Naxçıvanın elə bir yaşayış məntəqəsi yoxdur ki, həmin ərazinin tarixi əhəmiyyəti olmasın. Çünki bu qədim Azərbaycan diyarının insan ayağı dəyən hər qarışında keçmişin izləri ilə rastlaşmamaq, sadəcə, mümkün deyil. Bəlkə də, buna görədir ki, XVII əsrin məşhur türk səyyahı Övliya Çələbinin “Səyahətnamə”sində Naxçıvanın zəngin tarixi keçmişə malik bir çox yaşayış məskənlərinin adı çəkilir, onların haqqında məlumatlar verilir. Culfa rayonunun Gülüstan kəndi tarixi abidələri, qədim yaşayış yerləri ilə yanaşı, indi müasir abadlığı və inkişafı ilə də diqqəti cəlb edir. Tədqiqatçılar “Gülüstan” sözünün “gül” komponentinə yer, məkan adı bildirən “üstan” sözdüzəldici şəkilçisinin artırılması yolu ilə yarandığını söyləyirlər. Mənası “yaşıllıqda olan güllük, çiçəklik” deməkdir.
Bəhs edəcəyimiz Gülüstan kəndinin adı isə mərhum dilçi alim Adil Bağırova görə, ərazidə yerləşən Gülüstan qalasının adından götürülüb. Təbii ki, toponimlər xalqın dilində birdən-birə yaranmır, bunun üçün müəyyən əsaslar olur. Kəndin yerləşdiyi ərazi də daxil olmaqla, şərqdə Yaycı kəndinə, şimalda isə Darıdağın ətəklərinə qədər olan ərazilər Culfa düzü sayılmaqla bərabər, həm də tarixən Gülüstan düzü kimi tanınıb. Gülüstan kəndi Culfa rayonunun ən böyük çaylarından olan Əlincəçayın Araza qovuşduğu yerdə salınıb.
XVIII əsrin əvvəllərinə aid “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Dərəşam nahiyəsinə daxil dörd kənd yaşayış məntəqəsinin içərisində Gülüstan kəndinin də adı çəkilir. Gülüstan türbəsinin yaxınlığında Gülüstan yaşayış yerinə aid divar qalıqlarının aşkar olunması isə ərazinin orta əsrlər dövründə mühüm inkişaf yolu keçdiyini göstərir. Kəndin yaxınlığında Araz çayı üzərində salınmış Ziya-ül Mülk körpüsünün qalıqlarının mövcudluğu ərazinin tarixi əhəmiyyətini daha da artırır. Tarixçilər bildirirlər ki, olduqca möhkəm, son dərəcə hamar və gözəl görünüşə malik körpünün iki yüksək və geniş tağı olub. Xeyli hündür olan körpünün hər iki tərəfində daşdan darvaza var imiş. Tağlardan birinin altından karvansaray kimi istifadə edilirmiş. Maraqlı məqamlardan biri də budur ki, Əmir Teymur 1386-cı ildə Mərənd və Zər dərəsi istiqamətindən Naxçıvana gələrkən bu körpüdən keçib. XIV əsr tarixçisi Həmdullah Qəzvini “Nüzhət əl-qülub” (“Qəlblərin əyləncəsi”) əsərində məlumat verir ki, körpünü Ziya-ül Mülk Naxçıvani tikdirib. Bundan əlavə, kəndi əhatə edən qayaların arasında bu günədək mövcudluğunu qoruyub saxlayan və üç salondan ibarət olan Dərəşam mağarası da maraqlı arxeoloji abidələrdəndir. Araşdırmalar zamanı buradan orta əsrlərə aid şirli və şirsiz keramika parçaları aşkarlanıb. Ön tərəfi əhəng məhlulundan istifadə edilməklə hörülmüş mağara ən çətin hava şəraitində və hər hansı təhlükədə etibarlı sığınacaq kimi istifadə olunub.
