Ötən həftə keçirilən iməciliklərdə 20480 ədəd ağac, bəzək və gül kolları əkilib
Ötən həftə muxtar respublikada keçirilən iməciliklər yenə də iştirakçıların yüksək fəallığı ilə başa çatıb. Bu da səbəbsiz deyil. Çünki naxçıvanlılar bir həqiqəti dərindən dərk edirlər ki, əkilən hər bir gül kolu, meşə və meyvə ağacı bu qədim diyarın hüsnünə bir yaraşıq verir, məmləkətimizin yaşıl örtüyünü zənginləşdirir, sağlamlığımıza xidmət edir. Bütün bunlar iməcilik iştirakçılarının fəallığını təmin edən başlıca amillərdir.
Məlumat üçün bildirək ki, ötən həftə iməciliklərdə 24275 nəfər iştirak edib. Onlar 20480 ədəd ağac, bəzək və gül kolları əkiblər.
Naxçıvan şəhərinin ərazisində, ümumilikdə, 425 ədəd olmaqla Uzunoba Su Anbarının yaxınlığındakı terrasda 215 ədəd meşə ağacı və 210 ədəd üzüm kolu əkilib.
Şərur rayonunda 3625 meyvə tingindən istifadə olunub. Bu tinglərin 3000 ədədi Xanlıqlar-Qıvraq yolunun kənarlarına, 625 ədədi digər ərazilərə basdırılıb.
Ötən həftə ən çox ağac və bəzək kolları Babək rayonunda əkilib. Belə ki, babəklilər Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında və Naxçıvan-Ordubad magistralının Çeşməbasar kəndi hissəsində 3000 ədəd meyvə, 2200 ədəd meşə ağacı olmaqla, ümumilikdə, 5200 ədəd ting əkiblər.
Ordubad rayonunun ictimaiyyəti də iməciliklərdə mütəşəkkilliklə çalışıb. Müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri torpağa, ümumilikdə, 2770 ədəd ting basdırıblar. Belə ki, Naxçıvan-Ordubad magistralından Düylün kəndinə ayrılan yolun kənarında salınmış 1 hektarlıq bağda 690 ədəd, magistral yolun kənarlarında bərpa məqsədilə 580 ədəd meyvə, kəndlərdə 800 ədəd meşə və 700 ədəd meyvə ağacı əkilib.
Culfalılar şəhərin girəcəyində, Yaycı-Dizə kəndləri arasındakı yol kənarlarında, Darıdağ massivində, Əlincə kəndinə və Gömrük İdarəsinə gedən yolun kənarlarında, ümumilikdə, 50 ədəd üzüm kolu, 650 ədəd meyvə, 400 ədəd meşə və 10 ədəd həmişəyaşıl ağac olmaqla, 1110 ədəd ting əkiblər.
Kəngərli rayonunun sakinləri də təbiətimizin zənginləşdirilməsinə öz töhfələrini veriblər. Onlar iməciliklərdə 2050 tingdən istifadə ediblər. Bölgə sakinləri Naxçıvan-Sədərək magistral yolunun Qabıllı kəndi hissəsindəki 1 hektarlıq yeni salınmış bağda 1350 ədəd üzüm kolu, həmin ərazidəki bulağın yaxınlığında 200 ədəd meyvə ağacı, ümumilikdə, magistral yolun kənarlarında 500 ədəd gül kolu əkiblər.
Şahbuzlular rayon mərkəzindəki yeni salınmış 0,7 hektarlıq bağda 450 ədəd meyvə, Kolanı-Biçənək kəndləri arasındakı yol kənarlarında 480 ədəd meşə ağacı və bərpa məqsədilə 170 ədəd meyvə ağacı əkiblər.
Sədərək rayonunda 4200 ədəd ağac, bəzək və gül kolları əkilib. Bunun 1000 ədədi üzüm kolu, 2600 ədədi gül, 600 ədədi isə meşə ağacı olub.
İməcilik çərçivəsində ahıl vətəndaşların həyətlərində təmizlik-abadlıq işləri aparılıb.
Xəbərlər şöbəsi