25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvanın dini turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Nurlan Tağıyev açaraq bildirib ki, Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı vardır. Bu sırada Əshabi-Kəhf ziyarətgahı xüsusi yerə malikdir. Daş mağarada haqqın ədalətinə sığınıb ondan mərhəmət gözləyənlər kimi, sonsuzluq qavramını da kainatın dərinliklərində deyil, elə yaşadığı şəhərin lap yaxınlığındakı təbiət möcüzəsində axtaranlar üçün qədim Naxçıvanın müqəddəs məkanları, onun Əshabi-Kəhf ziyarətgahı hamının axtardığı bir yerdir.

Tədbirdən sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil edilib. Burada onlara məlumat verilib ki, Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində (“Əl-Kəhf” - “Mağara”) bəhs edilir. “Əshabi-Kəhf” kimi tanınan mağaralar Kiçik Asiya və Fələstinin, Türkiyənin ərazisində də var. Lakin “Qurani-Kərim”də göstərilən bir çox məlumatlar, xalq arasında mövcud olan rəvayətlər və bəzi tarixi faktlar müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu aydınlaşdırır. Burada coğrafi cəhət oxşarlığı xüsusilə diqqəti cəlb edir. Bu məsələ “Qurani-Kərim”in 18-ci surəsinin 17-ci ayəsində belə açıqlanır: “Baxsaydın, Günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...” Mağaranın içərisinə girəcəkdən baxarkən (yəni girişdən sağ və sol nəzərdə tutulur), məhz Naxçıvandakı Əshabi-Kəhfdə içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür.
Ekskursiyadan sonra bir neçə ziyarətçi ilə də görüşüb söhbət etdik. Türkiyəli tələbələrdən Özlem Nefis, Nurten Ezgi Ceylan, Doğan Özdemir, Merve Akkuş, Orhan Polat, Ekrem Dutka, Halil İbrahim Dursun, Muhammet Ali Kement və başqaları söhbət zamanı bildirdilər ki, Naxçıvan Azərbaycanın tarixini, mədəniyyətini dünyaya təqdim etmək üçün ideal məkandır. Ekskursiya zamanı öyrəndik ki, burada baş verən hadisə İslam dininin yayılmasından xeyli əvvəl olub. Bu da onu deməyə əsas verir ki, Əshabi-Kəhf ziyarətgahı, əslində, dünyadakı bütün din mənsublarının ziyarətə gələ biləcəyi bir yerdir. Bu məkanın çox gözəl aurası var. Burada mağaradakı divara niyyət tutub daş yapışdırdıq, “Cənnət bağı”na çıxaraq daşları üst-üstə qoyduq, niyyət edib damcı düşməyini gözlədik. Bütün bunlar çox maraqlı idi. Ekskursiya yüksək səviyyədə təşkil olunmuşdu. Belə tədbirlərin tez- tez təşkil edilməsini arzulayırıq.
İran İslam Respublikasının Təbriz şəhərindən olan tələbə Rza Əlizadə, Nigeriyadan olan Yusif Abdullahi isə bildirdilər ki, Əshabi-Kəhfi ziyarət etməkdən böyük sevinc hissləri keçirirlər. Ziyarətgahda təmizliyə ciddi riayət olunması çox diqqətçəkicidir. Bu müqəddəs ziyarətgaha gəldikləri üçün ən savab işlərdən onlara da pay düşdüyünə inanırlar. Bütün bunlara görə tədbirin təşkilatçılarına minnətdardırlar.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR