25 Dekabr 2024, Çərşənbə

Sən mənə minlərlə qazilərin, yüzlərlə şəhidlərin əmanətisən, şanlı bayrağım. Mən səni sevməyi sənin rənglərinin ahəngindən öyrəndim. Sən mənə ilk rənginlə qəhrəmanlıqla dolu milli kimliyimi, ikinci rənginlə azadlığımın nəyin bahasına əldə edildiyini, üçüncü rənginlə mənəviyyatımın fundamentində nəyin dayandığını xatırladırsan, şanlı bayrağım. Üzərindəki hilal və cənnət nişanəsi olan səkkizguşəli ulduz bu dünyadakı cənnətimin Azərbaycan olduğunu deyir mənə. 

Və burda – bəşər sivilizasiyasının ikinci başlanğıcı olan Naxçıvanda sənin dalğalanmanı görməkdən, bəşəriyyətin məhz buradan bütün dünyaya yayılmasının verdiyi qürur və özünəinam hissi ilə addımlamaqdan gözəl nə hiss ola bilər ki?! Və sənin dalğalandığın o yüksəkliyə doğru addımladıqca milli dövlətçiliyimizin alınmaz qalası hesab edilən Naxçıvanda sənin yerləşdiyin zirvəyə gedən yolun özündə belə bir fəlsəfə olduğunu anlayıram. Budur, mən üzərində “Bayraq Meydanı” yazılan darvazadan içəri keçirəm. Pillələrlə yuxarıya doğru addımladıqca fərqinə varıram ki, hər tərəf yaşıl rəngə boyanıb. Bu bizə bayrağımızın yaşıl rəngini xatırladır. Və Bayraq Meydanına qalxan yolun tam ortasında şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi. Bu bilirsinizmi nədir? Bu, Azərbaycanın müstəqilliyinin şəhidlərimizin qanı hesabına əldə edildiyini göstərən bir simvoldur. Şəhid qanları al-qırmızı rəngdədir axı, elə bayrağımızın tən ortasında yerləşən rəng də. Yuxarı qalxdıqca gözüm bayrağımızın ilk rənginin – mavi rəngin simvolunu axtarır. Budur, dünyanın təsvirini əks etdirən mavi rəngli qlobus və üzərindəki sülh göyərçini. Bu düşünülmüş bir simvolikadırmı? Bunu bilmirəm. Amma əminəm ki, bayrağımın dalğalandığı zirvəyə doğru gedən yolun üzərində obyektlərin və rənglərin belə bir ardıcıllıqla düzülməsi təsadüfi deyil.

Və Bayraq Meydanındayam. Dövlət Bayrağı Muzeyinin səkkizguşəli binasına doğru addımlayıram. Məni qarşılayan muzeyin bələdçisi Sevinc Rəsulova burada saxlanılan eksponatlar haqqında məlumat verdikcə Azərbaycanımızın tarixən ictimai-siyasi fikir mərkəzlərindən biri olmuş Naxçıvanın keçdiyi tarixi yol canlanır gözlərim önündə.
Naxçıvan xanlığının 1747-1828-ci illərə aid edilən qırmızı rəngli parça üzərində təsvir edilmiş “Şir və Günəş” simvollu bayrağı. Bu bayraq Azərbaycan Səfəvi-Qızılbaş dövlətinə sadiqlikləri ilə seçilən, Şah İsmayıl Xətai sarayının ən sadiq mühafizəçiləri olan Kəngərlilərin idarə etdikləri Naxçıvan xanlığının əzəmətini əks etdirir.
Bugünkü üçrəngli bayrağımız üzərindəki hilal və səkkizguşəli ulduz bu torpaqda yaranan neçə-neçə dövlətlərin simvolu olmuşdur. Naxçıvan xanlığının Dövlət Bayrağının üzərindəki hilal və səkkizguşəli ulduz bunu düşünməyimizə əsas verir. Bir də xanlığın o bayrağı üzərindəki zəfəri müjdələyən sözlər “Allah dərgahından kömək və qələbə yaxındır” deyir.
XIX əsrə aid Kəngərli süvarilərinin döyüş bayrağı. İkibaşlı qartalın başı üzərində tac. Bayraqda təsvir edilmiş qalxan üzərində isə atlı Kəngərli döyüşçüsünün təsviri. Sanki Bilici Kəngərlilərin qəhrəmanlığını və əzmini özündə əks etdirən təsvirdəki döyüşçü atını Biçənək aşırımına doğru çapır.
Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı – 1922-ci il. Qırmızı bayraq üzərində ərəb qrafikalı əski Azərbaycan əlifbasının hərfləri və latın qrafikalı Azərbaycan əlifbasının hərfləri paralel olaraq saxlanılıb. Hələ ki Şərq xalqlarına azadlıq və hürriyyət vəd etməklə irəliləməyə çalışan bol­şe­vizm cəlbedici olsun deyə, Şərqin mənəvi dəyərlərini simvolizə edən yaşıl rəngi də bayrağın üzərindən silməyib.
Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı – 1926-cı il. Qırmızı rəngli bayrağın üzərinə fəhlə və kəndli simvolu kimi təqdim edilən oraq və çəkic şəkli həkk olunub. 1922-ci il bayrağındakı yaşıl rəng bayrağımızın üzərində yoxdur, onu içində beşguşəli ulduz olan hilal əvəzləyir.
Naxçıvan Avtonom Sovet Sosialist Respublikasının bayrağı – 1937-ci il. Artıq qırmızı rəngli bayraq üzərində hilal da yoxdur. Sanki o dönəmin repressiyaları bayraqdan da yan keçməyib. Bayrağın üzərində “Az SSR” və “Naxçıvan ASSR” ifadələri həkk edilib.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bayrağı – 1956-cı il. Müharibədən sonrakı dövrün bayrağında qırmızı rəngdən əlavə bayrağın aşağı hissəsində bir mavi zolaq da var.
“Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli Qərarı. Yəqin ki, hamımız xatırladıq o çətin və ağır dönəmdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının cəsarətli və qətiyyətli addımlarını. O addımlar ki Azərbaycanın müstəqilliyə gedən yolunda sonradan nümunəyə çevrilmişdir.
Budur biz bələdçimizlə birlikdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının üçrəngli aylı-ulduzlu bayrağının önündəyik. O bayraq ki onu dalğalandırmaq missiyası ulu öndər tərəfindən əmin əllərə etibar olunub – Azərbaycanda da, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da. Və bu müqəddəs missiyanın daşıyıcıları bayrağımızı ən layiqli yerlərdə dalğalandırıblar.
Elə bu hisslərin təsiri altında muzeyin qonaq kitabına yaxınlaşıram və qələmi götürüb yeni yazımın ilk cümləsini məhz o kitaba qeyd edirəm: Kölgən düşən yerləri səcdəgahım bilirəm...

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR