Bu gün ən çox eşitdiyimiz terminlərdən biri informasiya əsri terminidir. Bəs informasiya əsri nədir? Bu əsr nə zaman başladı və bu əsri niyə məhz informasiya əsri adlandırırlar? Məlumdur ki, bəşər tarixi müxtəlif mərhələlərdən keçib və hər bir mərhələ insan üçün zəruri olan bir nəsnənin adı ilə adlandırılmışdır. O zaman ki cəmiyyətə lazım olan hər şeyi, ya da çox şeyi daş həll edib, o zamana Daş dövrü deyiblər. Çünki o zaman insanlar qidasını əldə etmək üçün daşdan müxtəlif formalarda istifadə etmişlər. Hətta savaşlar da daş vasitəsilə aparılmışdır. Sonrakı mərhələlərdə Mis dövrü, Tunc dövrü, Dəmir dövrü, Kapital dövrü və sair dövrlər bir-birini əvəzləmişdir. Tarixin bizə yaxın bir dönəmi atom əsri adlandırılmışdır. O dövrdə dünyanın taleyini, varlığı və yoxluğunu, Yer üzündə hansı dövlətin güclü olub-olmamasını atom tədqiqatları və atom silahları müəyyən etmişdir. XX əsrin sonlarından etibarən isə “atom əsri” anlayışını “informasiya əsri” anlayışı əvəzləmişdir. Bu heç də indi atom üzrə aparılan tədqiqatların ötən əsrdəkindən daha zəif olması anlamına gəlmir, bəlkə də, əksinə. Lakin əsrin adının dəyişməsi onunla bağlıdır ki, bu gün informasiya atomdan daha güclü bir silah hesab edilməkdədir. İndi güclü olan daha çox silaha sahib olan yox, daha çox informasiyaya, sözə sahib olan və informasiyanı, sözü idarə edən hesab olunur. Bəlkə elə buna görə də müqəddəs kitabımız olan “Qurani-Kərim”də “sizə nazil edilən ən gözəl (Sözə) tabe olun!” deyilmişdir.
Bəli, sözün – informasiyanın əsri XX yüzilliyin sonlarından başlamış, buna uyğun olaraq informasiya resursları, informasiya müharibəsi, informasiya blokadası və sair anlayışlar meydana çıxmışdır.
SSRİ-nin dağıldığı, Azərbaycanın müstəqilliyini yenicə əldə etdiyi dövrdə ölkəmiz və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası təkcə silahlı müharibəyə deyil, həm də informasiya müharibəsinə cəlb edilmişdi. Naxçıvan Muxtar Respublikası təkcə ərazi blokadasına deyil, həm də informasiya blokadasına salınmışdı. Belə bir vəziyyətdə ermənilərin dünya ictimai rəyini çaşdırmaq üçün yaydıqları dezinformasiyalar haqlı ikən haqsız duruma düşməyimizlə nəticələnmişdi. O zaman informasiya resurslarının olmaması, siyasi idarəçilik kimi informasiya idarəçiliyinin də düzgün tənzimlənməməsinin çox acı nəticələri olmuşdur. Naxçıvan Muxtar Respublikasının ərazi blokadası da buranın informasiya blokadasını şərtləndirən əsas amillərdən biri idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev informasiya blokadasını maksimum şəkildə yarmağa çalışmış, Naxçıvan həqiqətlərinin dünyaya çatdırılması üçün müxtəlif media orqanları ilə əlaqələrin yaradılmasına xüsusi əhəmiyyət vermişdir. O dövrdə ümummilli lider Heydər Əliyevlə birlikdə Naxçıvanın qorunması uğrunda fəaliyyət göstərən insanların yaxşı xatırladıqları bir məqam var. Ulu öndər Naxçıvana gələn müxtəlif kütləvi informasiya vasitələrinin təmsilçilərinə maksimum şəkildə diqqət ayırmış və bəzən hətta gecənin ən gec saatlarında belə, iş otağını tərk etməyərək müsahibələr verməyə razılaşmışdı.
