Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvan qədim zamanlardan yerləşdiyi strateji mövqeyi, füsunkar təbiəti, tarixi və mədəni zənginliyi ilə diqqət mərkəzində olub. Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan bu diyar əsrlərboyu təkcə elm və mədəniyyətin inkişafındakı roluna görə deyil, həm də ənənələrinə, dəyərlərinə sadiqliyi ilə tanınıb.
Tarixin qədim dövrlərindən burada yaşayan sakinlərin öz dəyərlərinə, ənənələrinə sadiqliyindən və onlar uğrunda sonadək mübarizə aparmaq xüsusiyyətindən irəli gəlir ki, Naxçıvan diyarı həm də dünyanın ən böyük və sonuncu dini sayılan İslamın çox dərin kök saldığı, ümumilikdə, İslam ideyalarının geniş yayıldığı ərazi olub. Məhz buna görədir ki, tarixi mənbələrdə İslam Peyğəmbərinin əmisi oğlu və kürəkəni Həzrəti Əlinin tərəfdarlarının sıx məskunlaşdığı məkanlardan biri kimi Naxçıvanın da adı çəkilir. Ümumiyyətlə götürsək, Şərqdə müqəddəs məkanlar çoxdur. Hətta uzun müddət Qərb aləmində belə bir deyim mövcud idi ki, Şərqdə iki cür ölkələr var: neft ölkələri və müqəddəs ölkələr. Uca Yaradanın bir lütfüdür ki, ölkəmiz təbii sərvətləri ilə yanaşı, həm də müqəddəs məkanları ilə tanınır. Naxçıvan ərazisi isə digər bölgələrdən bu cür müqəddəs məkanlarının daha çox olması ilə seçilir. Digər tərəfdən isə Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, təkallahlılıq dünyada ilk dəfə bu torpaqda yayılıb.
Bu ərazi bəşəriyyətin ikinci yaradılış yeridir. Nuh Peyğəmbərin burada quruya çıxması və məzarının bu torpaqda olması hələ İslamdan xeyli əvvəl Naxçıvanın Ulu Yaradan tərəfindən Seçilmiş Yer olduğuna işarə edir. Bəlkə də buna görədir ki, Naxçıvanda qoca tarixin amansız dönəmlərində itib-batmayan, insanlığı əbədi olaraq saflığa, təmizliyə, halallığa dəvət edən çoxsaylı ziyarətgahlar var. Bəziləri üçün müqəddəs ocaq, bəziləri üçün mistika sayılsa da, keçmişdən bəri insanların bu torpaqdakı pirlərə, imamzadələrə, xanəgahlara, zaviyələrə üz tutmalarının əsl məqsədi Yaradandan kömək diləmək, Onun varlığına inanmaq, müşkül işlərin yoluna qoyulması üçün Ona dua etmək olub. Hazırda muxtar respublika ərazisində yerləşən tarixi-mədəniyyət abidələrindən 140-dan çoxunu ziyarətgahlar təşkil edir. Elə bu yazıda da həmin ziyarətgahlardan bir neçəsi haqqında bəhs edəcəyik.
