25 Dekabr 2024, Çərşənbə

Tarixçi alimlərə görə, Naxçıvanda şəhər mədəniyyətinin yaşı 5000 ildən artıqdır. Aparılmış tədqiqatlar, arxeoloji qazıntılar, mənbələrin verdiyi məlumatlar, aşkarlanmış maddi-mədəniyyət nümunələri bunu deməyə imkan verir. Budəfəki yazımızda biz şəhər mədəniyyətindən danışacağıq. Lakin bu heç də tarixi əsərlərdə qəbul edilən şəhər mədəniyyəti anlayışı deyil. Sözün müasir anlamında, bir şəhərin fərqləndirici xüsusiyyətinə çevrilən şəhər mədəniyyətindən söhbət açacağıq. 

Naxçıvan bu gün təkcə Azərbaycanda deyil, ümumilikdə, Cənubi Qafqazda turistlər və gələn qonaqlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib. Naxçıvanda son 20 il ərzində təkcə infrastruktur quruculuğu tədbirləri aparılmayıb, həm də turistlərə və gələn qonaqlara qarşı ideal münasibət formalaşdırılıb. Naxçıvanda müxtəlif zamanlarda görüşdüyümüz xarici qonaqlar, media təmsilçiləri, diplomatlar, xarici ölkələri, o cümlədən ölkənin digər regionlarını təmsil edən alimlər, ziyalılar, mədəniyyət xadimləri ilə söhbətlərdə eşitdiklərimizi ümumiləşdirərək müasir Naxçıvanın şəhər mədəniyyətini fərqləndirən altı xüsusiyyəti müəyyənləşdirmək mümkündür.

 İctimai nəqliyyat mədəniyyəti

Əgər siz Naxçıvana gəlmisinizsə, burada təkcə şəhərdaxili avtobusların yüksək komfortu yox, ictimai nəqliyyatda xidmət edən sürücülərin etik normalar çərçivəsində davranışı, avtobusları yalnız müəyyən edilmiş dayanacaqlarda saxlaması, intellektual idarəetmə sistemi olmadan belə nəqliyyat vasitələrinin müəyyən edilmiş vaxta uyğun hərəkət etməsi, eləcə də avtobusların həddindən artıq yüklənməməsi diqqətinizi cəlb edən əsas xüsusiyyətlərdən biri olacaqdır.

Taksi xidmətləri

Çox vaxt biz adət etmişik ki, hansısa şəhərə, lap elə paytaxt Bakının özünə gedəndə hava limanında, avtovağzalda yükümüzü bizdən qabaq qamarlayan “köməkçilər”imiz peyda olur. Heç bir xüsusi göstərici ilə fərqlənməyən bu “köməkçilər” bizi öz köhnə, lakin bəzən bütün qaydaları pozaraq sürətlə gedə bilən avtomobillərinə mindirmək üçün “dəridən, qabıqdan çıxırlar”. Amma maşına mindikdən sonra müştəri ilə az qala bankir ədası ilə danışmağa başlayırlar. Naxçıvanda isə nə hava limanında, nə avtovağzallarda heç kəs sizə məxsus olan yükü qamarlamır. Sizə xidmət göstərəcək taksi sürücülərini siz dayanacaqda dayanmış sarı rəngli maşınlarından, əyinlərindəki uniformalarından tanıya bilərsiniz. Onlar yaxınlaşdıqda sizinlə salamlaşır, hansı istiqamətə gedəcəyinizi soruşur, qiymət haqqında məlumat verirlər. Yolboyu sürücü yalnız sizin verəcəyiniz sualı cavablandırır. Həmçinin sizin icazənizin olub-olmamasından asılı olmayaraq tütün məhsullarından istifadə etmir.

Komfortlu yollar

Naxçıvan həm də ideal və komfortlu yolları ilə seçilir. Sürət həddinin çox zaman 90-ı aşmağa icazə verilmədiyi şəhər və kənd­lər arasındakı yolların ideal vəziyyəti, yol kənarlarındakı xüsusi su arxları, suötürücüləri və yaşıllıqlar Naxçıvanla tanışlığa başlayan qonaqların ən çox diqqətini çəkən digər məqamdır. Yolların genişliyi, piyada keçidlərinin intensivliyi, yol hərəkətini tənzimləyən işıqforların tələblərinə təkcə sürücülərin deyil, piyadaların da əməl etməsi Naxçıvanı digər yerlərdən əsaslı dərəcədə fərqləndirir.

Havada yalnız quşlar və təyyarələr uçur

Yaxud başqa dildə desək, Naxçıvan səmasında küləkli vaxtlarda polietilen paketlərin, müxtəlif tullantıların uçuşması ehtimalı sıfırın altındadır. Çünki küçəboyu bu cür tullantılarla “bəzənmiş” təbiət mənzərələri gözə dəymir. Bu təkcə şəhərdə təmizliyin qorunması və yaşıllaşdırma işlərinin mütəmadi aparılması ilə bağlı deyil. Bunun əsas üç səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, burada təmizlik kimi məsuliyyətli və fiziki sağlamlıq tələb edən işlər yaşlı, ahıl nənələrimizə yox, fiziki durumu yerində olanlara tapşırılıb. Başqa sözlə desək, yaşının ahıl çağında nəvələri ilə oynamalı olan nənələrin səhərin sübhündə və gecənin qaranlığında təmizlik işi ilə məşğul olduğu ürəkağrıdan mənzərələr burda, ümumiyyətlə, yoxdur. Digər tərəfdən insanlarda illər boyu iməciliklər vasitəsilə formalaşdırılmış təmizlik və yaşıllıq məsuliyyəti onların bu məsələyə laqeyd yanaşmasına imkan vermir. Üçüncü səbəb isə burada tullantı qutularının öz yerində olmasıdır. Onları əvəzləmək üçün divarlara yazılmış müxtəlif “şüar”lardan istifadə edilmir.

“Hamının dilinə hörmətimiz var,
bircə öz dilimiz yarayır bizə...”

Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin reklamlarla bağlı belə bir bəndi var:

Əvvəl rusca idi bütün reklamlar,
İndi ingiliscə görünür gözə.
Hamının dilinə hörmətimiz var,
Bircə öz dilimiz yaramır bizə.

Naxçıvanda bunun əksidir. “Hamının dilinə hörmətimiz var, bircə öz dilimiz yarayır bizə...”, başqa sözlə desək, Naxçıvanda dükanların, ictimai iaşə obyektlərinin adları yalnız Azərbaycan dilində ifadə olunur. “Sara xatun”, “Ziyalı”, “Nəqşi-cahan”, Kitab evi və sair kimi... Xatırladaq ki, bu adların əvəzinə “Rihanna”, “New Orlean”, “Book club” və sair də ola bilərdi. Amma bura Naxçıvandır və hətta “aptek” sözünü belə, bizə daha yaxın olan əczaxana əvəzləyir. Bu isə bura gələn qonaqların da diqqətindən yayınmır.

Keçmişinə qürur duyulacaq qədər sayğılı münasibət...

Əvvəllər xarici ölkələrə gedəndə hamımız onların öz ölkələrini və tarixlərini necə sevmələrinə qibtə edərdik. İndi keçmişinə sayğılı münasibəti görmək üçün xaricə getmək yox, elə Naxçıvana gəlmək lazımdır. Burada tarixə, tarixi abidələrə formalaşdırılan ideal münasibət sizi təkcə qibtə etməyə yox, həm də nümunə götürməyə vadar edəcək. Bu münasibətin formalaşması isə özü bir yazının mövzusu olduğu üçün fikrimizi gələn yazımızda davam etdirəcəyik...

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR