Muxtar respublikada hər bir sahədə olduğu kimi, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində də son illərdə xeyli işlər görülüb və həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.
Ötən il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yeni yaradılan səyyari xidmət insanlara daha bir qayğının ifadəsidir. Səyyari xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, 2015-ci il ərzində səyyari xidmətə 6320 müraciət edilib. Onlardan 5123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışını almaq üçün edilən müraciətlər olub.
Cari ildə də səyyari xidmət fəaliyyətini davam etdirir. Oktyabr ayının 24-dən noyabr ayının 8-dək Şərur rayonunun Dəmirçi, Danyeri, Zeyvə, Maxta, Mahmudkənd, Aşağı Yaycı, Xanlıqlar, Tumaslı, Yengicə, Püsyan, Çomaxtur və Qorçulu kəndlərində əhaliyə səyyari xidmət göstərilib. Bu müddətdə 213 nəfər şəxsiyyət, 61 nəfər sürücülük vəsiqələri almaq üçün müraciət edib. Noyabr ayının 14-dən xidmət öz fəaliyyətini Ordubad rayonunda davam etdirir.
Məlumat üçün bildirək ki, ilin ötən 10 ayı ərzində xidmət tərəfindən muxtar respublikanın bütün rayonları üzrə 3549 nəfər şəxsiyyət, 1169 nəfər sürücülük vəsiqəsi, 40 nəfər məhkumluq arayışı ilə təmin edilib.
Muxtar Məmmədov