Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Ötən həftə keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunub.
Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Batabat magistral yolunun Nəzərabad kəndi hissəsindəki terrasda və Əliabad qəsəbəsində Şorsu adlanan ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərib, şəhərdəki yaşıllıqlarda bərpa məqsədilə 140 ədəd meyvə ağacı əkiblər.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda Xanlıqlar-Qıvraq yolunun kənarlarında 3 min ədəd meyvə və 100 ədəd meşə, Kərimbəyli və Vərməziyar kəndlərinin müəyyən ərazilərində, ümumilikdə, 260 ədəd meyvə ağacı, Yuxarı Daşarx, Gümüşlü, Həmzəli və Dizə kəndlərində 2750 ədəd meyvə ağacı, Stansiya Daşarx kəndində 470 gül kolu, 60 ədəd həmişəyaşıl ağac əkilib.
Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Rayon sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışaraq Naxçıvan-Şahbuz-Batabat magistral yolunun Nəzərabad kəndi hissəsində 300 ədəd meyvə ağacı, Çeşməbasar-Güznüt kəndləri arasındakı yaşıllıqlarda 1500 ədəd meşə ağacı əkiblər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilib, Naxçıvan-Ordubad magistral yolunun Düylün kəndinə gedən hissəsində 1 hektarlıq ərazidə 500 ədəd üzüm kolu, 3 hektarlıq bağda 2770 ədəd meyvə ağacı, 5 hektarlıq ərazidə 15 min ədəd gül kolu, bərpa məqsədilə 600 ədəd və kəndlərdə, ümumilikdə, 650 ədəd meyvə ağacı əkilib.
Culfa rayonunda keçirilən iməciliklərdə Geoloji Ekspedisiya İdarəsinin həyətində 30 ədəd həmişəyaşıl ağac, 450 ədəd gül kolu və 450 ədəd meyvə ağacı, Culfa şəhərinin girişində 120, yaşayış binalarının ətrafında 30 ədəd həmişəyaşıl ağac, həmçinin binaların ətrafında 250 ədəd gül kolu, şəhərdə yol kənarlarında 250 ədəd meyvə ağacı və bərpa məqsədilə, ümumilikdə, 400 ədəd meşə ağacı əkilib.
Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral yolunun Qabıllı kəndi hissəsində 25 ədəd həmişəyaşıl ağac, Böyükdüz kəndi hissəsində 250 ədəd, Qıvraq-Püsyan avtomobil yolunun kənarlarında bərpa məqsədilə 1600 ədəd meyvə ağacı, Xok kəndinin girişində 48 ədəd həmişəyaşıl ağac əkilib.
Şahbuz şəhərində yeni salınmış 0,6 hektarlıq bağda 530 ədəd meyvə, Kolanı-Biçənək kəndləri arasındakı yol kənarlarında 410 ədəd meşə ağacı və bərpa məqsədilə, ümumilikdə, 140 ədəd meyvə ağacından istifadə edilib.
Sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun kənarlarında 700 ədəd meşə, Sədərək kəndində 500 ədəd meyvə ağacı və rayondakı park və xiyabanlarda 1500 ədəd gül kolu əkiblər.
Muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılıb.
Xəbərlər şöbəsi