25 Dekabr 2024, Çərşənbə

Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, soyuq qış mövsümündə də hava şəraitindən asılı olmayaraq, avtomobil yollarında hərəkətin intensivliyinin təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması üçün kompleks tədbirlər həyata keçirilib. Muxtar respublika ərazisində fəaliyyət göstərən bütün taksilər mövsümə hazır olmaları üçün texniki müayinədən keçirilib, texniki müayinə zamanı ortaya çıxan nasazlıqlar aradan qaldırılıb.
Naxçıvan şəhərindən rayon mərkəzlərinə və ayrı-ayrı yaşayış məntəqələrinə işləyən avtobus və mikroavtobuslar, habelə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin balansında olan müxtəlif markalı avtobuslar texniki müayinə olunub, qışa tam hazır vəziyyətə gətirilib.
Qış mövsümünü uğurla başa çatdırmaq üçün nazirliyin daimi komissiyalarının fəaliyyəti daha da artırılıb, “Payız-qış mövsümünə hazırlıq komissiyası” və “Texniki müayinə komissiyası”nın işləri əlaqələndirilib, bütün sahələrdə nəzarət gücləndirilib.

Muxtar respublika avtovağzallarının payız-qış mövsümünə hazırlığı da diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki bir daha təkmilləşdirilib. Avtovağzallardakı istilik sistemləri yoxlanılaraq işlək vəziyyətə gətirilib, qış mövsümündə fasiləsiz fəaliyyət göstərməsinə əlverişli şərait yaradılıb.
Nəqliyyat Nazirliyinin müqavilələri ilə fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin texniki müayinəsi keçirilib, bu avtomaşınların qış aylarında da saz vəziyyətdə saxlanılması üçün sahibkarlarla maarifləndirmə işi aparılıb. Bu məqsədlə ucqar dağ və sərhəd kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyətinə diqqət daha da artırılıb, nəqliyyat vasitələrinin sahibkarları ilə əlaqə saxlanılıb, mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün köməkliklər göstərilib.
Qış mövsümündə sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı marşrutunda işləyən avtobusların fəaliyyətinə diqqət artırılıb. Habelə müqavilə əsasında muxtar respublikadan bir sıra marşrutlar üzrə beynəlxalq sərnişindaşımanı həyata keçirən şirkətlərlə (“İğdırlı turizm”, “Metro”, “Didari Seyri Giti”, “Tond Poyan” və sair) əlaqələr daha da genişləndirilib, sərnişinlərin bu marşrutlardan rahatlıqla istifadə etmələri üçün lazımi tədbirlər həyata keçirilib, bu mar­şrutlarda daha müasir avtobusların fəaliyyəti təmin edilib.
Soyuq qış mövsümündə avtomobil yollarının qardan və buzdan təmizlənməsi üçün 12 ədəd avtoqreyder, 29 ədəd özüyükünüboşaldan maşın, 8 ədəd buldozer, 1 ədəd qumsəpən maşın, 3 ədəd ekskavator, 5 ədəd avtoyükləyici və 1 ədəd qartəmizləyən maşın hazır vəziyyətə gətirilib. Asfalt yollarda işləyəcək avtoqreyderlər rezin bıçaqlarla təmin edilib. Ucqar dağ və sərhəd kəndlərinə gedən avtomobil yollarının qardan, buzdan təmizlənməsi üçün maşın-mexanizmlər ayrılıb. Həmçinin avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan Şorsu qumunun tədarükü başa çatdırılıb, 2 min kubmetr qum tədarük edilib.
Qış mövsümündə avtobuslarda baş verə biləcək nasazlıqların vaxtında aradan qaldırılması üçün Nəqliyyat İdarəsində mexanik və çilingərlərdən ibarət təmir briqadası fəaliyyətə başlayıb, təmir sexlərində hərtərəfli şərait yaradılıb.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR