25 Dekabr 2024, Çərşənbə

Noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini Azər Zeynalov çıxış edərək demişdir: Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü tamam olur. Bu tarixi gündə partiyamızın və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli­ lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu şad olsun deyirik. Ümummilli liderimiz müstəqilliyimizi qorumaq və daha da möhkəmləndirmək, ölkənin parçalanmasının qarşısını almaq və düşdüyü ağır sosial-iqtisadi böhrandan xilas etmək üçün möhkəm təmələ söykənən ideologiya əsasında Yeni Azərbaycan Partiyasını yaratmış və siyasi fəaliyyət müstəvisinə çıxarmışdır.
Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası 24 il bundan əvvəl, ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yarandı. 1990-1993-cü illərin Azərbaycanı ağır günlərini yaşayırdı. Belə bir şəraitdə qüdrətli liderə və liderin ətrafında birləşmiş güclü siyasi təşkilata ehtiyac bütün kəskinliyi ilə ortaya çıxdı. Xalq Azərbaycanın xilasını Heydər Əliyevdə görür, ümidlərini ona bağlayırdı. Beləliklə, 1992-ci il oktyabrın 16-da Naxçıvanı öz qurucu fəaliyyəti ilə Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəsinin güc mərkəzinə çevirən ümummilli liderimizə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini özündə əks etdirən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ünvanlandı. Ümummilli lider müraciətə 8 gündən sonra tarixi cavabını verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı blokada vəziyyətinə görə lazımi səviyyədə isidilməyən və işıqlandırılmayan Naxçıvan Dövlət Dram Teatrının zalında keçirildi.
“Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi”, – deyən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini vurğulamışdır ki, Heydər Əliyev şəxsiyyəti olmasaydı, Yeni Azərbaycan Partiyasının yaranması, təşkilatlanması və hakim partiya statusu qazanması da mümkün olmayacaqdı. Yeni Azərbaycan Partiyasının təsis edilməsindən sonra dahi liderin ali hakimiyyətə ikinci qayıdışı ölkənin düşdüyü ağır problemlərdən xilasının başlanğıcı oldu. Hakim partiya kimi Yeni Azərbaycan Partiyası qısa zamanda sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata keçirən real siyasi qüvvə kimi özünü təsdiq etdirdi. Bu yolla gedərək müxalifət partiyasından qüdrətli hakim partiyaya, siyasi partiyadan güclü ümumxalq partiyasına çevrildi.
Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycanda gerçəkləşdirilən böyük iqtisadi layihələr, beynəlxalq aləmdə qazanılan uğurlar, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti eyni zamanda Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir. Bu nailiyyətlər partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində də özünü göstərməkdədir. Ötən dövr ərzində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə sadiq qalan Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı yüksək inkişaf və təşkilatlanma yolu keçmiş, partiyamızın sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına genişlənmişdir.
Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində partiyanın şəhər və rayon, eləcə də muxtar respublika təşkilatı müasir tələblərə cavab verən inzibati binalarla təmin olunmuşdur. Yeni yaradılan kənd mərkəzlərində partiya ərazi ilk təşkilatlarına da ayrıca iş otaqları ayrılmışdır. Bir sözlə, partiyamızın muxtar respublika təşkilatı ideya-təbliğat və təşkilati fəaliyyəti həyata keçirmək üçün bütün imkanlara malikdir. Bu imkanlardan muxtar respublikada səmərəli istifadənin nəticəsidir ki, bütün sahələrdə əsaslı nailiyyətlər əldə olunmuşdur. Əldə olunan nailiyyətlər bu siyasətin düzgünlüyünü, Heydər Əliyev quruculuq xəttinə sadiqliyi nümayiş etdirir.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans açıq elan edilmişdir.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov “Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti”, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı”, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov “Naxçıvan Muxtar Respublikasında gənc­lər siyasəti”, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov “Veteranlara dövlət qayğısı ölkə siyasətinin mühüm tərkib hissəsidir”, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Məmməd­ova “Cəmiyyətimizdə qadınların rolu və Yeni Azərbaycan Partiyası”, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva “Yeni Azərbaycan Partiyasının inkişafında rayon təşkilatlarının rolu”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin şöbə müdiri, gənc alim Elxan Məmmədov “Naxçıvan Muxtar Respublikasında elmin inkişafı” və “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Yunis Yaqubov “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı” mövzularında çıxışlar etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, bu gün Azərbaycan iqtidarının, Yeni Azərbaycan Partiyasının qüdrəti, yenilməz gücü ümummilli lider Heydər Əliyevin müstəqillik və dövlətçilik ideologiyasından qaynaqlanır. Naxçıvan Muxtar Respublikasında 21 ildir, həyata keçirilən böyük quruculuq siyasəti, yaradılan ictimai-siyasi sabitlik xalqa olan bağlılığın, dövlətə və Heydər Əliyev ideyalarına olan sədaqətin bariz nümunəsidir. Blokadada olmasına baxmayaraq, muxtar respublikada tikilən binalar, bütün sahələri kompleks şəkildə əhatə edən digər sosial infrastruktur obyektləri, Naxçıvan şəhərində və eləcə də muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan geniş tikinti-quruculuq və abadlıq işləri hər bir sakində böyük iftixar hissi yaradır. Bu siyasətin mühüm nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında cəmləşən partiya üzvləri, siyasi cəhətdən fəal gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir. Partiyanın yarandığı ilk günlərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 1118 nəfəri, 2002-ci ildə isə 20 min nəfəri öz sıralarında birləşdirirdisə, partiyanın yaradılmasının 24-cü ildönümü ərəfəsində üzvlərin sayı artırılaraq 53 mindən çox olmuşdur.
Sonda Gənc Heydərçilər ümummilli liderimiz Heydər Əliyevə, ölkə Prezidenti cənab İlham Əliyevə və Vətənimizə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR