25 Dekabr 2024, Çərşənbə

Tarixin keşməkeşli günlərində zamanın da taleyüklü tələbləri olur, bu tələblərin reallaşması dahi şəxsiyyətlərin payına düşür. Parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı bu girdabdan çıxarmaq üçün ümummilli lider Heydər Əliyev XX əsr milli dövlətçilik tariximizin yetişdirdiyi dahi şəxsiyyət idi. Təsadüfi deyil ki, Onun rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı.
Partiyanın yaradılması istiqamətindəki ilk addımlardan biri də Azərbaycan ziyalılarının ulu öndər ­Heydər­ Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciəti idi. “Səs” qəzetində dərc edilən həmin müraciətə ulu öndərin müsbət cavab verməsi partiyanın yaradılmasını sürətləndirdi. Həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr belə bir partiyanın yaranmasının qəti əleyhinə idilər. Dövrün hakim qüvvələri bütün variantlara əl atsalar da, gücləri yalnız partiyanın təsis konfransının Bakıda keçirilməsinin qarşısını almağa yetdi. 1992-ci il noyabrın 21-də ölkəmizin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında partiyanın təsis konfransı keçirildi. Konfransda ­Heydər Əliyev partiyanın sədri seçildi, partiyanın Nizamnamə və Proqramı qəbul edildi.

Ümummilli lider Yeni Azərbaycan Partiyasının yaradılmasından danışarkən deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə xalqına, vətəninə, millətinə xidmət etmək üçün ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış partiyadır”.
Yeni Azərbaycan Partiyası tarixi qanunauyğunluqdan doğaraq dövlətçiliyin keşiyində dayanan ümummilli siyasi qüvvə kimi meydana çıxdı və 1993-cü il oktyabrın 3-də ulu öndər Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə hakim partiyaya çevrildi. Bu, “Dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasına xalqın böyük inamının təzahürü, tarixi-siyasi prosesin mühüm nəticəsi idi.
Yeni Azərbaycan Partiyasının yaranması xalqımızın ulu öndər Heydər Əliyevə sarsılmaz inamını ifadə edirdi. Məhz onun siyasi idarəçilik məharəti və zəngin dövlətçilik təcrübəsi Azərbaycanı düşdüyü acınacaqlı vəziyyətdən xilas etmək qüdrətinə sahib yeganə milli lider olduğunu təsdiqləyirdi. Bu baxımdan partiyanın siyasi-ideoloji prinsipləri dahi rəhbərin özünün konseptual baxışlar sistemi əsasında formalaşdı. Hazırda yarandığı gündən bəri ölkə­mizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən ən mühüm amillərdən biri həmin təməl prinsipləridir. Bunlar – müstəqil dövlətçilik; qanunçuluq; Azərbaycançılıq, vətənçilik; varislik, yaradıcı təkamül; konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalətdir. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra bu prinsiplər Yeni Azərbaycan Partiyasının qarşısında duran tarixi vəzifələrin həyata keçirilməsinin ideoloji təminatı kimi mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirdi.
1993-cü il oktyabrın 3-də Yeni Azərbaycan Partiyasının sədri ­Heydər­ Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizlə yanaşı, partiyanın da həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. 1995-ci il noyabrın 12-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrildi, ona olan ümumxalq inamı bir daha təsdiqləndi.
Ümumiyyətlə, 1993-cü ildən sonra islahatların uğurla həyata keçirilməsi yeni bir tarixi mərhələnin başlanğıcı oldu. Ölkədə demokratik ənənələrin, liberal iqtisadiyyatın, sivil siyasi münasibətlərin bərqərar edilməsi istiqamətində atılmış addımlar Azərbaycanı qısa müddətdə dərin tarixi burulğan məngənəsindən qurtararaq siyasi sabitlik və iqtisadi inkişaf dövrünə çıxara bildi. Məhz bu dövrdə Yeni Azərbaycan Partiyası əzmkarlığı, qətiyyəti, ardıcıl və sistemli fəaliyyəti ilə respublikanın siyasi həyatında özünəməxsus yerini tutaraq, milli dövlət qurucu­luğu prosesinin müstəsna müəllifi olan ümummilli lider Heydər Əliyev­in əsas siyasi dayağı oldu. 1993-cü ildən başlayaraq vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, sosial problemlərin əsaslı şəkildə həlli istiqamətində atılmış addımlar, iqtisadi tərəqqi üçün zəmin yaradılması, müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, milli dövlətçi­lik ənənələrinin bərpa edilməsi ulu öndər Heydər Əliyevin xilaskar­lıq missiyasının əsas cəhətləri idi. Bu fəaliyyət zəminində Yeni Azərbaycan Partiyasını ümumxalq və ümummilli partiya kimi formalaşdıran ulu öndər Heydər Əliyev lideri olduğu partiyanın sıralarında olmağı milli dövlətçiliyə xidmət etməyin nümunəsi sayırdı: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.
2005-ci il martın 26-da partiyanın III qurultayında Yeni Azərbaycan Partiyasına Sədr seçilən hörmətli Prezidentimiz İlham Əliyev bu gün xalqın dərin etimadını qazanmış həmin siyasəti uğurla davam etdirir. Partiyamızın rəhbərinin böyük nüfuzu sayəsində hazırda 680 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, insanların onun ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Azərbaycanda hüquqi dövlət quruculuğunu təkmilləşdirmək, vətəndaş cəmiyyəti institutunu möhkəmləndirmək, çoxpartiyalı sistem, siyasi plüralizm, demokratikləşmə prosesini optimallaşdırmaq və bu yöndə ümumbəşəri dəyərlərə inteqrasiya, beynəlxalq təşkilatlarla xalqımızın və dövlətimizin mənafeyinə uyğun bərabərhüquqlu qarşılıqlı əməkdaşlığı davam etdirmək Yeni Azərbaycan Partiyası iqtidarının yürütdüyü dövlət siyasətinin ən mühüm tərkib hissələrindəndir. Bu sahədə qazanılan uğurlar həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq birlik tərəfindən təqdir olunur, dünyanın aparıcı siyasi mərkəzləri, institutları tərəfindən müsbət qiymətləndirilir.
Ümumbəşəri dəyərlərin daşıyıcısı olan Yeni Azərbaycan Partiyası bir tərəfdən beynəlxalq aləmdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqu tərəfdarı kimi çıxış edirsə, digər tərəfdən milli birliyin möhkəmləndirilməsi, Azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində mühüm işlər görür. Bütün bunlar partiyanın dünyanın tanınmış siyasi təşkilatları arasında nüfuzunu yüksəldir, Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, siyasi qüdrətini artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.
Bu gün Azərbaycan iqtidarının, Yeni Azərbaycan Partiyasının qüdrəti, yenilməz gücü Heydər Əliyevin müstəqillik və dövlətçilik ideologiyasının qətiyyətlə həyata keçirilməsindən irəli gəlir. Naxçıvan Muxtar Respublikasına 21 ildir, uğurla rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun muxtar respublikada həyata keçirdiyi böyük quruculuq siyasəti, yaratdığı ictimai-siyasi sabitlik, xalqa olan bağlı­lı­ğı dövlətə və Heydər Əliyev ideyalarına olan sədaqətin bariz nümunəsidir. Blokadada olmasına baxmayaraq, muxtar respublikada tikilən çoxsaylı məktəblər, yeni-yeni körpülər və bütün sahələri kompleks şəkildə əhatə edən digər sosial infrastruktur obyektləri, Naxçıvan şəhərində və eləcə də muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan geniş tikinti-quruculuq və abadlıq işləri hər bir sakində böyük iftixar hissi yaradır.
Bu siyasətin mühüm nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında cəmləşən partiya üzvləri, siyasi cəhətdən fəal gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir. Partiyanın yarandığı ilk günlərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 1118 nəfəri, 2002-ci ildə isə 20 min nəfəri öz sıralarında birləşdirirdisə, partiyanın yaradılmasının 24-cü ildönümü ərəfəsində üzvlərin sayı artırılaraq 53 mindən çox olmuşdur. Bu da muxtar respublikanın siyasi fəal əhalisinin 20 faizi deməkdir.
Siyasi partiyanın əsas göstəricilərindən biri də seçkilərdə iştirakı və qazandığı nəticələrlə müəyyənləşir. Son 23 ildə keçirilən bütün seçkilərdə olduğu kimi, 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər də Yeni Azərbaycan Partiyasının parlaq qələbəsi ilə yekunlaşmışdır. Bundan əlavə, 2016-cı il sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilmiş referendumda da xalqın əksəriyyəti Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən Konstitusiya islahatlarını dəstəkləməklə Yeni Azərbaycan Partiyasının ölkəmizdə xalqın inamını qazanmış əsas siyasi güc olduğunu sübut etmişdir. Azad, demokratik və şəffaf şəraitdə seçicilərin yüksək mütəşəkkilliyi ilə müşayiət olunan referendum eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur.

Ümumiyyətlə, 1993-cü ildən bəri keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri göstərir ki, Azərbaycan cəmiyyəti ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn alternativi olmayan təkmil siyasi konsepsiya kimi qəbul etmişdir. Çünki bu zəngin irsin qayəsini dövlətçiliyə xidmət təşkil edir. Azərbaycan xalqına, müstəqil Azərbaycana xidmətin ən gözəl və monolit nümunəsi olan Yeni Azərbaycan Partiyası həm də bu irsi gələcək nəsillərə ötürmək missiyasını uğurla həyata keçirir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözləri ilə desək: “Müasir, müstəqil Azərbaycan və ümumxalq hərəkatına çevrilən Yeni Azərbaycan Partiyası ulu öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir”.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar
Respublika Təşkilatının İcra Katibliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR