25 Dekabr 2024, Çərşənbə

 

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə müəssisələri ilə tanış olub.

“Naxçıvan” Universitetinə gələn diplomata ali təhsil ocağı barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1999-cu ildən fəaliyyət göstərən ali təhsil ocağında hazırda 4 fakültə, 9 kafedra və 5 şöbə var. Bu gün “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri genişləndirilir. Ali təhsil ocağı dünyanın 51 tanınmış universiteti ilə sıx əməkdaşlıq edir.

Diqqətə çatdırılıb ki, ötən ilin sentyabr ayında “Naxçıvan” Universitetində İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb. Mərkəzdə Çin Xalq Respublikasının “Huawei” şirkətinin istehsalı olan avadanlıqlar, yeni nəsil çeviricilər və şəbəkə avadanlıqları qurulub. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində Azərbaycanda ilk dəfə olaraq “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirilib. Həmin proqram-layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə “Huawei” şirkətində istehsalat təcrübəsi keçib. İkihəftəlik proqram çərçivəsində tələbələr əvvəlcə Pekinə gedərək Çin mədəniyyəti ilə tanış olublar. Daha sonra onlara “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən ofisində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçirilib. 

Səfir “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olub.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın Naxçıvan Muxtar Respublikasına səfəri noyabrın 16-da başa çatıb.

Diplomat “Şərq qapısı” qəzetinə müsahibəsində muxtar respublikaya səfərinin çox uğurla başa çatdığını bildirib, qədim Naxçıvanda təhsilin, mədəniyyətin, səhiyyənin sürətlə inkişaf etdiyini, tarixi abidələrə böyük diqqət və qayğı göstərildiyini, Naxçıvan şəhərinin gündən-günə gözəlləşdiyini vurğulayıb. Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua deyib: “Naxçıvan Muxtar Respublikası bu gün sosial-iqtisadi baxımdan çox sürətlə inkişaf edir. Muxtar respublikaya səfərim zamanı bunun bir daha şahidi oldum. Mən Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyim müddətdə artıq ikinci dəfədir ki, Naxçıvanda oluram. Qısa zamanda bura ikinci səfərim bir daha təsdiq edir ki, bizim əlaqələrimiz sürətlə inkişaf edir”.

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əhəmiyyətli bölgələrindən biri olduğunu vurğulayan Vey Cinhua bildirib ki, qədim Naxçıvan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulub boya-başa çatdığı diyardır: “Görkəmli dövlət xadimi Heydər Əliyev Çin xalqının böyük dostu olub. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin yaradılması da məhz Onun adı ilə bağlıdır. Ona görə də Çin xalqı dahi şəxsiyyətə böyük rəğbət bəsləyir. Ötən əsrin 90-cı illərində dahi şəxsiyyət Azərbaycanın siyasi həyatında çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasını məhz Naxçıvanda yaradıb. Bu baxımdan Naxçıvan əhəmiyyətli bir diyardır”.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri muxtar respublika ilə ölkəsinin əməkdaşlığını da yüksək qiymətləndirərək deyib: “Bizim əməkdaşlıq imkanlarımız genişdir. Bu gün Çin Xalq Respublikasının “Huawei” şirkəti Naxçıvanda çox gözəl əlaqələr yaradıb. Bir daha vurğulayıram ki, bizim qarşılıqlı maraq doğuran məsələlərdə geniş əməkdaşlıq imkanlarımız var. Məhz bunu nəzərə alaraq, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün bir sıra yüksək səviyyəli görüşlər keçirdik, iqtisadi-ticarət, turizm və təhsil sahələrində əməkdaşlığın gələcək perspektivlərini birgə müzakirə etdik. Bir daha əmin oldum ki, əlaqələrimizin yüksələn xətlə inkişafı bundan sonra da davam edəcək”. 

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR