25 Dekabr 2024, Çərşənbə

Ölkəmizin ən yeni tarixində Naxçıvan Muxtar Respublikasının inkişafı ilə bağlı yazılmış səhifələr parlaq yer tutur. Bu, elə bir dövrdür ki, Naxçıvan müasirləşib, abadlaşdırılan kəndlər, şəhərlər rifaha qovuşub. Bütün bunları – bu günlə keçmişin mənzərəsini ortaya qoyub müqayisə apardıqda keçilən yolun, yaranmış fərqin canlı şahidi oluruq. Təkcə Babək rayonunun deyil, muxtar respublikamızın və ölkəmizin ən böyük kənd yaşayış məntəqələrindən biri olan Nehrəmin dünəni və bu günü də beləcə, bir-birindən çox fərqlidir.

Nehrəm kəndi özünün maraqlı tarixi və müasir inkişafı, insanlarının məşğuliyyəti, onların vətənpərvərliyi, təəssübkeşliyi, torpağa bağlılığı ilə həmişə diqqəti cəlb edib. Kəndin adı çoxlarına yaxşı tanış olan bir toponim kimi, ümumiyyətlə, Naxçıvanın qədim tarixi ilə də həm­ahəngdir. Tədqiqatçıların Naxçıvan, Nuhçıxan, Nehrəm, Nəhəcir kimi adların bəşəriyyətin ikinci atası hesab edilən Nuh Peyğəmbərin adı ilə bağlı olduğunu göstərməsi, eləcə də bu yaşayış məntəqələrinin yaşının tarixin ən qədim qatlarınadək gedib çıxması bu fikirləri daha da qüvvətləndirir. Nehrəmlilərin XX əsrin əvvəllərində və 1990-cı illərdə cərəyan etmiş hadisələrdə fəal iştirakı, onların ölkəmizin torpaq bütövlüyü və Naxçıvanın müdafiəsindəki qəhrəmanlığı bu gün də yaddaşlarda yaşayır. 1990-cı illərin əvvəllərində, ulu öndər Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə məhz Nehrəm kəndindən Azərbaycan Ali Sovetinə deputatlığa namizəd irəli sürülməsi və dahi şəxsiyyətin Nehrəmə həmişə qayğı göstərməsi xüsusilə qeyd olunmalıdır. Beləcə, ötən müddət ərzində Nehrəm kəndi bütün Naxçıvanla birgə böyük bir inkişaf yolu keçərək bu gün görənləri heyrətə salan müasir şəhər görkəmli iri yaşayış məntəqəsinə çevrilib.

Keçdiyimiz ötən günlər də nehrəmlilər üçün yaddaqalan olub. Belə ki, cari il noyabr ayının 11-də Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsinin istifadəyə verilməsi ilə kəndin yol infrastrukturu tamamilə yenilənib. Bu yolun yenidən qurulması Nehrəm və onun ətrafındakı yaşayış məntəqələrində sakinlərin rahat həyatı və qaynar təsərrüfat fəaliyyəti üçün yeni imkanlar açıb. Ölkə Prezidentinin Azərbaycanın hər bir guşəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan öz bəhrəsini alan Nehrəmdə də bütün sosial tələbatlar artıq tam şəkildə ödənilməkdədir. Belə ki, son illər kənddə geniş abadlıq-quruculuq işləri aparılıb. Burada xəstəxana binası, 3 tam orta məktəb, kənd mərkəzi, uşaq musiqi məktəbi, ticarət mərkəzi, iki məişət evi, Cəlil Məmmədquluzadənin xatirə muzeyi və digər mühüm sosial-mədəni obyektlər istifadəyə verilib. Bütün bunlar Nehrəmdə bu gün yaradılan, nehrəmlilərin rahatlığı üçün tikilən, qurulanlardır.
Müasir görüntüsü şəhəri xatırladan Nehrəm kəndindən danışdıqda 20 il əvvəlki blokada dövrünün çətinlikləri bir daha göz önünə gəlir. Bu kəndin yaşlı insanları həmin dövrün problemlərini yaxşı xatırlayırlar. Kənd sakini Tofiq Abutalıbov deyir ki, Naxçıvan şəhərindən cəmi 9 kilometr məsafədə olsa da, həmin vaxt gün ərzində cəmi iki dəfə bu kəndə sərnişin nəqliyyatı əlaqəsi var idi. Bu gün 10 dəqiqədən bir Naxçıvan şəhərinə işləyən lüks sərnişin avtobuslarının xidmətindən istifadə edən Nehrəm sakinləri artıq həmin dövrdəki toz-torpaqlı yollarda çəkdikləri əziyyətləri çoxdan unudublar. Hazırda Nehrəmdə 3000-dən çox təsərrüfat vardır. Başqa sözlə, kəndin əhalisi həmin dövrdən bəri, təqribən, iki dəfə artıb, 15 min nəfəri ötüb. Təkcə son illər burada 60-dan çox yeni fərdi ev tikilib. Kənd genişlənib, villatipli müasir evlərin sayı çoxalıb. Bu qədər böyük bir kəndə şəhər standartları gətirən yeni asfalt yollar kəndi üzük qaşı kimi dövrələyir, kəndarası gediş-gəlişi asanlaşdırır.
Nehrəmdəki sosial həyatdan, insanların müasir güzəranından çox danışmaq olar. Bu gün Nehrəmin inkişafından maraqla söhbət aça bilirik. Amma bir vaxtlar adicə su qıtlığının çox kəskin olduğu Nehrəmdə bunlardan kimsə danışa bilməzdi. Nehrəm geniş və bərəkətli torpaq sahələrinə malikdir. Nehrəmdə görüşdüyümüz kənd sakini Hüseyn Rəsulov deyir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində nəinki suvarma suyuna, hətta adamların təmiz içməli suya da tələbatı ödənilməyib. Belə olduqda imkanı olanlar suyu daşdan süzüb içər, qalan camaat da elə arxdan gələn sudan mətbəxdə istifadə edərdi. Amma zaman dəyişildi, ölkəmizin iqtisadi qüdrəti artdı, adamların həyat standartları yüksəldi. İndi Naxçıvandakı iri su anbarlarından çəkilmiş kanallarla Nehrəmin suvarma suyuna olan tələbatı tam ödənilib. Təkcə “Pircüvar” massivində susuz qalmış min hektardan çox əraziyə su verilib, əkin dövriyyəsinə qatılmış torpaqların sahəsi, təqribən, 350 hektar artıb. Naxçıvançayın, Əlincəçayın təmizlənmiş suyundan evlərə, məhəllələrə içməli su çəkilib.
Nehrəmlilər işgüzar insanlardır. Onlar təsərrüfatda və ticarətdə olduğu kimi, elm, təhsil və səhiyyədə də yaxşı tanınıblar. Bu gün Nehrəmdə və ölkəmizin digər yerlərində uğurlu biznes layihələri həyata keçirən çox sayda nehrəmli sahibkarlar vardır. Heç bir kredit dəstəyi almadan qurduğu işi addım-addım böyüdərək yaxşı biznes sahibi olmuş sahibkarlar çoxdur bu kənddə. Burada fəaliyyət göstərən “Xalaoğlu” kəndli fermer təsərrüfatında istehsal olunan məhsullara tələbat getdikcə artır.
Vaxtilə Nehrəmboyu səpələnmiş primitiv dükanların, dəmir köşklərin yaratdığı acınacaqlı bir mənzərə də vardı. Adamlar pul qazanmaq üçün harda gəldi bazar açıb, əlinə keçəni alıb-satardı. Qiymətdə kimin uduzduğunun, keyfiyyətdə kimin aldandığının bəlli olmadığı bir dövrdə hansı firavanlıqdan danışmaq olardı ki? Ancaq indi Nehrəmdə fəaliyyət göstərən 25 mağazalı ticarət mərkəzi, 2 ikimərtəbəli məişət evi, 70 yerlik üstüqapalı bazar kompleksi, ayrıca ət bazarı, lavaş sexləri müasir istehlakçının bütün tələbatlarına cavab verir. Müasir elektron xidmətlər də öz yerində. Sosial həyatın mühüm tələblərindən olan səhiyyə xidmətləri də burada yaxşı təşkil olunub. Nehrəmdəki xəstəxanada göstərilən keyfiyyətli tibb xidmətləri və burada 24 saat işləyən aptek hər kəsin ürəyincədir.
Əkinçilik və maldarlıq Nehrəmin ənənəvi kənd təsərrüfatı sahələridir. Naxçıvana gəlmiş qonağı Nehrəm pendiri və yaxud Nehrəmdə bəslənmiş quzunun kababına qonaq etmək çoxdan dəbdə olan adətdir. Nehrəm qarpızı da öz əkinçisinə yaxşı gəlir gətirir. Taxılçılıq, bostançılıq və heyvandarlıqdan əlavə, indi nehrəmlilər arıçılığa da maraq göstərirlər. Deyirlər ki, kənddə artıq 300-ə yaxın arı ailəsi vardır. Görünür, adamlar təsərrüfatın hər sahəsində özlərini sınamaq istəyirlər. Bu il Naxçıvanda keçirilmiş göycə festivalında Nehrəm göycəsi xüsusi maraq görüb. Qeyd edək ki, həmin festivalda Babək rayonu ilk sıranı tutub. Göründüyü kimi, 20 il əvvəl öz gündəlik qazancını alverdə axtaran Nehrəm kəndlisi bu gün əkinçilik, üzümçülük, bostançılıq, istixana təsərrüfatlarında, emal sənayesində özünə etibarlı gəlir mənbəyi yaradıb. Öz zəhmətinə, torpağın bərəkətinə və dövlətin dəstəyinə arxalanan kəndlinin indi hər cür maddi-texniki təminatı da vardır. Belə ki, 1994-cü ildə cəmi iki ədəd traktor və bir kombayn olan Nehrəmdə hazırda 7 kombayn, 22 ədəd müxtəlif markalı traktor, şum kotanı və digər kənd təsərrüfatı texnikası vardır. Artıq 90-cı illərin əvvəllərində sökülüb-dağıdılmış bağların yerində yeni bağların salınmasına başlanılıb. Belə ki, son illərdə kənddə müasir texnologiya ilə suvarılan 80 hektarlıq təzə üzüm bağı salınıb, daha 50 hektarda belə bağ salınması nəzərdə tutulub.

Nehrəmlilər inanclarına sadiq insanlardır. Keçmişdə mövcud olmuş heç bir qara-qorxu onları dinimizə olan inancından döndərməyib, Nehrəm camaatı bütün dini ayinlərini yerinə yetirib. Cəmiyyətimizin müasir inkişaf mərhələsində isə bu inamın yaşanması, insani və ümumbəşəri duyğuların təbliği üçün hər cür şərait yaradılıb. Nehrəmdə hazırda mövcud olan 9 məscid və 1 imamzadə dindar­ların ixtiyarına verilib. Bu yaxınlarda açılışı olmuş yeni məscid isə dindar­ları çox sevindirib.
Nehrəm kəndi öz həyatının yeni bir mərhələsini yaşayır, inkişaf edir. Kəndin bostançısından tutmuş ziyalısınadək burada hər kəs öz işi ilə məşğuldur. Kimi qışa hazırlaşır, kimi məhsulunu tədarük edir, kimi isə ona həvalə olunmuş vəzifəni yerinə yetirməklə bu günün işini sabaha saxlamamağa çalışır. Burada hamı bilir ki, bu gün vaxtında görülən hər iş sabahkı inkişafın təminatıdır. Yaxşı yaşamaq, həyatını daha yaxşıya doğru dəyişmək istəyirsənsə, daim nəsə düşünməli, yeniliklər tətbiq etməlisən, – deyir nehrəmlilər.
Bəli, Nehrəmdə çox dəyişikliklər vardır. Burada tək dəyişilməyən milli dəyərlərimizə olan bağlılıq, dinimizə olan ehtiram, müstəqil dövlətimizin inkişafı naminə çalışmaq əzmidir. Bu, keçmişdə də belə olub.

 Əli Cabbarov
Yazı “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinə
təqdim olunmaq üçündür

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR