Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində təşkil edilən təltifetmə mərasimində çıxış edən gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti uğurla davam etdirilir, gənclər siyasətinin bütün istiqamətləri üzrə dövlət proqramları icra olunur. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali məktəblərdə təhsil alan tələbə-gənclərin milli dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ruhunda yetişib formalaşması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan hər il Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Bu il də Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı 10-17 noyabr tarixlərində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilib. Bu gün isə keçirilən tədbirlərdə qalib gəlmiş komandalar və həmin tədbirlərdə fəal iştirak edən gənclər mükafatlandırılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında qeyd edib ki, gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzindədir. Naxçıvanda tələbə-gənclər həftəsi hər il yüksək səviyyədə qeyd olunur. Gənclərimizin qarşısında idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə qazanılan nailiyyətlərlə yanaşı, həm də dövlətçilik ənənələrini daim uca tutmaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyümək kimi müqəddəs vəzifələr durur.
Sonra qaliblər mükafatlandırılıb. Yekun nəticəyə əsasən, “Nuh yurdu” intellektual oyununun qalibi adını Naxçıvan Dövlət Universitetinin “Təbriz” komandası qazanıb. “Naxçıvan” Universitetinin “Qafqaz” komandası ikinci, Naxçıvan Dövlət Texniki Kollecinin “Naxçıvan” komandası üçüncü olub. Şən və hazırcavablar klubları arasında keçirilən müsabiqənin qalibi isə Naxçıvan Dövlət Universitetinin “Karvan” komandası olub. Naxçıvan Müəllimlər İnstitutunun “Nəqşicahan” komandası ikinci, Naxçıvan Dövlət Texniki Kollecinin “Gülüş” komandası üçüncü yerlə kifayətləniblər.
Mükafatları qaliblərə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev təqdim edib.
Sonda konsert proqramı olub.
Ceyhun Məmmədov