25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində Konstitusiya Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Konstitusiyanın ali qanun kimi ölkə vətəndaşlarının taleyindəki rolundan danışıb.
Hüquq fənləri kafedrasının müəllimi Yunis Xəlilov “Azərbaycan Respublikasının ilk milli Konstitusiyası demokratik dəyərlərin əsas təminatçısı kimi” adlı məruzəsində bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Konstitusiyamız dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı hüquq islahatlarının əsasıdır.
Vurğulanıb ki, ulu öndər Konstitusiyamızın hazırlanmasında həm milli, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürüb. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk milli Konstitusiyası qəbul olunub.

Məruzədə Konstitusiyamızın qəbulundan sonra ölkəmizdə aparılan geniş qanunvericilik və məhkəmə-hüquq islahatlarından, Konstitusiya nəzarəti təsisatının, bələdiyyələrin yaradılaraq fəaliyyətə başlaması kimi yeniliklərdən, həmçinin 2002, 2009 və 2016-cı illərdə Əsas Qanuna edilən və Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin olunması, cəmiyyət həyatının müxtəlif sahələrinə dair normaların təkmilləşdirilməsini nəzərdə tutan müxtəlif əlavə və dəyişikliklərdən danışılıb.
Kafedranın baş müəllimi Şamxal Hüseynov “Azərbaycan Respublikası Konstitusiyası insan hüquq və azadlıqlarının təminatçısıdır” adlı məruzəsində qeyd edib ki, Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Belə ki, Azərbaycan Respublikası Konstitusiya normalarını rəhbər tutmaqla insan hüquqları ilə bağlı bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulub, bu aktların keçirilməsindən irəli gələn qanunvericilik aktlarını qəbul edib.
Universitetin müəllimi Cahan Bayramova “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası” adlı məruzəsində ölkəmizin müstəqillik uğrunda tarixboyu apardığı mübarizədən, millətimizin tarixi gələcəyi, tərəqqisi və inkişafı üçün böyük əhəmiyyət kəsb edən Konstitusiyanın hazırlanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Nərmin Cabbarova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR