Naxçıvan şəhərində noyabrın 17-18-də keçirilən “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumun paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından gələn iştirakçıları noyabrın 19-da Ordubad rayonunun gəzməli-görməli yerləri, tarixi abidələri ilə tanış olublar.
Qonaqlar əvvəlcə Ordubad rayonunun Kotam kəndinə gəliblər. Türkiyə və Azərbaycan tarixçiləri Araz çayının sahilində yerləşən Kotam kəndinin adını qədim türk toponimlərinə görə, dağlar arasında qərar tutan yaşayış bölgəsi kimi izah ediblər. Kotam kəndi barədə məlumat verilərək bildirilib ki, bu yaşayış məntəqəsi Naxçıvanda ilk kənd mərkəzinin yaradıldığı yaşayış məntəqələrindən biridir. Kotam 2 yerə ayrılır: qədim Kotam, yeni Kotam. “Qədim Kotam” adlanan ərazi (buna köhnə Kotam da deyirlər) Araz çayından xeyli aralıda yerləşib. 1956-cı ildən sakinlər aşağı enməyə, nisbətən geniş torpaqlarda ev-eşik salmağa başlayıblar.
Azərbaycan və Türkiyə tarixçilərindən ibarət heyət Ordubad şəhəri ilə tanış olub. Bildirilib ki, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən bu şəhərin bol sulu çeşmələri, barlı-bərəkətli meyvə bağları, mehriban insanları həmişə bura gələn səyyahların diqqətini cəlb edib.
Qeyd olunub ki, arxeoloji qazıntılar zamanı əldə olunmuş abidələr Ordubadın tarixinin 7 min il əvvələ söykəndiyini göstərir. Müxtəlif dövrlərdə burada aparılmış tədqiqatlar şəhərin zəngin mədəniyyətə malik olduğundan xəbər verir. Bu yurd yeri məşhur ipəyinə və burada yetişdirilən meyvələrinə görə də tanınıb. Qədimlik və müasirliyin simasını qonaqlara eyni güzgüdə göstərməyi bacaran Ordubad təkcə ölkəmizin deyil, ümumilikdə, qədim Şərqin və Türk dünyasının əsrarəngiz şəhərlərindən biridir.
Şəhərin mərkəzində yerləşən “Cümə” məscidi qədim memarlıq abidəsi kimi qonaqları heyrətə salıb. Onun 1275-ci ildə tikildiyi qeyd olunub. Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində “III tarixi-hicri Ər-Rəşid” sözləri onun yaşını 500 il də artırır.
Ordubad şəhərində başı göylərə çatan çinarlar da beynəlxalq elmi simpoziumun paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından gələn iştirakçılarının diqqətini cəlb edib. Qeyd olunub ki, çinarlar bu qədim şəhərin tarixinə əsrlərdir, şahidlik edir. XX əsrin əvvəllərində buranı ziyarət etmiş Nefodov adlı səyyah yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanışlıq zamanı XII əsrə aid olan bu tarixi abidə haqqında ətraflı məlumat verilib. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş bu binada indi tarixi eksponatlar sərgilənir. Bina 1990-cı ilin may ayından Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Bildirilib ki, böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Abidə bişmiş kərpicdən inşa olunub, hündürlüyü 8,5 metrdir. Binanın 200 kvadratmetr sahədə şəbəkə sistemi, daxili divarları bərpa olunub. Muzeydə 4 minədək eksponat saxlanılır.
Ordubadla tanış olan alimlər qeyd ediblər ki, bütün bu parametrlərinə görə Ordubad yaxın gələcəkdə milli və beynəlxalq festivalların, tarixi və mədəni simpoziumların keçiriləcəyi məkan kimi tanışlıq turizminin əsas mərkəzlərindən birinə çevriləcəkdir.
Qonaqlar Əshabi-Kəhf ziyarətgahı və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.
Rauf Əliyev