Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İqdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumun bağlanış mərasimində tədbirin yekunları ilə bağlı fikirlər səsləndirilib, aparılan elmi müzakirələr yüksək qiymətləndirilib.
Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan çıxış edərək bildirib ki, mötəbər beynəlxalq elmi simpoziuma hazırlıq işləri yüksək səviyyədə aparılıb, tədbirin keçirilməsi üçün hər cür şərait yaradılıb. Ümumilikdə, simpoziuma 100-ə yaxın elmi məruzə təqdim olunub, lakin onlar arasından 58-i seçilərək simpoziumda səsləndirilib. Bu mövzular tarix, mədəniyyət, hərbi-siyasi, iqtisadi və digər əhəmiyyətli sahələri əhatə edib. Qeyd olunub ki, Mərkəzi Araz hövzəsi zəngin mədəniyyətə, qədim tarixə malik olduğu üçün bu mövzularda məruzələr maraqla qarşılanıb, ciddi müzakirələr aparılıb, yekun nəticələr əldə olunub. İstər Türkiyədən, istərsə də Azərbaycandan olan alimlər həmin müzakirələrdə fəallıqla iştirak edib, təkliflər səsləndiriblər. Naxçıvan Dövlət Universitetinin tələbələri də məruzələri və aparılan müzakirələri maraqla izləyiblər. Biz bir daha xatırladıq ki, bu coğrafiyada böyük bir sivilizasiyanın yaradılması ilə bərabər, qanlı hadisələr də çox olub. Xüsusən ermənilər bölgədə dəfələrlə soyqırımı həyata keçiriblər. Həmin soyqırımları Naxçıvanı və Şərqi Anadolunu əhatə edib.
Mehmet Ali Beyhan beynəlxalq elmi simpoziumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
“Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumun məqsədinə nail olduğunu qeyd edən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib ki, Türkiyə və Azərbaycan alimlərinin bir sıra sahələr üzrə birgə elmi tədbirlər keçirmələri və qarşılıqlı elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərmələri hər iki ölkə üçün faydalıdır. Belə mühüm bir tədbirin Naxçıvanda keçirilməsi isə böyük əhəmiyyət kəsb edir. Çünki bu torpaq dünya mədəniyyətinin yarandığı önəmli məkanlardan biridir. Naxçıvan təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının tarixində özünəməxsus yer tutur. Burada böyük türk mədəniyyəti formalaşıb. Qədim dövrlərdən bəri türk diyarı kimi dünyada şöhrət qazanmış Naxçıvan sivilizasiyanın beşiyi kimi özünü təsdiq edib.
Yaqub Mahmudov Naxçıvanın tarixən Türk dünyasında birləşdirici rol oynadığını, Azərbaycan dövlətçiliyinin yaşadıldığı məkan olduğunu vurğulayaraq qeyd edib ki, bugünkü reallıqda qədim diyar yenə də bu funksiyasını şərəflə yerinə yetirir. Hazırda Türkiyənin Türk dünyası ilə yeganə quru sərhədi Naxçıvanladır. Alim xatırladıb ki, 2009-cu il oktyabrın 3-də Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının Naxçıvanda keçirilməsi də təsadüfi deyil. IX zirvə toplantısında qəbul edilən qərarlar üzv ölkələr arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayıb. Məhz həmin tarixi toplantı zamanı imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi bu təşkilatın yaradılmasının əsasını qoyub. Yəni Naxçıvan yenə də Türk dünyasının həmrəyliyinin, birliyinin təcəssümü olan bir sazişin imzalandığı məkan kimi tarixə düşüb. Bu beynəlxalq elmi simpoziumu da iki qardaş dövlətin elminin zirvə toplantısı kimi qiymətləndirmək olar.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, beynəlxalq elmi simpoziumda tarixi məsələlərlə yanaşı, ədəbiyyat və memarlıq üzrə dəyərli elmi araşdırmaların əsasında hazırlanmış məruzələrin dinlənilməsi bu tədbirin elmi əhəmiyyətini daha da artırır. Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin simpoziumda fəal iştirakı isə müasir gəncliyimizin tariximizə, mədəniyyətimizə böyük maraq göstərdiyini bir daha sübut edir. Saleh Məhərrəmov vurğulayıb ki, “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumda mühüm elmi nəticələr əldə olunub. Simpozium bir daha onu göstərdi ki, Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb və beynəlxalq simpoziumlara ev sahibliyi edilməsində muxtar respublika zəngin təcrübəyə malikdir. Simpoziumda iştirak edən Türkiyənin və Azərbaycanın nüfuzlu alim və tədqiqatçıları da bunu bir daha təsdiq etdilər.
Sonda beynəlxalq elmi simpoziumun iştirakçılarına iştirakçı sertifikatları verilib.
Səbuhi Həsənov