25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində əhaliyə səyyari xidmət göstərilir. Səyyari xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və digər xidmətlər göstərilir.

Vətəndaşların ərizələri yaşadıqları ərazidə qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilir. Qəbul edilmiş sənədlər komitənin rayon qurumları tərəfindən elektron sistemə daxil edilir, texniki sənədlər hazırlanır. Mülkiyyət obyektləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır, çıxarışlar hazırlanır və qısa müddət ərzində yerlərdə vətəndaşlara çatdırılır.

Komitədən verilən məlumata görə, 2015-ci ildə səyyari xidmət vasitəsilə muxtar respublikanın 85 yaşayış məntəqəsindən 1502 müraciət qəbul edilib. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilir. Noyabrın 10-da komitənin səyyari briqadası Şərur rayonunun Çərçiboğan kəndində olub və burada əhaliyə xidmət göstərib. Biz də adıçəkilən yaşayış məntəqəsində olduq, xidmətin səviyyəsi ilə maraqlandıq.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Rüstəmov bizimlə söhbətində bildirdi ki, xidmət göstəriləcək ünvanlarda 5 gün əvvəl elanların vurulması təmin edilir və sakinlər arasında maarifləndirmə işləri aparılır.
Səyyari xidmət Çərçiboğan kəndinin mərkəzində təşkil olunmuşdu. Artıq səhər saatlarından xidmətdən istifadə etmək üçün gələnlərin sayı getdikcə artırdı. Kənd sakini Bəbir Qədimov bildirdi ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bu cür xidmətlərin yerlərdə təşkili onları çox sevindirir: “İndi artıq heç bir dövlət qurumunun qapısını döymədən işlərimizi görə bilirik. Daşınmaz əmlakın qeydiyyatı bu xidmət vasitəsilə xeyli sadələşib”.
Digər kənd sakini Vəli Əliyev də göstərilən xidmətdən razılığını bildirdi. Dedi ki, daşınmaz əmlakın qeydiyyata alınması indi çox sadədir. Belə ki, hər kəs ona aid olan tikilinin və ya torpaq sahəsinin qeydiyyatı üçün bu cür xidmətdən istifadə edə bilər. Burada çox yüksək səviyyədə xidmət göstərilir. Əmlakla bağlı bizi maraqlandıran suallar cavablandırılır. Çox razıyıq, belə xidmətin təşkilinə görə dövlətimizə minnətdarıq.
Onu da qeyd edək ki, ahıl və sağlamlıq imkanları məhdud olan vətəndaşların müraciətlərinə yaşadığı ünvanda, elə yerindəcə baxılır, həmin şəxsə məxsus torpaq sahəsinin şəhadətnaməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla əvəzlənir.
Günün sonuna doğru Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Rüstəmovla əlaqə saxlayaraq öyrəndik ki, gün ərzində 28 nəfər kənd sakininə səyyari xidmət göstərilib.
Əhaliyə səyyari xidmətlərin göstərilməsi muxtar respublikada daşınmaz əmlak bazarının aktivləşməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan verir. Bundan başqa, səyyari xidmətin təşkili yerlərdə vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, vaxta qənaət etməyə, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradıb.
Qeyd edək ki, analoji tədbir dünən Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində də keçirilib. Gün ərzində 12 nəfər kənd sakini səyyari xidmətdən yararlanıb.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR