Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının nümayəndə heyəti Naxçıvana gəlib.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Sonra qonaqlar Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında olublar.
“Naxçıvan” Universiteti ilə tanışlıq da nümayəndə heyətində xoş təəssüratlar yaradıb. Burada qonaqlara məlumat verilib ki, 2015-ci il sentyabrın 15-də “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Yaradılmış müasir şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı hər il artır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Sonra muxtar respublikamızın qonaqları ümummilli liderimiz Heydər Əliyevin Əcəmi seyrəngahındakı büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar. Onlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. Burada onlara məlumat verilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr də qonaqların diqqətini cəlb edib. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr haqqında məlumat alan qonaqlar buradan xoş təəssüratlarla ayrılıblar.
Günün ikinci yarısında qonaqlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fonduna gələrək fondun fəaliyyəti ilə tanış olub, ictimai işlərdə fəallıq göstərən gənclərlə görüşüblər.
Sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının nümayəndə heyəti “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovla həmsöhbət olub təəssüratlarını öyrəndik. Müsahibimiz bildirdi ki, artıq dördüncü dəfədir, Naxçıvana gəlir. Hər gəlişində də bir sıra yeniliklərin şahidi olur. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən partiyanın yaradılmasının 24-cü ildönümü ilə əlaqədar müsabiqələr, yarışlar keçirilib. Rayonun müxtəlif məktəblərindən 12 nəfər şagird qalib adına layiq görülüb və qaliblər Naxçıvan Muxtar Respublikasına gələrək bu qədim diyarın gəzməli-görməli yerləri ilə tanış olmaq imkanı əldə ediblər. Naxçıvandan zəngin təəssüratlarla ayrılırıq. İftixar hissi ilə deyə bilərik ki, bu gün Naxçıvan nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən gözəl məkanlarından biridir. Bütün bu yaradılanlar tarixlə müasirliyin uğurlu vəhdətinin nümunələridir. Çalışacağıq ki, bundan sonra da Binəqədi rayonunun gənclərini muxtar respublika ilə daha yaxından tanış edək, hər kəs Naxçıvanın qədim tarixinin, nə qədər inkişaf etdiyinin, çiçəkləndiyinin şahidi olsun.
Xəbərlər şöbəsi