Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin edilib.
Dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.
Məlumat verilib ki, Naxçıvan Dövlət Rəsm Qalereyası 1982-ci ildə Naxçıvan şəhərində açılıb. Burada Azərbaycanın görkəmli təsviri sənət ustalarının əsərləri mühafizə olunur, təbliğ və nümayiş etdirilir. Ekspozisiyada Bəhruz Kəngərlinin, Xalq rəssamları Mikayıl Abdullayev, Tahir Salahov, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, yerli rəssamlardan Hüseynqulu Əliyev, Şəmil Mustafayev və başqalarının boyakarlıq, qrafika, tematik tablo, portret və sair janrlarda yaratdıqları əsərlər əsas yer tutur. Son illərdə muxtar respublikada keçirilən beynəlxalq rəsm sərgilərində iştirak edən xarici ölkə rəssamlarının əsərləri də qalereyada özünə yer alıb. Qalereyaya gələnlərə buradakı rəsm əsərlərinin müəlliflərinin yaradıcılıqları barədə ətraflı məlumat verilir.
Bildirilib ki, qalereya Azərbaycanın müxtəlif şəhərlərində və İran İslam Respublikasında sərgilər təşkil edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika, Dövlət Baş Sığorta agentliklərinin və Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin kollektivləri Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət ediblər.
Məlumat verilib ki, muzey 1998-ci ildə, Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılıb, 1999-cu ildə açılışı olub. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid eksponatlar nümayiş etdirilir. Cəlil Məmmədquluzadə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının əsərləri, onun müasirlərinə aid sənədlər də muzeyin eksponatları sırasındadır.
Xəbərlər şöbəsi