Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində noyabrın 14-də muxtar respublikanın mədəniyyət və istehsal müəssisələri ilə tanış olub. Cavad Cahangirzadə Naxçıvana səfəri ilə bağlı “Şərq qapısı” qəzetinə müsahibə verib:
– Əvvəlcə səfərinizin məqsədi haqqında məlumat verərdiniz.
– Bura səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası ilə yaxından tanış olmaqdır. Bu tanışlıq həm də ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələrimizin dərinləşməsi baxımından əhəmiyyətlidir. Bu gün regionun iki əhəmiyyətli dövləti olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud münasibətlər gündən-günə möhkəmlənir, əlaqələrimiz genişlənir. Təsadüfi deyil ki, üç il ərzində İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında 7 dəfə görüş keçirilib. Ölkə rəhbərlərinin bu sıxlıqda görüşmələri, qarşılıqlı, faydalı müzakirələr aparmaları dünyada və regionda nadir hallarda rast gəlinən hadisələrdəndir. Ona görə də biz əminliklə deyə bilərik ki, bizim siyasi, iqtisadi əlaqələrimiz xeyli inkişaf edib.
– İranla Azərbaycan arasında müasir əlaqələri, eyni zamanda bu əlaqələrdə Naxçıvanın rolunu necə dəyərləndirirsiniz?
– İranla Azərbaycan arasında bütün sahələrdə yüksək əməkdaşlıq əlaqələri mövcuddur. Biz diplomatların vəzifəsi də iki ölkə arasındakı əlaqələrin daha da yaxşılaşmasına xidmət etməkdir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın çox gözəl guşələrindən biridir. Çünki Naxçıvan böyük ədəbiyyat, mədəniyyət, siyasət xadimlərinin vətənidir. Bu mənada bu gözəl diyarı görmək, muxtar respublika ilə tanış olmaq mənim üçün şərəfdir. Mən burada yüksək səviyyəli görüşlər keçirdim. Həmin görüşlərdə müsbət nəticələr əldə etdik. İran ilə Azərbaycan bir sıra sahələrdə qarşılıqlı əməkdaşlıq edirlər. Hər iki ölkənin dəmir yollarını birləşdirəcək layihənin həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu, İranla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Bundan başqa, həmin dəmir yolu xətti həm də Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Çin, Hindistan kimi ölkələr istehsal etdiyi məhsulları əlverişli yolla Avropaya çatdıra biləcəklər. Əks istiqamətə də yüklərin daşınması həyata keçirilə biləcək. Bu, Azərbaycanın və İranın iqtisadiyyatının inkişaf etməsinə öz töhfəsini verəcəkdir. Mən həm də Ordubadda oldum. Ordubad barədə də çoxdan eşitmişdim. Ordubad bölgənin məşhur diyarlarından biridir. Ordubad rayonu və Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanışlıq məndə çox xoş təəssüratlar yaratdı. Mən gömrük-keçid məntəqələrini də ziyarət etdim. Gömrüklərin fəaliyyəti hər iki tərəfə gəliş-gedişlərin artmasına, iqtisadi münasibətlərin genişlənməsinə, turizmin inkişafına rəvac verir. Onu da qeyd edim ki, təxminən bir ay sonra Naxçıvan-Məşhəd dəmir yolu xətti fəaliyyətə başlayacaq. Bu istiqamətdə artıq işlər tamamlanmaq üzrədir. Naxçıvan-Məşhəd dəmir yolu xətti fəaliyyətə başladıqdan sonra naxçıvanlılar artıq rahat bir şəkildə Məşhədə ziyarətə gedə biləcəklər. İrandan gələcək qonaqlar sərnişin qatarları vasitəsi ilə muxtar respublikaya gələ biləcəklər. Naxçıvan-Məşhəd dəmir yolu xəttinin fəaliyyətə başlaması gediş-gəlişlərin artmasına səbəb olacaq. Bu gün Araz çayı sahilində Ordubad Su Elektrik Stansiyasının tikintisi aparılır. Gələcəkdə həmin stansiyanın istifadəyə verilməsi Naxçıvana çox böyük fayda verəcək. Çünki muxtar respublikada istehsal müəssisələrinin sayı hər gün artır. Bu isə öz növbəsində enerjiyə olan tələbatı da artırır. Torpaq sahələrinin suvarılması üçün mühərriklərdən istifadə olunduğundan enerjiyə tələbat artır. Həmin stansiyanın tikintisi üçün prezidentlərimiz razılığa gəlib. İran parlamenti də həmin razılığı təsdiqləyib. Yəni işlərin davam etdirilməsi üçün heç bir problem yoxdur.
– Naxçıvan səfəriniz sizə necə təsir bağışladı?
– Naxçıvanın çox gözəl gəzməli və görməli yerləri var. Naxçıvan bu gün sosial-iqtisadi baxımdan çox sürətlə inkişaf edir. Ən əsası isə bu inkişaf davamlı xarakter alıb. Muxtar respublikanın şəhərləri ilə yanaşı, kəndləri də abadlaşıb. Uzaqdan bəlkə də bunu görmək olmur. Ancaq buraya səfərə gəldikdə inkişafın necə böyük vüsət aldığını daha aydın şəkildə görürük. Arzu edirəm ki, Naxçıvan bundan sonra da sürətlə inkişaf etsin. Mən Naxçıvan Biznes Mərkəzində olarkən burada muxtar respublikanın istehsalı olan yüzlərlə çeşiddə məhsulun sərgiləndiyini gördüm. Sevindirici haldır ki, muxtar respublikada bir çox sahələr üzrə məhsul istehsal olunur. 366 adda məhsulun istehsalı çox böyük uğurdur. Naxçıvanda çoxsaylı istehsal müəssisələrinin yaradılması da müsbət haldır. Arzu edirəm ki, bundan da böyük nailiyyətlər əldə edəsiniz. Mən azərbaycanlı bacı və qardaşlarıma sülh, əmin-amanlıq, firavan həyat arzulayıram. İran xalqı həmişə Azərbaycanın inkişaf etməsini, sülh şəraitində yaşamasını istəyir. Azərbaycan və İran birlikdə daha böyük uğurlar qazanacaqdır.
-Müsahibə üçün sağ olun.
Rauf Əliyev