Naxçıvandakı ziyarətgahlar içərisində Əshabi-Kəhf daha çox əhəmiyyəti ilə seçilir. Naxçıvan şəhərindən 12-13 kilometr uzaqlıqda yerləşən Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində bəhs edilir. Həmin surənin 17-ci ayəsində deyilir: “Baxsaydın, Günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...” Mağaranın içərisinə girəcəkdən baxarkən (yəni girişdən sağ və sol nəzərdə tutulur), məhz Naxçıvandakı Əshabi-Kəhfdə içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. “Əshabi-Kəhf” kimi tanınan mağaralar Kiçik Asiya və Fələstinin, Türkiyənin ərazisində də var. Lakin “Qurani-Kərim”də göstərilən bir çox məlumatlar, xalq arasında mövcud olan rəvayətlər və bəzi tarixi faktlar müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu aydınlaşdırır. Burada coğrafi cəhət oxşarlığı xüsusilə diqqəti cəlb edir. Əshabi-Kəhf haqqında İslam aləmində mövcud olan bir hədis də ziyarətgahın Naxçıvan ərazisində olduğuna işarə verir. Hədisə görə, Ərəb Xilafətinin II xəlifəsi Ömərin dövründə 3 yəhudi gələrək xəlifəyə suallar verib, sualları isə xəlifənin əvəzindən Peyğəmbərin əmisi oğlu və sonralar xəlifə olmuş İmam Əli cavablandırıb. Yəhudi alimlərindən birinin sualı Əshabi-Kəhf və hökmdar zülmündən qaçan şəxslərin çıxdıqları dağla bağlı olur. Hədisdə yazılır: “Yəhudi alimi “Ey Əli, bu dağın və mağaranın adı nədir?” – deyə soruşub. İmam Əli cavab verib: “Ey yəhudi qardaşım, dağın adı Nahacilus, mağaranın adı isə Vasid idi. Mağaranın yaxınlığında ağaclar və püskürərək axan su var”. Göstərilən hədisdə gənclərin qalxdıqları dağ – “Nahacilus” adlandırılır. Məlumdur ki, yunan dilində xüsusi isimlərin adlıq halında “-us”, “-is” şəkilçiləri işlədilir. O zaman Nahacilus sözündən adlıq hal şəkilçisini atanda qalan kök söz “Nahacil” və yaxud bu gün Əshabi-Kəhf yaxınlığındakı dağın adına uyğun olaraq desək, Nuhəcir – Nəhəcirdir. Əshabi-Kəhfdəki “Cənnət bağı” ağaclara işarədir. Vaxtaşırı püskürən bulaq isə bu gün də Əshabi-Kəhf ziyarətgahına gedərkən yolun sağ tərəfində qalan dərədədir. Əshabi-Kəhfdə ilk dəfə 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə tikinti-abadlıq işləri aparılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də qəbul etdiyi Qərara əsasən, bura ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2006-cı il aprelin 17-də qəbul etdiyi Qərara əsasən isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yaradılıb. 2006-cı ildə kompleksdə yenidən tikinti-abadlıq işləri görülüb. Burada inzibati binalar, mağazalar tikilib, ziyarətçilərin çətinliklə çıxdıqları “Damcıxana” və “Cənnət bağı”nadək pillələr qoyulub. Yaxınlıqdakı kəhrizdən nasos vasitəsilə ziyarətgaha içməli su xətti, 15 kilometr məsafədən elektrik xətti çəkilib. Təmizliyin təmin olunması üçün bütün işlər görülüb. Ziyarətgahın ətrafında 4 hektar sahədə bağ salınıb.
Son illərdə yerli və əcnəbi vətəndaşlar tərəfindən ən çox ziyarət edilən ünvanlardan biri də Nuh Peyğəmbərin Naxçıvan şəhərində yerləşən türbəsidir. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat veriblər. K.A.Nikitinin “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunub: “Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş, sərdabə tipindədir. Rəvayətə görə, həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulmuşdur”. V.M.Sısoyev əsərində “Nuhun türbəsi” haqqında məlumat verərkən sərdabənin tərəflərinin 2,5 metr olan səkkizguşəli prizma şəklində olduğunu qeyd edib. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkib. Əsərdə Nuh Peyğəmbərin türbəsi ilə yanaşı, türbənin yerləşdiyi ərazi də təsvir edilib. XIX əsrin 80-ci illərində Naxçıvan şəhərində yaşayıb pedaqoji fəaliyyətlə məşğul olmuş rus maarifçisi K.A.Nikitin yerli əhalinin köməyi ilə Nuh Peyğəmbərin bu qədim diyarla əlaqəsinə dair rəvayətləri toplayıb yazıya alıb və onun buradakı məzarının yerini müəyyənləşdirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007- 2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb. Burada bir amili də qeyd etmədən keçmək olmur. Təəssüf ki, Nuh Peyğəmbərlə bağlı Naxçıvanda çoxsaylı toponimlərin indiyədək yaşamasına, bu sahədə müxtəlif tədqiqatların elmi şəkildə araşdırılmasına və tarixi mənbələrə istinad edilərək nəticələrin təsdiq olunmasına baxmayaraq, hələ də bu dəyərli faktın varlığı ilə bağlı dünya tarixşünaslığı susmaq mövqeyini seçib. Hətta bəzi hallarda bunun əksini söyləyənlər də tapılır. Ancaq bu sadə həqiqəti anlamaq üçün heç də tarixçi olmaq lazım deyil. Yuxarıda adını çəkdiyimiz əcnəbi tədqiqatçılar vaxtilə əksər Şərq ölkələrini gəzib-dolaşıblar, müəyyən qeydlər toplayıblar və məntiqlə onların “Naxçıvan sevgisi” o qədər olmalı idi ki, bu faktları rəvayət şəklində olsa belə, başqa yerdə yox, məhz Naxçıvanda qələmə alsınlar. Digər tərəfdən istənilən rəvayət, əfsanə və yaxud deyim harada yaranırsa, mütləq orada bir bağlılıq olmalıdır. Deyək ki, Nuhla bağlı hər hansı bir rəvayəti və ya əfsanəni yerli xalq özündən uydurub. Bəs necə olur ki, oxuma-yazmanın çox zəif olduğu cahillik dövründə yerli xalq Naxçıvanqala ərazisindəki məzarı Nuh Peyğəmbərlə bağlayır? Axı İslam dininin geniş yayılmağa başladığı orta əsrlər dövründən yerli sakinlər daha çox bu dinin müqəddəs üzvlərinə yönəlik rəvayətlərə meyilli olmalı idilər, nəinki ondan xeyli əvvəl mövcud olmuş Nuh Peyğəmbərlə bağlı deyimlərə. Nəhayət, bu gerçəyi qəbul etməyin vaxtı çoxdan çatıb ki, bədxah qonşularımız olan ermənilər tarixboyu bütün iddialarında yalnız Azərbaycana aid olan faktları mənimsəməyə səy göstəriblər, eynilə də Nuhla bağlı iddialara. Əminliklə demək mümkündür ki, əgər Nuh Peyğəmbərlə bağlı hadisələr başqa bir Şərq ölkəsində baş versəydi, ermənilərin buna heç bir iddiası olmayacaqdı.
Qeyd edək ki, muxtar respublika ərazisində keçmiş zamanlardan bu günümüzədək ziyarət edilən ünvanlar içərisində imamzadələrin də özünəməxsus yeri var. İmam ailələrinə aid qəbirlər üzərində tikilmiş türbələr – imamzadələr eyni zamanda tarixi-mədəniyyət abidələri kimi dəyərlidir. Məlumat üçün bildirək ki, İslam dünyasında Məhəmməd Peyğəmbərdən sonra dini rəhbər funksiyalarını yerinə yetirən və məhz bu müqəddəs şəxsiyyətin nəslindən olan şəxslər İmam adlandırılıblar. Tarixdən məlumdur ki, şiə imamları Abbasi xəlifələri tərəfindən daim təqib olunub, bu səbəbdən də onların övladları təqibdən yaxa qurtarmaq üçün müxtəlif ölkələrə, eləcə də Azərbaycana pənah gətiriblər. Azərbaycanda Səfəvi dövlətini yaradan Qızılbaş şeyxləri və onların davamçıları şiəlik məzhəbini daha da yaymaq və bu məzhəbin nüfuz dairəsini genişləndirmək üçün şiə imamları ilə bağlı olan ziyarətgahlara diqqətlə yanaşaraq bu qəbirlər üzərində türbələr inşa etdiriblər. Təsadüfi deyildir ki, Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadələr Səfəvilər dövründə inşa edilib. Məsələn, Şərur rayonunun Xanlıqlar kəndində yerləşən İmamzadə yeddinci İmam Musa Kazımın oğlu Şahzadə İbrahimin məzarı üzərində tikilib, uzun illər ziyarətgah və inanc yeri olub. Bu İmamzadə “Parçı İmamzadəsi” adı ilə də məşhurdur. Bu dini-tarixi abidə bərpa olunaraq cari ilin əvvəlində ziyarətçilərin istifadəsinə verilib.
Naxçıvan şəhərindəki İmamzadə türbəsinin içərisində də əhali tərəfindən ziyarət edilən bir qəbir vardır. “Naxçıvan Abidələri Ensiklopediyası”nda bu türbə haqqında məlumat verilir. Qeyd olunur ki, qəbrin üzərində kitabə olmadığı üçün onun kimə aid olduğu haqqında dəqiq fikir söyləmək çətindir. Ancaq yaşlı əhalinin dediyinə görə, bu qəbirdə şiələrin səkkizinci İmamı olan İmam Rzanın oğlu dəfn edilib. Epiqraf-alim İ.Əzimbəyovun keçən yüzilliyin iyirminci illərində yazdığına görə, türbənin şimal-qərb tərəfində ərəb dilində yazılmış kitabə olub. Kitabənin mətnindən məlum olur ki, bu imarətin bina edilməsini böyük sultan, xaqan, hörmətli əmir sultan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış, Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı həzrət Rufai bəy əmr edib. Kitabədə tarix qeyd olunmasa da, orada vurğulanan “Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında” sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Belə ki, Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-32-ci illərdə hakimiyyətdə olduğundan, türbənin XVIII əsrin 20-ci illərində inşa etdirildiyi güman olunur.
İmamzadə türbələrindən biri də Babək rayonunun Nehrəm kəndində yerləşən XVIII əsrə aid memarlıq abidəsidir. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək gəlib çatıb. Nehrəm İmamzadəsi türbə, təkyə və yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasındadır. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə, qəbirdə şiələrin yeddinci İmamı Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.
Əvvəldə də qeyd etdiyimiz kimi, muxtar respublika ərazisində çoxsaylı türbə və xanəgahlar, pirlər, zaviyələr mövcuddur. Onların hər biri haqqında söhbət açmaq imkanı olmadığından ümumi məlumatlarla kifayətlənməli olacağıq. Onu xatırlatmaq lazımdır ki, Naxçıvan orta əsrlər dövründə, həm də elm və mədəniyyətin, idarəçilik ənənələrinin, türk-müsəlman varlığını nümayiş etdirən sufi mərkəzlərinin geniş yayıldığı məkanlardan olub. Əlincəçay, Pir Xamuş (Pir Qəmiş), Pir Yaqub, Xudu-Divanə, Şeyx Əbu Səid, Pir Eyvaz, Baba Yaqub, Xanağa, Piri-Süleyman, Piri Baba xanəgahları, İsfəndiyar zaviyəsi, Vənəndçay vadisindəki sufiliklə bağlı mərkəzlər məhz belə məkanlardandır. AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlinin “Naxçıvanda sufiliklə bağlı mərkəzlər” kitabında bu haqda geniş məlumatlar verilir. Eyni zamanda qeyd edək ki, Naxçıvan ərazisində çoxsaylı pirlər yerləşir. Ağzirət piri, Asnı piri, Aşağı Buzqov piri, Aza piri, Ərəfsə piri, Ərməmməd piri, Havuş piri, İmminin ocağı, İnan ocağı, İydəli piri, Kilit piri, Qaş piri, Qərib piri, Malik İbrahim piri, Miranşah piri, Seyid Sultan Səfi piri, Üstüpü piri və adını sadalamadığımız onlarla bu cür pirlərə muxtar respublikanın əksər bölgələrində rast gəlmək mümkündür. Yaşı əsrlərlə ölçülən bu pirlər indi də yerli əhalinin üz tutduğu, ziyarət etdiyi ocaqlardan sayılır.
Fikirlərimizi ümumiləşdirərək deyə bilərik ki, insanlığın yenidən yaradılışına şahidlik edən, Peyğəmbər ayağı toxunan Naxçıvan diyarı tarixin ən qədim çağlarından burada yaşayan insanların həyat tərzinin, ibtidai mədəniyyətinin, inanclarının formalaşdığı ilkin yaşayış məskənlərindəndir. Köksündə saysız-hesabsız pirləri, xanəgah və imamzadələri yaşadan bu torpaq demək ki, ilahi enerjidən qidalanır. Bəlkə də buna görədir ki, kosmonavt Leonovun etiraf etdiyi kimi “Yer kürəsi kosmosdan baxanda Naxçıvanın rəngində görünür...”
Səbuhi Həsənov