Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində muxtar respublikanın ali təhsil ocaqları tələbələrinin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan bayrağı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə muzeyin direktoru Ramil Orucəliyev açaraq “Naxçıvanda ucaldılan Dövlət Bayrağı” mövzusunda danışıb.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Naxçıvan Muxtar Respublikasının Dövlət bayraqları” mövzusunda məruzə edib.
Elman Cəfərli tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, tarixən bayraq, gerb və sonralar himn dövlətçilik simvolu kimi ölkələrin əsas rəmzlərini təşkil edib, Konstitusiya və qanunlarda əks olunmuş xüsusi hüquqi normalarla dövlət atributu kimi möhkəmləndirilib. Naxçıvan Muxtar Respublikası da yarandığı vaxtdan konstitusion səviyyədə özünün atributlarına malik olub.
Naxçıvan Muxtar Respublikasının Dövlət bayraqları haqqında məlumatları tarixi faktlarla konfrans iştirakçılarının diqqətinə çatdıran Elman Cəfərli bildirib ki, 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin yeni tərkibdə ilk sessiyası bir sıra tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olub. İlk sessiyaya sədrlik edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərarla “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adından “Sovet Sosialist” sözləri çıxarılıb və muxtar respublika rəsmən “Naxçıvan Muxtar Respublikası” adlandırılıb. Digər bir qərarla muxtar respublikanın Ali Soveti həmin gündən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılıb. Nəhayət, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli, ay-ulduzlu bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib və həmin bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi tanınması barədə Azərbaycan SSR Ali Sovetinə qanunvericilik təşəbbüsü qaydasında müraciət edilib.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının hazırkı Dövlət Bayrağı muxtar respublika Konstitusiyasının 10-cu maddəsinə görə Azərbaycan Respublikasının Dövlət Bayrağıdır. Bu isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikası Ali Sovetinin isə 1991-ci il fevralın 5-də qəbul etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay və səkkizguşəli ulduzdan ibarət bayrağıdır.
Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinin bələdçisi Sevinc Rəsulova isə “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə edib. Məruzədə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 17-si “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir. Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması ulu öndərimiz Heydər Əliyevin yoluna sədaqətin, sevginin təzahürüdür. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Biz noyabrın 17-ni “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd etməklə bir daha bu qüruru, fəxarəti yaşayırıq.
Elmi-praktik konfransda “Yüksəlişə üçrəngli yol” filmi nümayiş etdirilib.
Sonra konfrans iştirakçıları Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Xəbərlər şöbəsi