Bəli, nə qədər acı olsa da etiraf etməliyik ki, o zaman biz səsimizi nəinki dünyaya, heç ölkə paytaxtı olan Bakıya çatdırmaq üçün yetərli informasiya resurslarına malik deyildik. Naxçıvanda fəaliyyət göstərən Naxçıvan televiziyası və “Şərq qapısı” qəzetinin əhatə dairəsi isə elə muxtar respublikanın ərazisi ilə sərhədlənirdi.
1996-cı ildən sonra Naxçıvanda başlayan inkişaf və tərəqqi prosesləri kütləvi informasiya vasitələrinin fəaliyyətinə də öz təsirini göstərmişdir. Lakin bu dəyişikliklər hələ informasiya blokadasının tam yarılmasına imkan vermirdi. Dünya isə dəyişir, dünyadakı informasiya axını sürətini artırırdı. Artıq informasiyanın yeni ötürülmə vasitəsi olan “internet” deyilən anlayış meydana çıxmışdı və bizim üçün o, nəisə “qəribə”, “fövqəltəbii” bir qüvvə idi. Naxçıvan Muxtar Respublikası bu fövqəltəbiiliklə ilk dəfə 1999-cu ildə tanış olmuşdur. O zaman yalnız Naxçıvan Kompüter Mərkəzində 8 abunəçi ilə internetə qoşulma imkanı əldə edilmişdir. Lakin qlobal informasiya axınına bu şəkildə qoşulmaq okeanda bir damla misalında idi. Muxtar respublika əhalisinin Beynəlxalq Qlobal İnformasiya və Telekommunikasiya Şəbəkəsinə qoşulmasını təmin etmək məqsədilə 10 may 2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanda yeni internet provayder xidməti – nakhchivan.az abunəçilərin istifadəsinə verilmişdir. Bununla da, Naxçıvanla Azərbaycan, eləcə də dünya dövlətləri arasında olan informasiya blokadasını yarmaq üçün ilkin imkan yaranmışdır. 2005-ci ilin iyun ayında Naxçıvan Trans-Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulmaqla informasiyanın daha sürətli axınını təmin etmək imkanı əldə etmişdir. 2006-cı ildən nakhinternet.az olaraq fəaliyyətinə davam edən xidmətin genişləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 aprel 2010-cu il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzi yaradılmışdır.
Bütün bunlar isə hələlik yalnız bizə istədiyimiz informasiyanı almaq imkanı verirdi. İnformasiya blokadasının yarılması üçün isə informasiyanı almaq yox, onu ötürmək və idarə etmək lazım idi.
Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin internetə çıxışı məntiqli və keyfiyyətli şəkildə təmin edilməli idi. Çünki ümumdünya informasiya məkanı artıq informasiyanın kəmiyyətinin deyil, keyfiyyətinin axını mərhələsinə gəlib çatmışdı.
Naxçıvanın kütləvi informasiya vasitələri içərisində ilk dəfə olaraq internet üzərindən səsini ümumdünya informasiya məkanına çatdıran orqan “Naxçıvanın səsi” radiosu olmuşdur. Radio 2006-cı il yanvar ayının 17-dən etibarən www.nakhchivan.az (Naxçıvan Muxtar Respublikasının rəsmi portalı) üzərindən yayıma başlamışdır. Bununla da, muxtar respublikada informasiya blokadasının yarılması istiqamətində daha bir mühüm addım atılmışdır. Artıq internetlə dünya arenasına çıxan “Naxçıvanın səsi” radiosu vasitəsilə dünyanın istənilən nöqtəsindən hər kəs Naxçıvan Muxtar Respublikası haqqında məlumat ala bilərdi. Lakin audio informasiya ötürücüsü olan radionun verdiyi informasiyaların Qlobal İnformasiya Şəbəkəsində qalıcılığı müzakirə mövzusu idi. Yəni dinləyici, sadəcə olaraq, yayım zamanı verilən informasiyanı ala bilirdi. Bir müddət keçdikdən sonra isə onun bu informasiyanı əldə etməsi mümkün deyildi.
Naxçıvanda gedən inkişaf prosesləri, gələcəyə hesablanmış məqsədyönlü addımlar isə bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanırdı. Müxtəlif qüvvələrin əlində alətə çevrilmiş media vasitələrinin xüsusilə internet üzərindən Naxçıvana dezinformasiyalarla dolu hücumları yaxın keçmişimizin reallıqlarıdır. Ümumdünya İnternet Şəbəkəsinin inkişafı isə artıq sosial şəbəkələri insanların həyatının ayrılmaz tərkib hissəsinə çevirir, yayılan informasiyaların sürətini daha da artırırdı. Ardıcıl olaraq ötürülən dezinformasiyalar isə cəmiyyətdə çaşqınlıq yaradırdı. Belə bir vəziyyətdə Naxçıvanın müxtəlif ziyalıları, gəncləri, media təmsilçiləri bu yalan informasiyaları təkzib yolunu sosial şəbəkələrdə çoxminli qrupların yaradılmasında görür, ölkə paytaxtında və yaxın xarici ölkələrdə müxtəlif media qurumları ilə əlaqələr yaradılır və doğru informasiyanın cəmiyyətə çatdırılması yolunda addımlar atılırdı. Bu gün sosial şəbəkələrdə Naxçıvana aid ən çoxsaylı üzvlərə malik olan qruplar (“Naxçıvan gəncləri”, “Naxçıvan həqiqətləri” və sair) məhz belə bir vəziyyətdə meydana çıxmışdı. Bu yerdə, təbii ki, biz paytaxtda fəaliyyət göstərən televiziya və qəzetlərin Naxçıvandakı bölgə müxbir postlarının da rolunu unutmamalıyıq.
95 yaşlı “Şərq qapısı” qəzeti Naxçıvanın əsas mətbu orqanı olmaqla daim muxtar respublika həyatının müxtəlif istiqamətlərini işıqlandırmış və XX əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanın haqq səsinin eşidildiyi əsas tribunaya çevrilmişdir. Naxçıvanın informasiya blokadasının aradan qaldırılması istiqamətində atılmış addımlardan biri də məhz “Şərq qapısı” qəzetinin internet saytının istifadəyə verilməsidir. 1993-cü ildən sonra öz inkişafının yeni mərhələsinə qədəm qoyan “Şərq qapısı”nın beynəlxalq informasiya məkanına çıxış əldə etməsi uzun illər ərzində qəzetin fəaliyyətində kəmiyyət və keyfiyyət dəyişikliklərinə xidmət edən addımların atılmasından sonra mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra “Şərq qapısı” qəzetinin maddi-texniki bazası gücləndirilmiş, bu qocaman mətbuat orqanının normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılmışdır. 2010-cu il iyulun 22-də – milli mətbuatımızın yaranmasının 135-ci ildönümü günündə qəzet redaksiyası üçün yeni bina istifadəyə verilmiş, qəzetin rəngli nəşrinə başlanılmışdır. 2012-ci ilin 17 dekabrında isə www.serqqapisi.az internet ünvanı ilə “Şərq qapısı” qəzeti təkcə ölkə hüdudlarında deyil, bütün dünyadakı oxucuların görüşünə gəlmişdir. Naxçıvandan dünyaya rəsmi təsdiqlənmiş, dəqiq informasiya ötürən “Şərq qapısı” qəzetinin fəaliyyəti nəticəsində Naxçıvanla bağlı yayılan heç bir əsası olmayan informasiyaların qarşısı alınmış, Naxçıvan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması üçün şərait yaranmışdır. Əgər “Naxçıvanın səsi” ilə yalnız onlayn rejimdə audio informasiya almaq mümkün idisə, “Şərq qapısı”nın saytı vasitəsilə oxucu Naxçıvanla bağlı istənilən informasiyanı istənilən zamanda almaq imkanı əldə etmiş, qlobal informasiya məkanına çıxış bu mətbu orqanın üzərinə düşən məsuliyyəti daha da artırmış və informasiyanın keyfiyyət həddinin hüdudsuzluğu prinsipi kollektivi yaradıcı axtarışlara sövq etmişdir.
Rəsmi kütləvi informasiya vasitələrinin Qlobal İnformasiya Məkanına çıxışı ilə yanaşı, qeyri-rəsmi və özəl media quruluşlarının yaranması zərurəti isə 2015-ci il iyun ayının 15-dən fəaliyyətə başlayan, Naxçıvanda bir qrup tədqiqatçı və jurnalistlərin tribunasına çevrilən “Naxçıvan Xəbərləri” informasiya saytının (naxcivanxeberleri.com) meydana çıxması ilə nəticələnmişdir.
Təbii ki, dünyada sürətli internetin təmin olunduğu bir zamanda bəzən insanlar üçün yüz dəfə eşidib, oxumaqdansa, bir dəfə görmək prinsipi keçərli olur. Başqa sözlə desək, muxtar respublikada gedən inkişaf və tərəqqinin dünyaya görüntülü çatdırılması çox vacib istiqamətlərdəndir. Naxçıvan mediasının əsas sütunlarından biri olan Naxçıvan Dövlət Televiziyası və Radiosunun ötən illər ərzində maddi-texniki bazasının gücləndirilməsi, peşəkar jurnalist kadrların yetişdirilməsi və işə cəlbi istiqamətində də davamlı və məqsədyönlü işlər həyata keçirilmiş, televiziyanın yüksəkkeyfiyyətli yayımına nail olunmuşdur. 2016-cı il oktyabr ayının 17-si isə həm televiziyanın, həm də, ümumilikdə, muxtar respublikamızın tarixinə əlamətdar gün kimi daxil olmuşdur. Naxçıvan televiziyasının ən yüksək səviyyədə, peşəkar prinsiplərlə hazırlanmış internet saytı istifadəyə verilmiş və internet üzərindən televiziyanın yayımına başlanılmışdır.
Bu isə Naxçıvanın informasiya blokadasının yarılması yolunda ən böyük addım olmuş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən belə qiymətləndirilmişdir: “Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması dövlət müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması deməkdir”.
Bununla da, muxtar respublika miqyaslı rəsmi media orqanlarının internet üzərindən yayımının tam təmin edilməsi başa çatdırılmışdır. Kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dövlət dəstəyi, eləcə də mətbuatın inkişafı üçün azad fəaliyyət imkanları muxtar respublikanın media üfüqlərində yeni-yeni informasiya vasitələrinin görünməsinə və görünəcəyinə təminat verir. Elə bu günlərdə bir qrup gəncin təşəbbüsü ilə fəaliyyətə başlayan yeni informasiya portalı – mediaktiv.az da bu sıradadır.
Əvvəldə qeyd etdiyimiz kimi informasiyanın keyfiyyət həddi hüdudsuzdur. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin dünəndən bu günə keçdiyi yol bunu bir daha sübut edir. Deməli, muxtar respublikanın informasiya məkanında informasiya vasitələrinin kəmiyyəti və keyfiyyəti də artmalıdır... Yalnız ana dilimizdə deyil, həm də xarici dillərdə.
Bu gün informasiyanın daha keyfiyyətli əldə edilməsi və ötürülməsi üçün sürətli internetin olması, onun mobilliyi əsas şərtlərdən biridir. Naxçıvanda bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycanın mobil rabitə bazarına 4-cü nəsil rabitə operatoru kimi daxil olan “Naxtel” bu gün həm də insanların internetə sürətli və keyfiyyətli çıxışını təmin edir. Hazırda 98 baza stansiyası vasitəsilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edən yeni əsrin rabitə operatoru adlandıra biləcəyimiz “Naxtel”in hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber-optik kabel xətləri çəkilmiş və saniyədə 1Gb informasiya daşıya bilən avadanlıqlar qurulmuşdur.
Naxçıvanın informasiya blokadasının yarılmasında son illər muxtar respublikamıza gələn xarici jurnalistlərin hazırladıqları yazıların dünya mediasında dərc olunması da mühüm rol oynamışdır.
Beləliklə, ərazisinin 83 faizində genişzolaqlı internet olan Naxçıvan Muxtar Respublikası informasiya blokadasını tam yara bilmişdir. Naxçıvan informasiya blokadasından informasiya təhlükəsizliyinin etibarlı qorunduğu bir muxtar respublikaya çevrilmişdir. İndi qalır bu imkanlardan Naxçıvanın tarixinin, mədəniyyətinin, turizm potensialının təbliği üçün səmərəli istifadə etmək.
Elnur Kəlbizadə
Yazı “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinə
təqdim olunmaq üçündür