Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı işlər içərisində monoqrafiyaların, kitabların, ümumiləşdirici əsərlərin nəşri özünəməxsus yer tutur. Ötən müddət ərzində muxtar respublikanın siyasi, iqtisadi, elmi, mədəni mühitinə həsr olunmuş əsərlər hazırlanıb nəşr etdirilmişdir. Bu günlərdə həmin nəşrlərin sırasına elmi, siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir əsər də əlavə olunmuşdur. Bu, “Naxçıvan Muxtar Respublikasının yubileyləri 1924-1984” kitabıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə nəşr olunaraq ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilmişdir.
Kitab ümummilli lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq” sözləri ilə açılır. Ulu öndərin bu fikirləri Naxçıvanın muxtariyyətinin Azərbaycan xalqı üçün nə qədər böyük önəm daşıdığını təsdiq edir. Naxçıvanın muxtariyyətinin qorunub saxlanması, itirilmiş torpaqlarının qaytarılması siyasi, diplomatik yollarla yanaşı, həm də məsələnin tarixi cəhətdən obyektiv şəkildə araşdırılmasından da keçir. Bu mənada, dahi şəxsiyyətin fikirləri tədqiqatçıları muxtar respublika tarixinin bütün səhifələrini, elmə məlum olmayan qaranlıq məqamlarını dərindən araşdırmağa, xalqa çatdırmağa səsləyir və səfərbər edir. Tam qətiyyətlə demək olar ki, yenicə işıq üzü görən “Naxçıvan Muxtar Respublikasının yubileyləri 1924-1984” kitabının nəşri Naxçıvan Muxtar Respublikası tarixinin elmi ictimaiyyətə məlum olmayan qaranlıq səhifələrinin, sistemli tədqiqata ehtiyacı olan məqamlarının aydınlaşdırılması sahəsində atılmış mühüm addımlardan biridir.
Beş bölmədən ibarət olan kitabın ilk bölməsi “Naxçıvan Muxtar Respublikasının yaradılmasına dair müxtəlif tarixi və arxiv sənədləri”nə həsr olunmuşdur. Bu bölmədə 26 fevral 1923-cü ildən 15 fevral 1926-cı ilə qədər zaman çərçivəsini əhatə edən 7 tarixi sənəd elmi ictimaiyyətin və geniş oxucu kütləsinin diqqətinə təqdim olunur.
Kitabın “Naxçıvan Muxtar Respublikası 25” adlanan ikinci bölməsində “Naxçıvan Muxtar Respublikasının 25 illiyinə dair tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 3 may 1949-cu il tarixli və “Naxçıvan MSSR-in 25 illiyinin hazırlanması və keçirilməsi haqqında” Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi bürosunun 5 aprel 1949-cu il tarixli qərarı verilmişdir. Bölmədə kitaba daxil edilən SSSR Ali Soveti Rəyasət Heyətinin Sədri N.Şvernikin və SSSR Ali Soveti Rəyasət Heyətinin katibi A.Qorkinin 27 may 1949-cu ildə imzaladığı “Naxçıvan MSSR-in kənd təsərrüfatı, sənaye, elm, mədəniyyət və incəsənət işçilərinin orden və medallarla təltif olunması” haqqında SSSR Ali Soveti Rəyasət Heyətinin sərəncamı da tarixi əhəmiyyətli sənəddir.
Naxçıvan Muxtar Respublikasının 40 illik yubileyinə həsr olunan üçüncü bölməyə daxil edilən sənədlərdən aydın olur ki, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi bürosunun 5 oktyabr 1964-cü il tarixli iclasında “Naxçıvan MSSR-in 40 illiyinin keçirilməsi haqqında” məsələ müzakirə olunmuş, muxtar respublikanın 40 illiyi ilə əlaqədar tədbirlər planı hazırlanmış, Vilayət Partiya Komitəsinin bürosunda yubiley münasibətilə Bakı şəhərində Naxçıvan MSSR ədəbiyyat və incəsənət günlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin burada Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan MSSR-in 40 illiyinə həsr olunmuş iclası və Naxçıvan şəhər zəhmətkeşlərinin muxtar respublikanın 40 illiyinə həsr olunmuş təntənəli mitinqi haqqında da məlumat verilmişdir.
Kitabın əsas bölmələrindən biri ümummilli lider Heydər Əliyevin “böyük və nurlu bayram” kimi dəyərləndirdiyi Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyinə həsr olunmuş bölmədir. Bu bölmədə həmin vaxt Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin I katibi işləmiş A.Hüseynovun Naxçıvan Muxtar Respublikasının yaranmasının 50 illiyinə hazırlıq ilə əlaqədar Azərbaycan KP Mərkəzi Komitəsinə təklifi, Azərbaycan KP MK bürosunun bu təkliflə əlaqədar qəbul etdiyi qərar, Naxçıvan Muxtar Respublikasının 50 illiyinə hazırlıq haqqında Naxçıvan Vilayət Partiya Komitəsi bürosunun iclas protokolundan çıxarış, həmin büronun qərarı ilə təsdiq edilmiş tədbirlər planı, 50 illik münasibətilə Naxçıvan Muxtar Respublikasının Xalqlar dostluğu ordeni ilə təltif olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı və sair özünə yer almışdır.
Bölmədə yer alan materiallardan biri də muxtar respublikanın Xalqlar dostluğu ordeni ilə təltif olunması münasibətilə keçirilən Naxçıvan Vilayət Partiya Komitəsinin və Naxçıvan MSSR Ali Sovetinin birgə təntənəli iclası və bu iclasda həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin çıxışının mətnidir. Çıxışında Naxçıvan Muxtar Respublikasının keçdiyi yola nəzər salan ulu öndər əldə olunan uğurlardan bəhs etmiş, Xalqlar dostluğu ordenini Naxçıvan Muxtar Respublikasının bayrağına sancmışdır.
Bu uğurlardan böyük güc alan muxtar respublika əhalisi Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin ölkədə yeritdiyi uğurlu siyasət sayəsində daha böyük uğurlara imza atmış və 3 oktyabr 1974-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə keçmiş ittifaqın ən yüksək mükafatlarından olan Oktyabr inqilabı ordeni ilə təltif olunmuşdu. Bununla əlaqədar materialların daxil edildiyi kitabda həm də Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin və Naxçıvan MR Ali Sovetinin birgə təntənəli iclası və iclasda Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin çıxışının mətni verilmişdir. Təntənəli iclasda Naxçıvan zəhmətkeşlərini muxtar respublikanın 50 illiyi və onun fəxri mükafat – Oktyabr inqilabı ordeni ilə təltif olunması münasibətilə təbrik edən respublika rəhbəri Heydər Əliyev demişdir: “Naxçıvan yarım əsr ərzində böyük və şanlı yol keçmişdir. 50 il tarixdə bir an kimidir. Lakin iqtisadi, ictimai, siyasi və mədəni tərəqqi pillələri ilə yüksəlişimizin hər ili on illərə bərabərdir. İndi Naxçıvan qabaqcıl sənaye, mexanikləşdirilmiş kənd təsərrüfatı, yüksək mədəniyyət respublikasıdır. ...Naxçıvanı, vaxtı ilə geri qalan bu diyarı vətənimizin cənub sərhədlərində çiçəklənən respublikaya çevirmiş Naxçıvan əməkçiləri bu gün hədsiz sevinir və fəxr edirlər ki, onların nəcib əməyinə yüksək qiymət verilmiş, Naxçıvan MSSR Oktyabr inqilabı ordeni ilə mükafatlandırılmışdır”.
Sonra ümummilli lider Heydər Əliyev Oktyabr inqilabı ordenini Naxçıvan Muxtar Respublikasının bayrağına sancmışdır. Həmin vaxt yubiley tədbirləri çərçivəsində açılan Naxçıvan MSSR Xalq təsərrüfatı nailiyyətləri sərgisi və keçirilən bayram şənliyi haqqında materiallar da kitabda əks olunmuşdur. Qısa zaman çərçivəsində, Xalqlar dostluğu ordeni ilə təltif olunmasından, təxminən, 21 ay sonra muxtar respublikanın Oktyabr inqilabı ordeni ilə təltif olunması, heç şübhəsiz ki, ulu öndərin Azərbaycan miqyasında həyata keçirdiyi siyasətin Naxçıvan Muxtar Respublikasında uğurlu tətbiqinin sayəsində əldə olunan nailiyyətlərin nəticəsi idi.
Naxçıvan Muxtar Respublikasının 50 illik yubiley tədbirlərində, bu münasibətlə keçirilən təntənəli iclasda şəxsən iştirak və çıxış etməsi, bunun ardınca, az sonra muxtar respublikanın Oktyabr inqilabı ordeni ilə təltif olunması münasibətilə 1974-cü ildə Naxçıvana ikinci dəfə səfər etməsi, muxtar respublika əhalisi ilə bir yerdə olması, onların uğurlarını yüksək qiymətləndirməsi ulu öndərin Azərbaycanda hakimiyyətinin ilk dövründə də Naxçıvanın muxtariyyət statusuna böyük önəm verməsinin çox mühüm göstəricisidir.
Kitabın sonuncu bölməsi Naxçıvan Muxtar Respublikasının 60 illik yubileyi ilə bağlı materialları əks etdirir. Bu bölməyə Naxçıvan MSSR-in 60 illik yubileyinin keçirilməsi ilə əlaqədar Naxçıvan Vilayət Partiya Komitəsi katibinin Azərbaycan KP MK-ya təklifi, bu təkliflə əlaqədar Azərbaycan KP MK bürosunun qərarı, Naxçıvan Vilayət Partiya Komitəsi bürosunun Naxçıvan MSSR-in 60 illiyi haqqında qərarı, həyata keçiriləcək təşkilati-siyasi tədbirlər planı və yubileylə əlaqədar keçirilən təntənəli iclas haqqında materiallar daxil edilmişdir.
Göründüyü kimi “Naxçıvan Muxtar Respublikasının yubileyləri 1924-1984” kitabında Naxçıvan Muxtar Respublikasının Sovetlər Birliyi dövründə keçirilən dörd yubileyi – 25, 40, 50 və 60 illik yubileyləri haqqında çox dəyərli materiallar toplanmışdır. Tarixi cəhətdən böyük əhəmiyyət kəsb edən, mühüm sənədləri özündə birləşdirən kitaba daxil edilən nadir arxiv və dövlət sənədləri, onların orijinalının fotosurətinin və mətnlərinin Azərbaycan dilinə tərcüməsinin verilməsi kitabın dəyərini artıran müsbət cəhətlərdən biri kimi diqqəti cəlb edir. Həmçinin əsərin dəyərini artıran cəhətlərdən biri kimi artıq tarixə çevrilən nadir fotoşəkillərin kitaba daxil edilməsidir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi kimi Naxçıvana 1974-cü ilin fevral və oktyabr aylarında səfərləri zamanı çəkilmiş müxtəlif fotoşəkillər ulu öndərin həmin vaxt iştirak etdiyi tədbirlər haqqında aydın təsəvvür yaradır və istər həmin hadisələrin şahidi olmuş yaşlı nəsil, istərsə də onlar haqqında kitablardan məlumat alan gənc nəsil tərəfindən çox böyük maraqla izlənir.
Fikrimizcə, arxivlərimizdə qorunub saxlanan çox əhəmiyyətli, nadir dövlət sənədlərinin bir qismini özündə əks etdirən bu kitab Naxçıvan Muxtar Respublikasının yaranması, inkişaf yolu, ümumiyyətlə, muxtar respublikanın tarixi ilə maraqlananlar üçün çox ciddi və mötəbər mənbəyə çevriləcəkdir.
Fəxrəddin Səfərli
AMEA-nın müxbir üzvü