Sovetlər Birliyi dövründə əksər kənd yaşayış məntəqələri kimi, Gülüstan kəndi də diqqətdən kənarda qalıb. Bircə onu qeyd etmək kifayətdir ki, Əlincəçayın kənddən keçən hissəsi üzərində körpünün salınması 1987-ci ilə təsadüf edir. Bu körpü kənddən rayon mərkəzinə gedən avtomobillər üçün əsas keçid rolunu oynayır. O vaxtadək isə çayın az sulu yerlərindən keçid kimi istifadə olunurmuş. Ancaq bütün çətinliklərə baxmayaraq, kollektiv təsərrüfatçılığın geniş yayıldığı həmin dövrdə Gülüstan kəndinin zəhmətkeş insanlarının sayəsində burada əkinçilik, meyvəçilik, heyvandarlıq inkişaf etdirilib. Araz çayının sahilində – kənd ərazisinə aid sahələrdə tut bağlarının salınması baramaçılığın inkişafında əhəmiyyətli rol oynayıb. Ötən əsrin sonlarına doğru baş verən məlum ictimai-siyasi hadisələr kəndin təsərrüfat həyatına da öz təsirini göstərib. Muxtar respublikanın o dövrdəki məlum problemləri Gülüstan sakinlərinin də əlini təsərrüfatdan soyudub. Amma bu çətinliklər müvəqqəti xarakter daşıyıb. 1995-ci ildən başlayaraq muxtar respublikada aparılan köklü islahatlar gülüstanlıların da yolunu açıb. Xüsusilə torpaq islahatlarından sonra hər kəs torpaq sahibi olub, sonrakı illərdə göstərilən dövlət dəstəyi hesabına kənd sakinləri yenidən torpağa üz tutub, dolanışığını təmin edib. Kənddə olarkən öyrənirik ki, hazırda burada 250 hektara yaxın əkin sahəsi var. Ötən il 138 hektarda taxıl əkini aparılıb ki, bunun da 118 hektarını buğda, 20 hektarını arpa təşkil edib. Digər sahələrdə isə, əsasən, bostan məhsulları və yonca əkini aparılıb. Son illərdə muxtar respublikada meyvəçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Gülüstan kənd sakinlərinin bu sahəyə marağını artırıb, kənddə xeyli sahədə meyvə bağları salınıb. Həmsöhbət olduğumuz kənd sakinlərindən Balakişi Musayev 2 hektar sahədə ərik, Bəhrəm İsmayılov 3 hektar sahədə alma, Elxan Qasımov isə qarışıq meyvə ağaclarından ibarət bağ salıb. Meyvəçiliyin gəlirli sahə olduğunu bildirən müsahiblərimiz kəndin meyvəçilik ənənələrini bərpa edəcəklərindən inamla danışdılar. Qeyd etdilər ki, indi bunun üçün hərtərəfli şərait də var, bazar da. Soyuducu anbarların istifadəyə verilməsi isə onları bu işə daha da ruhlandırır.
Qeyd edək ki, 2016-cı il Gülüstan kəndi üçün düşərli il olub. Müstəqilliyimizin 25-ci ildönümü ərəfəsində kənddə bir sıra yeni obyektlər istifadəyə verilib. Buradakı 156 şagird yerlik kənd tam orta məktəbinin binası üçmərtəbəlidir. Binada 4-ü elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Kompüter otağında 13 kompüter quraşdırılıb və internetə qoşulub. Öyrəndik ki, hazırda məktəbdə 67 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 28 müəllim məşğul olur. Ötən tədris ilində məktəbin 5 məzunu olub, onlardan 4-ü ali təhsil müəssisələrinə qəbul olunub.
İkimərtəbəli kənd mərkəzinin binasında isə kənddə fəaliyyət göstərən dövlət qurumları üçün lazımi şərait yaradılıb. Binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, statistika otağı, bələdiyyə və klub yerləşir. Aparılan quruculuq tədbirləri zamanı kəndə 1550 metr fiber-optik kabel xətti çəkilib, rabitə evində 384 nömrəlik yeni ATS quraşdırılıb. Poçt xidmətinin təşkil olunması isə kənd sakinlərinə kommunal xidmət haqlarının və digər ödənişlərin aparılması üçün geniş imkanlar açır.
Kənddə istifadəyə verilmiş digər obyekt isə sakinlərin gündəlik ərzaq və sənaye mallarına olan tələbatının ödənilməsinə imkan verən xidmət mərkəzidir. Mərkəzdə iki nəfər işlə təmin olunub.
Kənddə yeni içməli su sisteminin qurulması da sakinlərin böyük sevincinə səbəb olub. “Culfa şəhərinin və ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Culfa şəhərinin girişində inşa olunmuş yeni su anbarından Gülüstan kəndinə içməli su xətti çəkilib. Hazırda kənddə 157 abonent daimi və ekoloji təmiz içməli su ilə təmin olunub, həmin abonentlər üçün sayğaclar quraşdırılıb.
Gülüstan kəndində həyata keçirilmiş quruculuq tədbirləri çərçivəsində kənd avtomobil yolunun yenidən qurulması indi bu yaşayış məntəqəsinə gedib-gələnlərin, eləcə də kənd sakinlərinin rahatlığını təmin edir. Eyni zamanda kəndə uzanan yol üzərindən Gülüstan türbəsinə gedən avtomobil yolu da müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilib.
Yeri düşmüşkən, Gülüstan türbəsi haqqında da danışmaq istərdik. Dünya əhəmiyyətli Gülüstan türbəsinin elmi və tarixi əsaslarla bərpa olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il oktyabrın 7-də Sərəncam imzalayıb. Ötən dövrdə bu tarixi abidə orijinallığı saxlanılmaqla əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən olan Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Gülüstan türbəsinin sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülüb. Zərifliyi, incə memarlıq üslubu və xüsusiyyətləri ilə seçilən abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Gülüstan türbəsini ziyarət etdiyimiz zaman əcnəbi bir turistlə qarşılaşdıq. Böyük Britaniya vətəndaşı olan əcnəbi hazırda Hindistanda ingilis dili və ədəbiyyatı üzrə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirdi. Tarixi abidələrə böyük maraq göstərən qonaq abidəyə heyranlıqla baxır və yerli tərcüməçinin köməyi ilə türbə haqqında məlumatlara maraqla qulaq asırdı. Tərcüməçi bildirdi ki, son dövrlərdə burada bir çox avropalı turistləri müşayiət edib və onlara bu abidə haqqında ətraflı məlumatlar verib. Türbəni ziyarət zamanı Gülüstan kənd tam orta məktəbinin şagirdləri ilə də qarşılaşdıq. V-VIII sinif şagirdləri üçün burada tarix fənnindən açıq dərs keçilirdi. Məktəbin tarix müəllimi Pəri Tağıyeva bu cür açıq dərslərin keçilməsinin şagirdlərdə tariximizə qarşı böyük maraq və sevgi oyatdığını bildirdi. Biz isə onlara işlərində uğurlar arzulayıb oradan ayrıldıq.
Bəli, qədim Gülüstan kəndi indi inkişafının yeni mərhələsinə qədəm qoyub. Kənddə aparılan quruculuq işləri sakinlərin sevincinə səbəb olub. Kənd sakinlərindən Vaqif Babayev, Aydın Məmmədov və yuxarıda adını çəkdiyimiz digər müsahiblərimiz görülən işlərə görə dövlətimizə minnətdarlıqlarını bildirdilər. Onlar Gülüstanın əsl gülüstana indi çevrildiyini dedilər. Arazın həzin axınına əsrlərdir şahidlik edən, Böyük İpək Yolunun qovşağında yerləşən, orta əsrlər Naxçıvanının zəngin mədəniyyətini özündə yaşadan Gülüstan indi bura yolu düşən hər kəs üçün tarix və müasirliyin gülüstanda birləşdiyi məkandır.
Səbuhi Həsənov