25 Dekabr 2024, Çərşənbə

Bu yaşayış məntəqəsi muxtar respublikanın müasirliyə qovuşan kəndləri sırasına qoşulub

Bu il qədim Naxçıvan torpağının daha bir yaşayış məntəqəsi – Ordubad rayonunun Baş Dizə kəndi də müasirliyə qovuşub. Oktyabrın 28-də burada kənd tam orta məktəbinin, kənd və xidmət mərkəzlərinin yeni binaları istifadəyə verilib. Aparılan quruculuq tədbirləri bu kiçik yaşayış məntəqəsinin sakinlərinə böyük sevinc hissləri yaşadıb. Kənddən keçən Gilançay üzərindəki körpünün təmir edilməsi, istinad divarı tikilməsi, kəndin rabitə, elektrik və qaz xətlərinin yenilənməsi, 620 metr fiber-optik kabelin, 1135 metr müxtəlif tutumlu rabitə, 600 metr elektrik, 6 kilometr müxtəlif diametrli qaz xətlərinin təmir-bərpa edilməsi Baş Dizədə mövcud problemləri aradan qaldırıb.

Baş Dizədə kənd ağsaqqalı, uzun müddət ictimai təsərrüfatda briqadir işləmiş Sultan Əliyevlə burada aparılan quruculuq işləri barədə söhbət etdik. Sultan kişi dedi:
– Babək rayonunun Məzrə kəndində dostum var. Çoxdan idi ki, görüşmürdük. Bu yaxınlarda dostumu görmək üçün Məzrəyə getmişdim. Gördüklərimdən xeyli sevindim. Gözəl məktəb binası, kənd mərkəzi, təzə yol... Dostum yeniliklərə maraqla baxdığımı görüb dedi:
– Görürsən də bizim kəndimizi...

Səmimi deyim ki, dostum “bizim kəndimizi” xüsusi bir formada dedi. Başa düşdüm ki, mənə xatırlatmaq istəyir ki, gör biz necə kənddə yaşayırıq. Cavabında dedim:
– Bizim kənddə də tikinti işləri aparılır. Bir neçə günə başa çatar. Artıq bu işlər yekunlaşdırılıb. İstəyirəm dostuma sifariş edim, qonaq gəlsin bizə, ona deyim ki, bax gör biz necə kənddə yaşayırıq.
Baş Dizə kənd tam orta məktəbinin direktoru Şükür Həsənov deyir ki, kənddə geniş quruculuq işlərinin aparılması, yeni obyektlərin istifadəyə verilməsi bu yaşayış məntəqəsinin sakinləri üçün həm də onunla əlamətdardır ki, bu tədbir ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində baş tutub. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dedi: “Hər bir ölkənin gələcəyi məktəbdə hazırlanır. Ulu öndəri­miz deyirdi ki, “Təhsil alan hər bir gənc ölkəmizin gələcəyidir”. Bu səbəbdən də ölkəmizdə təhsilin inkişafına, məktəb tikintisinə xüsusi diqqət yetirilir, müasir tədris şəraiti yaradılır. Həyata keçirilən tədbirlər imkan verir ki, ölkəmizin bütün bölgələrində gənclər hərtərəfli təhsil alsın, vətənpərvər böyüsün, özlərini müstəqil Azərbaycanın gələcəyinə hazırlasınlar. Baş Dizə kənd tam orta məktəbi də müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Yaradılan şəraitdən səmərəli istifadə edərək şagirdlərə hərtərəfli təhsil vermək, vətənpərvər və dünyagörüşlü gənclər böyütmək, ölkə­mizin gələcəyini hazırlamaq isə məktəb kollektivinin qarşısında duran vəzifədir”.
Kəndin gələcək perspektivi nəzərə alınaraq tikilmiş 156 şagird yerlik 3 mərtəbəli məktəbdə 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Məktəbin kitabxana fondunda 3 mindən çox kitab var. Geniş və işıqlı idman zalı fiziki tərbiyə dərslərinin tədris proqramına uyğun keçilməsinə və şagirdlərin fiziki hazırlıqlarının artırılmasına, kimya-biologiya və fizika laboratoriyaları həmin fənlərin yüksək səviyyədə tədris olunmasına imkan verib. Bu gün məktəbdə 74 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur. Məktəbə muxtar respublikamızın digər bölgələrindən təyinatla gələn gənc müəllimlər də var. Onlardan biri Naxçıvan şəhərindən gəlmiş ibtidai sinif müəllimi Şəhla İsmayılovadır. Şəhla müəllimə təyinatla işə göndərilən müəllim kadrları üçün müəyyən edilmiş bütün güzəştlərdən yararlandığı, onların istifadəsinə müasir tələblərə cavab verən məktəb binası verildiyi üçün minnətdarlığını bildirərək deyir:
– Bir vaxtlar belə məktəb binalarına rayon mərkəzlərində, böyük şəhərlərdə də rast gələ bilməzdin. O dövr üçün müasir sayılan məktəb binalarından tək-tük qalanlarını bugünkü təhsil ocaqları ilə müqayisə etmək olarmı? Bu gün elektron lövhə, kompüter Naxçıvan məktəblərinin ayrılmaz tərkib hissəsinə çevrilib. Həmin texnologiyaların adlarına ancaq lüğətlərdə rast gələ bilərdin. Bu gün ən ucqar kəndlərimiz üçün belə təchizat adi hala çevrilib. Bizim məktəbin açılışında elektron lövhəli sinifdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə əlaqə yaradıldı. 209 təhsil müəssisəsinin iştirakı ilə distant dərs keçildi.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tövsiyələr gələcək fəaliyyətimizdə bizə öz vəzifəmizi yerinə yetirmək üçün böyük stimuldur: “Məktəbin kollektivi müasir tədris avadanlıqlarından istifadə edərək qarşıya qoyulan vəzifələri yerinə yetirməli, məktəbdə tədrisin səviyyəsi yüksəldilməlidir”. Etiraf edək ki, ötən dərs ili məktəb üçün uğurla başa çatmayıb. Bütün qüvvəmizlə çalışırıq ki, 2016-2017-ci tədris ilində bizə göstərilən qayğıya əməli işimizlə cavab verək. İnanırıq ki, buna nail olacağıq.
Məktəbin yaxınlığında istifadəyə verilən yaraşıqlı kənd mərkəzi barədə danışmazdan əvvəl məlumat üçün bildirək ki, Baş Dizə qonşu Sabir Dizə kənd inzibati ərazi dairəsinin tərkibindədir. Sabir Dizədə bir neçə il əvvəl kompleks qurucu­luq tədbirləri çərçivəsində kənd mərkəzi də istifadəyə verilib. Baş Dizədə kənd mərkəzinin inşa olunması sakinlərin qonşu Sabir Dizəyə getmək problemini həll edib. Belə ki, kənd adamları elə bu mərkəzdə öz problemlərini həll edə bilirlər. Bunun üçün sakinlər adından minnətdarlığını bildirən kənd ağsaqqalı Əsəd ­Məmmədov son illər kənddə sakinlərin təsərrüfata ürəkdən bağlandıqlarını dedi. Bildirdi ki, öz gün-güzəranını torpaqla quran kənd adamları bu qiymətli sərvətin qədrini bilirlər. Kənddə təsərrüfatın müxtəlif sahələri inkişaf etdirilir. Son illər götürülən kreditlər hesabına kənddə 20 hektardan artıq meyvə bağı salınıb, iri və xırdabuynuzlu heyvanların, arı ailələrinin sayı artırılıb.
Qeyd edək ki, mərkəzdə rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün otaqlar, 40 yerlik iclas zalı yerləşir. Kitabxana fondunda 7655 kitab vardır. Rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində Baş Dizə kəndində mühüm tədbirlər görülüb, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılıb, elektron avtomat telefon stansiyası quraşdırılıb. Kəndə fiber-optik xətt çəkilib, sürətli internetə çıxış imkanı yaradılıb. Elə mərkəzin həyətində uzun illər əvvəl mənə Aza kənd tam orta məktəbində riyaziyyat dərsi demiş Bağır İsgəndərovla rastlaşıram. Bağır müəllim hazırda təqaüddədir. Onun söhbəti:
– Bir neçə aydır ki, kənddə yox idim. Bakıda yaşayan nəvələrimi görməyə getmişdim. Ancaq burada həyata keçirilən quruculuq işlərindən xəbərim var idi. Doğrudan da, insana qayğı xalqa ən böyük xidmətdir. Buna görə də dövlətimizə təkcə minnətdarlıq etmək azdır, gərək həm də tikilən yeni obyektləri qoruyub saxlayasan. Buna əminəm. Həmkəndlilərim öz yurd yerlərinə bağlı adamlardır. Belələri yaşadığı məkanın həmişə gözəl, yaraşıqlı olmasını istəyirlər.
Rəfael İsmayılov təsərrüfat adamıdır. Limon becərməklə məşğul olur. Evi kənddə yeni istifadəyə verilən xidmət mərkəzinin yaxınlığındadır. Deyir ki, kəndimizə şəhər görkəmi verilib. Bu, bizim hamımızı sevindirir.
Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Mağazada yerli istehsal məhsullarının satışına üstünlük verilir.
Kənddə yeni istifadəyə verilən obyektlərin açılışından sonra sakinlərlə görüşən Ali Məclis Sədrinin dediyi tövsiyə xarakterli sözlərini xatırlamaq yerinə düşər: “Kənddə aparılan quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Baş Dizə kəndində sosial problemlər həll olunub. İnsanların ölkəmizdə həyata keçirilən siyasi xəttə sədaqət göstərməsi, xalq-dövlət birliyi inkişafın əsas səbəbidir. Ona görə də sakinlər yaradılan şəraitdən səmərəli istifadə etməli, təsərrüfatlar genişləndirilməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, kənd daha da abadlaşdırılmalıdır”.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR