər Əliyev sivilizasiyaların əlaqəsinə birtərəfli proses kimi baxmamış, Şərq, o cümlədən Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Qərbə böyük təsir göstərdiyini faktlar əsasında qiymətləndirməklə yanaşı, öz növbəsində, Şərqdə Qərb sivilizasiyası ənənələrindən istifadəyə də yer verildiyini nəzərə çatdırmış, sivilizasiyaların qarşılıqlı əlaqəsini mədəniyyətlərin zənginləşməsində mühüm vasitə saymışdır: “Eyni zamanda Qərb də Şərqin və xüsusən türkdilli xalqların, müsəlman Şərqinin yaratdığı böyük, tarixi əsərlərdən istifadə etmişdir. Şərqin və Qərbin mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin sintezi həm Qərbə, həm də Şərqə çox böyük müsbət nəticələr gətirmişdir”.
“Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur”, – deyən ulu öndərimiz ölkəmizin coğrafi mövqeyinin də sivilizasiyaların əlaqəsi baxımından əlverişli olduğunu ayrıca vurğulamışdır. Dahi rəhbər qeyd edirdi ki, Azərbaycan coğrafi-siyasi mövqeyinə görə həmişə sivilizasiyaların qovuşuğunda olmuş və mədəniyyətimiz də bu aspektdə inkişaf edərək böyük uğurlar qazanmışdır. XIX əsrdən etibarən Şərq və Qərb mədəni əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, sivilizasiya əlaqələrinin yeni mahiyyət kəsb etdiyini, Azərbaycan mədəniyyətinin Qərbə inteqrasiyasını ümummilli liderimiz belə qiymətləndirmişdir: “Azərbaycan Asiya ilə Avropanın birləşdiyi, qovuşduğu bir ərazidə yerləşən, amma Avropaya daxil olan bir ölkədir. Ancaq Azərbaycan öz kökünə, dini mənsubiyyətinə, ənənələrinə görə Şərq aləminə, İslam, Türk dünyasına daxil olubdur. Bu qəbildən olan xalqlar, millətlər içərisində Azərbaycan xalqı XIX-XX əsrlərdə öz milli köklərindən ayrılmayaraq öz ədəbiyyatını, mədəniyyətini dünyanın inkişaf etmiş Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirə bilibdir. Bizim milli ədəbiyyatımızı, mədəniyyətimizi Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirən, onun sintezini yaradan insanlar çox uzaqgörən, müdrik insanlar olublar”.
Göründüyü kimi, ümummilli liderimiz Qərb sivilizasiyasının qabaqcıl ənənələrini mənimsəmək, ondan yaradıcılıqla istifadə etmək barədə dəyərli fikirlər söyləmiş, bu sintez prosesində milli köklərdən ayrılmamağı vacib şərt saymışdır. Yəni istənilən bir kənar təsir, ədəbi-mədəni yenilik nə qədər faydalı və zəruri olsa da, onun mənimsənilməsi milli köklərdən ayrılmaq hesabına baş verməməlidir. Yəni hər bir xalq öz milli-mənəvi dəyərlərini qorumalı, yaşatmalıdır.
Hazırda ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə uğurla davam etdirilir, o cümlədən ədəbi-mədəni inkişafın daha da yüksəlişinin təmin olunması üçün sistemli, hərtərəfli tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və məqsədyönlü fəaliyyəti cəmiyyət həyatının digər sahələrində olduğu kimi, ədəbiyyat, incəsənət və mədəniyyətə münasibətdə də özünün parlaq nəticələrini aşkar şəkildə göstərir. Sivilizasiyaların dialoqu, qarşılıqlı əlaqəsi də diqqət mərkəzindədir. Respublikamızda multikulturalizmin dövlət siyasəti səviyyəsində həyata keçirilməsi də bu baxımdan mühüm fakt olub ulu öndərin parlaq ideyaları işığında gerçəkləşmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə respublikamız 2009-cu ildə “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair” UNESCO Konvensiyasına qoşulmuşdur. Ölkə rəhbərinin təşəbbüsü və yüksək himayəsi ilə 2011-ci ildən başlayaraq Bakıda beynəlxalq humanitar forumların keçirilməsi də böyük əhəmiyyət daşıyır. Multikulturalizmi “alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirən Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətini yaratmışdır. Cənab Prezidentin multikulturalizm siyasətinin daha bir mühüm ifadəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixdə imzaladığı Fərmandır. Həmin mərkəzin yaradılmasında başlıca məqsəd ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və daha da möhkəmlənməsini təmin etmək, həmçinin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modellərini tədqiq və təbliğ etməkdir. Ölkə Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi və təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq sistemli tədbirlərin uğurla həyata keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”, – deyən cənab İlham Əliyevin müdrik siyasəti, ulu öndər Heydər Əliyev ideyalarını yüksək səviyyədə davam etdirməsi sayəsində müstəqil Azərbaycan bu sahədə də qazandığı nailiyyətlərlə dünya dövlətlərinə nümunədir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün digər sahələrlə yanaşı, həmin istiqamətdə də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun möhtəşəm, konseptual fəaliyyəti sayəsində qədim Naxçıvan son iyirmi ildən artıq müddət ərzində neçə-neçə qərinəyə sığmayan hərtərəfli inkişaf yolu keçərək əsl intibaha qovuşmuş, o cümlədən mədəniyyətin yeni, əsaslı yüksəlişinə nail olmuşdur. Bu gün Naxçıvan Şərq və Qərb sivilizasiyalarının üzvi sintezini, klassika ilə müasirliyin uğurlu vəhdətini özündə ən mükəmməl şəkildə təcəssüm etdirir.

Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR