Naxçıvan Dövlət Universitetində “Arıçılıq məhsullarının istehsalı metodları və arıçılıqda qış qayğıları” mövzusunda seminar keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq heyvandarlığın ən perspektivli sahəsi kimi arıçılığın inkişaf etdirilməsi ilə bağlı mühüm qanun və sərəncamların imzalanması, universitetdə arıçılıqla bağlı beynəlxalq konfransların, elmi nəşrlərin həyata keçirilməsi, müvafiq ixtisasın tədrisi ilə bağlı laborator şəraitin yaradılması, muxtar respublikada damazlıq və ana arı yetişdirilməsi, zoobaytar tədbirlərin gücləndirilməsi ilə bağlı məlumat verib.
Universitetin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov “Müasir metodlarla çiçək tozcuğu istehsalı texnologiyaları” adlı məruzəsində çiçək tozcuğunun tərkibi, əhəmiyyəti, istifadə sahələri barədə məlumat verərək bildirib ki, çiçək tozcuğu (polen) kənd təsərrüfatı zərərvericiləri ilə mübarizə məqsədilə dərmanlama aparılmamış ərazidə yerləşdirilməli, sağlam arıların bəsləndiyi, gigiyenik və sanitariya cəhətdən yararlı arıxanalardan toplanmalı, kölgəli, açıq havada nəmliyi 2,5-7 faiz olanadək qurudulmalıdır. Qurudulmuş tozcuq yad maddələrdən təmizlənərək hava keçirməyən şüşə qablarda 1-20 C-də saxlanılmalıdır.
“Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Vaqif Məmmədov “Arıxanalarda qış qayğıları” məruzəsində bildirib ki, qapalı qışlama zamanı arıxanaya giriş-çıxış minimum olmalı, pətəklər yerdən 25-30 santimetr yüksəklikdə yerləşdirilməli, uçuş bazası pəncərə toru ilə tutulmalı, havalandırma qurğuları açıq saxlanmalıdır. Qışlama yerində qızdırıcıdan istifadə edilməməli, havanın temperaturu sabit saxlanmalı, –20 C + 40 C-yə qədər olmalıdır. Açıq havada qışlama zamanı günəşli, küləksiz yer seçilməli, arıxananın ətrafı hasarlanmalıdır. Pətəklərin uçuş bazası məhdudlaşdırılmalı, arıların qış azuqəsi üçün bal saxlanmalıdır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı məruzəsində vurğulayıb ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafında, yüksək məhsuldarlığa nail olunmasında əhəmiyyətli nailiyyətlər əldə edilməsinə təkan verəcək. Qeyd olunub ki, hazırda regionda arıçılıqla 4 mindən artıq sahibkar məşğul olur. 2016-cı ilin yanvar ayına olan məlumata görə, muxtar respublikada 70396 arı ailəsi vardır. 2015-ci ildə 1396 ton bal istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə çoxdur. Məruzəçi arıçılıqda müasir texnologiyanın tətbiqi, bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi, arıçılıq məhsullarının istehsalı, tədarükü, emalı və satışında qazanılan uğurlardan da danışıb.
Mehriban SULTAN