Ana təbiətin əsas qoruyucu vasitələrindən biri yaşıllıqların mühafizəsi və artırılmasıdır. Yaşıllıqlar ekoloji mühitin tarazlığının saxlanılması ilə yanaşı, həm də sağlamlıq mənbəyi rolunu oynayır. Müdriklərimizin “Harada yaşıllıq varsa, orada həyat var” fikri də təbiətə qayğı göstərməyin vacib olduğunu təsdiqləyir.
Müasir dövrdə yaşıllıqların artırılması yönündə atılan hər bir addım bizə sağlam mühitdə yaşamağa və təbiətin saysız-hesabsız nemətlərindən hərtərəfli istifadə etməyə şərait yaradır. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, 2016-cı ilin payız mövsümündən indiyədək 274,7 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 97 min 308 ədəd meyvə, 64 min 800 ədəd meşə ağacı, 3100 ədəd həmişəyaşıl ting, 17 min 200 üzüm kolu, 37 min 542 ədəd gül və bəzək kolları əkilib. Ümumilikdə, 90,4 hektar sahədə yeni meyvə bağları salınıb, 184,3 hektar sahədə isə əkin-bərpa işləri aparılıb.
Məlumatda qeyd olunur ki, yaşıllaşdırma işləri hava şəraitinə uyğun olaraq davam etdiriləcək.
Xəbərlər şöbəsi