Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrindən biri də Batabat Astrofizika Rəsədxanasıdır. Son illərdə rəsədxananın maddi-texniki bazasının yenilənməsi, lazımi iş şəraitinin yaradılması burada müxtəlif elmi tədqiqatların həyata keçirilməsinə imkan verib.
Rəsədxananın direktoru Qulu Həziyevdən aldığımız məlumata görə, indiyədək Batabat Astrofizika Rəsədxanasında, əsasən, Günəş sisteminin kiçik cisimləri – kometalar və asteroidlər öyrənilirdisə, artıq burada parlaq ulduzların da tədqiq olunması nəzərdə tutulub. Çünki rəsədxanada ulduzların da müşahidəsi və tədqiqi üçün lazım olan avadanlıqlar quraşdırılıb. Elmi-tədqiqat müəssisəsində Günəşin də müşahidə və tədqiq olunması nəzərdə tutulub.
Qeyd edək ki, Batabat Astrofizika Rəsədxanasında Almaniya istehsalı olan “SEYYS-600” tipli teleskop quraşdırılıb. Bu rəsədxana Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanasından sonra yaradılmış ikinci rəsədxanadır. Elmi-tədqiqat müəssisəsinin əsas fəaliyyəti səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsini əhatə edir.
Xəbərlər şöbəsi