25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində “Gənclərin dövlətin ictimai-siyasi və mədəni həyatında rolu” mövzusunda  tədbir keçirilib. 

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov çıxış edərək Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən bəhs edib. Qeyd olunub ki, Azərbaycan gəncliyinin aparıcı, avanqard qüvvə kimi formalaşdırılması dövlət strategiyasının əsas prioritet istiqamətlərindəndir. Rektor universitetdə təhsil alan gənclərin elm, təhsil, mədəniyyət, idman sahəsində bir sıra əhəmiyyətli uğurlar qazanmasından, onların fiziki və mənəvi tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, intellektual inkişafı üçün görülən işlərdən danışıb.
Tədbirdə Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə elmlər doktoru Qərib Allahverdiyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev, universitetin Tələbə İnformasiya Mərkəzinin əməkdaşı Uğur Məmmədov, Mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan müasir Azərbaycan gəncliyinin müstəqil dövlət quruculuğunda, cəmiyyətdəki ictimai proseslərdə, milli-mənəvi dəyərlərimizin yaşadılmasında və təbliğində müstəsna rolundan danışıblar. Muxtar respublikada dövlət idarəetmə strukturlarında, ictimai işlərdə potensial qüvvə kimi gənclərin hər zaman irəli çəkilməsi onlara göstərilən yüksək etimad kimi dəyərləndirilib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan gənc­lərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi forma­laşmasına xidmət edən gənclər siyasətinin əsasını xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsi təşkil edir. Çıxış edənlər gəncləri Vətəni sevməyə, öz tarixi keçmişinə və əxlaqi dəyərlərinə, dövlətçilik ideyalarına sədaqət göstərməyə, zəngin bilik və dünyagörüşünə malik olmağa, siyasi səbatlılığa, milli təfəkkürə sahiblənməyə, zərərli ideologiya və vərdişlərdən yayınmağa səsləyiblər.
Tədbir diskussiya şəklində davam edib, tələbələrin sualları cavablandırılıb, təkliflər səsləndirilib.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR