25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin, tələbələrin, idmançıların muzeylərə kollektiv gedişi davam etdirilir.
Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.
Məlumat verilib ki, görkəmli şair-dramaturq Hüseyn Cavidin ev-muzeyi ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar 1982-ci ildə vaxtilə onun yaşadığı evdə yaradılıb. Muzeyin fondunda 9 mindən yuxarı eksponat qorunub saxlanılır ki, hazır­da bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunmuş kitablar görkəmli ədibin həyat və yaradıcılığı barədə dolğun təəssürat yaradır.

Xatirə kompleksini ziyarət zamanı qeyd olunub ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. 1982-ci ilin noyabr ayında məhz ulu öndərin təşəbbüsü və böyük qayğısı nəticəsində ölməz şairin nəşi Uzaq Sibirdən öz doğma yurduna – Naxçıvan torpağına gətirilib, burada dəfn olunaraq xatirəsi əbədiləşdirilib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə ədibin məzarı üzərində əzəmətli məqbərə ucaldılıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.
Noyabrın 26-da Naxçıvan şəhərində fəaliyyət göstərən digər muzeylərə də müxtəlif nazirliklərin, komitələrin və agentliklərin gedişləri təşkil edilib. Həmin gün Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin kollektivləri Xatirə Muzeyində, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Bəhruz Kəngərli Muzeyində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar və Səhiyyə nazirliklərinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika, Meliorasiya və Su Təsərrüfatı komitələrinin, Tele­viziya və Radio Şurasının, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və “Şərq qapısı” qəzetinin kollektivləri Ədəbiyyat Muzeyində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Miqrasiya və Baytarlıq xidmətlərinin kollektivləri Dövlət Bayrağı Muzeyində olublar.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası, Dövlət Sosial Müdafiə Fondu və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları Heydər Əliyev Muzeyini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin kollektivləri “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksini, Daşınmaz Əmlak və Torpaq Məsələləri, Standartlaşdırma, Metrologiya və Patent, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR