Məlum olduğu kimi, noyabrın 17-18-də Naxçıvan Dövlət Universitetində keçirilən “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı ikigünlük beynəlxalq elmi simpoziumun təşkilatçılarından biri də Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumudur. Qurumun rəhbəri Derya Örslə söhbətimiz də mötəbər elmi tədbirin əhəmiyyəti barədə oldu. O dedi:
– Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq elmi simpoziumun təşkilatçıları sırasında bizim qurumumuza bağlı Atatürk Araşdırma Mərkəzi ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti və İqdır Universiteti də yer alıb. Simpoziumun açılış mərasimində, o cümlədən keçirilən bölmə iclaslarında Mərkəzi Araz hövzəsində yerləşən Naxçıvanın qədim tarixi, burada formalaşan qədim mədəniyyət barədə çox qiymətli elmi faktlar, elmi mülahizələr səsləndirildi, əhəmiyyətli tədqiqatların nəticələri iştirakçılara təqdim olundu. Uzun zamandan bəri yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri apardığımız elmi tədbirin gözləniləndən daha çox faydalı olması bizi sevindirdi.
Bildiyiniz kimi, Türk dünyası çox geniş coğrafiyanı, mədəniyyətləri əhatə edir. Çünki türk milləti Yer kürəsinin ən böyük millətlərindən biridir. Türk millətinin dünya tarixində çox əhəmiyyətli bir yeri var. Türk dünyasının göz bəbəyi olan Naxçıvan da bu baxımdan bəşəriyyətin, insanlığın əldə etdiyi ilkin mədəniyyət ocağı, qədim türk torpağı kimi çox böyük önəmə malikdir. Tarixən bu diyarda formalaşan böyük mədəniyyət Naxçıvanla bərabər, Şərqi Anadolunu da əhatə edib. Bu coğrafiyada formalaşan mədəniyyət, yüzillər ərzində ucaldılan maddi-mədəniyyət nümunələri bizim milli sərvətimizdir. Bu torpaqda yetişmiş tarixi şəxsiyyətlərin adları gördükləri işlər ilə tarixə qızıl hərflərlə yazılıb. Buna görə də Mərkəzi Araz hövzəsindəki dini-mədəni, iqtisadi-siyasi həyatın tarixi dövrlərdə inkişafı, o cümlədən digər mühüm tarixi proseslərin Azərbaycandan və onun Naxçıvan Muxtar Respublikasından, o cümlədən Türkiyədən olan tanınmış elm xadimləri tərəfindən birgə müzakirə edilməsi önəmlidir. Bu mənada, biz iki qardaş ölkənin alimlərinin birgə elmi simpoziumunun keçirilməsinin sevincini yaşayırıq. Çünki Türkiyə ilə Azərbaycan eyni dilə, eyni dinə mənsub olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət”dir. Biz həm coğrafi baxımdan, həm mədəniyyət baxımından çox yaxınıq.
Xüsusilə vurğulamaq istəyirəm ki, belə bir simpoziumun gözəl türk diyarı olan Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində keçirilməsindən çox məmnunam. Bu simpoziumda çıxış edən alimlərimizin elmi məruzələri kitab halında çap olunacaq və beləliklə, daha böyük kütləyə çatdırılacaqdır. Daha çox insan bu kitablardan istifadə edəcək və həmin kitablar elmi araşdırmalarda mənbəyə çevriləcəkdir.
Gələn il Naxçıvan Dövlət Universitetində Türk Dil Qurumunun da iştirakı ilə Azərbaycan və Türkiyə türkcələrinə həsr olunmuş elmi konfrans keçirmək niyyətindəyik. Həmin konfransda türkcənin bu iki gözəl ləhcəsinin keçmişi və bu günü, eyni zamanda ortaq ləhcənin formalaşdırılması barədə müzakirələr aparacağıq.
Onu da qeyd edim ki, mən ilk dəfədir, Naxçıvana gəlirəm. Bundan 25 il öncə blokadaya düşən Naxçıvanda bir sıra ciddi problemlər yaşanıb. Amma bu gün gördüklərim tamam başqa bir mənzərəni əks etdirir. Bu günün Naxçıvanı çox gözəldir, təhlükəsizdir. Naxçıvan sürətlə inkişaf edir. Burada çox gözəl infrastruktur yaradılıb. Kəndlər və şəhərlər abadlaşdırılıb. Ətraf mühit qorunur. Naxçıvan şəhərində müasir binalar inşa olunub. Elm ocaqlarında hər cür şərait yaradılıb. Naxçıvan Dövlət Universitetinin timsalında biz bunu daha aydın görürük. Universitetin çox gözəl kampusu, maddi-texniki imkanları var. Burada təhsilin ən yüksək səviyyədə aparılması üçün hər cür şərait mövcuddur. Bütün bunlar bir daha onu göstərir ki, Naxçıvan müasir dövrün tələblərinə uyğun olan inkişaf səviyyəsinə çatıb, insanların rifah səviyyəsi yüksəlib, yaşayış şəraitləri xeyli yaxşılaşıb. Mən qardaş ölkənin vətəndaşı kimi Naxçıvanın bu səviyyəyə yüksəlməsindən qürur duyuram, sevinc hissləri keçirirəm. Biz istəyirik ki, bütün Türk dünyası da bu səviyyədə yüksəlsin, inkişaf etsin.
Rauf Əliyev