“Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə 17 noyabr 1990-cı ildə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada dövlət atributu kimi qəbul edilib. Bu günü üçrəngli bayrağımızın dövlətçilik tariximizə əbədi qayıdış günü də hesab etmək olar”. Bu fikirlər AMEA Naxçıvan Bölməsində 17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, 17 noyabr Azərbaycan tarixində bir sıra hadisələrlə əlamətdardır. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağı təkcə muxtar dövlətin rəmzi kimi qəbul etməyib, həm də bu bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbulu ilə bağlı Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırıb. Nəticədə isə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.
Qeyd olunub ki, müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. Belə ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə, 8 iyun 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanun imzalanıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 noyabr 2007-ci ildə Bayraq Meydanının yaradılması, 17 noyabr 2009-cu ildə isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam verib.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, müstəqil Azərbaycanın hər bir guşəsində olduğu kimi, Naxçıvanda da dövlət atributlarına münasibət yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 22 avqust 2014-cü il tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
“Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda geniş məruzə edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bayrağımızda əksini tapmış rənglərin və rəmzlərin tarixi köklərindən, ifadə etdiyi mənalardan danışıb. Qeyd olunub ki, üzərindəki ayrı-ayrı atributları ilə birlikdə üçrəngli Azərbaycan bayrağı dünyanın ən anlamlı bayraqlarından biridir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev mövzu ilə bağlı çıxış ediblər. Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığını, milli müstəqilliyimizi, azadlığımızı, dövlətçiliyimizi əks etdirən Dövlət Bayrağımızın dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğunu vurğulayıblar. Hələ sovetlər dönəmində üçrəngli Azərbaycan bayrağı ilə bağlı müxtəlif yaradıcı ziyalıların əsərlərində, xalq mahnılarında mətnaltı ifadələrin qeyd olunması ilə bağlı maraqlı faktları diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi