25 Dekabr 2024, Çərşənbə

“Naxçıvan” Universitetində bu mövzuda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, müasir dünyada cərəyan edən iqtisadi məsələlərin öyrənilməsi, yeni iqtisadi şəraitdə iqtisadi fəallığın daha da artırılması bu sahə ilə məşğul olanların qarşısında duran əsas məsələlərdəndir. Rektor vurğulayıb ki, ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının əldə etdiyi iqtisadi inkişaf səviyyəsində istər sahibkarların, istərsə də iqtisadçı kadrların qarşısında mühüm vəzifələr dayanır.
“Aqrar sahədə yeniləşmə və iqtisadi inkişaf” mövzusunda çıxış edən universitetin İqtisadiyyat kafedrasının müdiri, dosent Dilsuz Qasımov bildirib ki, kənd təsərrüfatının inkişafı ölkəmizdə və muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi həmişə diqqətdə saxlanılır. O qeyd edib ki, hələ ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanın sahib olduğu münbit torpaq, su və iqlim ehtiyatlarından səmərəli istifadə edilməklə qısa müddətdə ölkəmiz keçmiş ittifaq səviyyəsində ön sıralara çıxarılıb. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu və müstəqil ölkəmizə rəhbərlik etdiyi dövrdə aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində qısa müddətdə Azərbaycanda ərzaq problemi uğurla həll edilib. Müstəqilliyimizin ilk illərində Naxçıvanda aparılmış uğurlu aqrar islahatlar, ölkəmizdə aqrar sahənin inkişafına yönəldilmiş stimullaşdırıcı tədbirlər, torpaq mülkiyyətçilərinin və fermerlərin problemlərinin həll edilməsi hesabına aqrar sahədə yeniləşmə və inkişafa nail olunub.

“Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə qeyd edib ki, yerli potensialdan səmərəli istifadəyə əsaslanmaqla iqtisadiyyatın şaxələndirilməsi, regionun əmək və təbii ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bildirilib ki, cari ilin 10 ayının nəticələrinə görə, Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 1 milyard 999 milyon manatdan, onun bir nəfərə düşən həcmi isə 4470 manatdan artıq olub. Muxtar respublikada sahibkarlığın inkişafına verilən diqqətin nəticəsidir ki, hazırda regionda 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Vurğulanıb ki, hazırda naxçıvanlı sahibkarlar ağır sənayedə, kənd təsərrüfatında, turizm və emal sektorunda uğurlu layihələr həyata keçirirlər.
“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı, dosent Ceyhun Mahmudov “Regional inkişaf və iqtisadi təhlükəsizliyin təmin edilməsi problemləri” mövzusunda çıxış edib.
İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Aydan Nabatovanın “Ərzaq təhlükəsizliyi” mövzusundakı çıxışı da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR