25 Dekabr 2024, Çərşənbə

Xəbər verdiyimiz kimi, noyabrın 17-18-də Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpozium keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İqdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpozium iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan və Samsun 19 May Universitetinin müəllimi İbrahim Tellioğlu keçirilən tədbirin əhəmiyyəti və Naxçıvanla bağlı təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüblər.

Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan: – Bildiyiniz kimi, keçirilən beynəlxalq elmi simpoziumun adı “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlanır. Naxçıvan Mərkəzi Araz adlandırdığımız coğrafi bölgənin mərkəzində yerləşir. Naxçıvan Böyük İpək Yolunun həm Anadoluya, həm də Asiyaya keçid nöqtəsidir. Bu baxımdan Naxçıvan əhəmiyyətli tarixi bir bölgədir və belə bir beynəlxalq tədbirin burada keçirilməsi daha məqsədəuyğundur. Simpoziuma gəldikdə onu deyə bilərəm ki, tədbir çox gözəl keçdi, burada Azərbaycan Milli Elmlər Akademiyasından və onun Naxçıvan Bölməsindən, Azərbaycanın və Türkiyənin bir çox universitetlərindən elm adamları iştirak edirdilər. Məruzələr zamanı bölgənin tarixi, coğrafiyası, etnoqrafiyası, ədəbiyyatı ilə bağlı maraqlı fikirlər bildirildi, müzakirələr aparıldı. Elmi simpoziumun nəticələri ilə bağlı dəyərləndirmələr də hər birimiz üçün maraqlı oldu. Naxçıvanla bağlı təəssüratlarıma gəldikdə isə deyə bilərəm ki, hər bir şəhərin başlanğıc tarixi vardır. Naxçıvanın tarixi isə insanlıq tarixi qədər qədimdir. Çünki Naxçıvandan bəhs edilən mənbələrin heç birində Naxçıvanın yaradılış tarixi ilə bağlı konkret bir məlumat yoxdur. Bu isə o anlama gəlir ki, insanlar Yer üzündə var olduqlarından bəri Naxçıvanda məskunlaşma olub. Naxçıvanın coğrafi mövqeyi də buna uyğundur, çünki bəşəriyyətin tarixi Mesopotamiyada, Araz hövzəsində başlayıb.

Bu baxımdan Naxçıvan və ətrafındakı tarixi məkanlar bizə bu bölgənin tarixi haqqında zəngin məlumatlar verir. Bu gününə gəldikdə isə Naxçıvan müasir, təmiz havası, yaşıllığı və təmizliyi gözoxşayan bir şəhərdir. Dünyanın bir çox şəhərlərində olmuşam, ancaq inanın ki, ən çox sevdiyim şəhərlərdən biri Naxçıvan oldu. Eyni zamanda naxçıvanlılar gülərüz, mehriban, ünsiyyətcil, qonaqpərvərdirlər. Burada özümü vətənimdəki kimi, evimdəki kimi hiss edirəm. Çünki dilimiz, adətlərimiz, mətbəxlərimiz çox oxşardır, demək olar ki, eynidir. Bu baxımdan elmi simpoziumun Naxçıvanda keçirilməsinə çox sevindim.
Samsun 19 May Universitetinin müəllimi İbrahim Tellioğlu: – “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı simpoziumun Naxçıvanda keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki Anadolunun giriş qapısı sayılan Naxçıvan bu ərazinin türk tarixinin öyrənilməsi baxımından böyük rol oynayır. Beynəlxalq elmi simpoziumda da bu haqda məruzələr dinlənildi, müzakirələr aparıldı. Bu tədbir bizə Naxçıvan, ümumilikdə isə Mərkəzi Araz hövzəsi haqqında tarixi, arxeoloji, mədəni həqiqətlərin birgə müzakirəsi baxımından hərtərəfli şərait yaratdı. Azərbaycanlı alimlərlə belə bir mötəbər tədbirdə fikir mübadilələri aparmaq bu bölgəni tədqiq edən tarixçi-alim kimi məni çox sevindirdi. Naxçıvan bəşəriyyətin ilkin yaşayış məskənlərindəndir. Bu isə o deməkdir ki, Naxçıvan əsrlərdən bəri süzülüb gələn mədəniyyətin, sivilizasiyanın beşiyidir. Bu tarix indi də Naxçıvanın köksündə yaşayır. Mən ilk dəfədir, bura gəlirəm, Samsunda danışdığım dili burada da danışıram, orada görüb alışdığım mədəniyyəti burada da görürəm. Bu, Ərzurumdan, Qarsdan, Malatyadan, Türkiyənin digər bölgələrindən gələn insanlar üçün də belədir. Bu, onu göstərir ki, aramızdakı sərhədlər, sadəcə, rəsmi xarakter daşıyır. Əslində, kökü bir, tarixi, mədəniyyəti eyni olan millət üçün sərhədlər heç bir məna kəsb etmir. Naxçıvan Türkiyənin Türk dünyasına açılan qapısıdır. Buradakı bütün toponimlər, adlar türklüyün möhürüdür. Min illərdir, bu adlar Naxçıvanda yaşayır, bundan sonra da yaşayacaqdır. Naxçıvan şəhərini gəzdik, çox xoşumuza gəldi. Tarixlə müasirlik burada iç-içə nəfəs alır. Nə qədər böyük işlər görülsə də, yeni binalar tikilsə də, tarixə toxunulmayıb. Bir tərəfdə yaşı yüz illərlə ölçülən tarixi abidələr, bir tərəfdə isə müasir binalar – Naxçıvanın gözəlliyi də bundadır. Sosioloqlar buna sağlam inkişaf deyirlər. Digər tərəfdən şəhər çox təmiz saxlanılır, səs-küydən əsər-əlamət yoxdur. Sanki şəhər nizamlı olaraq gözəgörünməz bir əllə idarə olunur. Naxçıvanı belə görmək məni çox qürurlandırdı.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR