Konstitusiya hər bir ölkədə Əsas Qanun kimi ali hüquqi qüvvəyə malikdir. Dövlətin təməl prinsiplərini, siyasi, hüquqi və sosial-iqtisadi əsaslarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir. Tarixdən məlum olduğu kimi yeni yaranan, müstəqilliyə qovuşan və ya köklü siyasi-iqtisadi dəyişikliklərin həyata keçirildiyi ölkələrdə ilk vəzifələrdən biri məhz dövrün tələblərinə uyğun Konstitusiyanın qəbulu olmuşdur.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrübəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.
Ulu öndərin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir şanlı səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin əməyinin məhsulu olan Konstitusiya öz demokratikliyi, humanistliyi və dolğunluğu ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı, xalqımızın demokratik dövlət qurmaq və dünya arenasında layiqli yer tutmaq istəyini nümayiş etdirdi. Məhz bu tarixi hadisədən sonra Azərbaycanda hüquqi islahatlara başlanıldı. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmış, insan hüquqlarının və azadlıqlarının təminatları müəyyən edilmişdir. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın ali dəyərlərini əks etdirir.
Demokratiya yolu ilə gedən Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyinin Azərbaycan xalqı olması, sərbəst və müstəqil öz müqəddəratını həll etməyin və öz idarəetmə formasını müəyyən etməyin xalqın suveren hüququ kimi təsbit edilməsi, Azərbaycan xalqının Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olması Konstitusiyamızda öz əksini tapmışdır. Konstitusiyamızda ilk dəfə olaraq Azərbaycanın demokratik, hüquqi, dünyəvi, unitar respublika olması təsbit edilmişdir. Konstitusiyada dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili müəyyən edilmiş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan etmişdir. Bu baxımdan Konstitusiyamızın üçdəbir hissəsi əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası formalaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmişdir ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına öz müsbət təsirini göstərmişdir. Təsadüfi deyil ki, Konstitusiyada təsbit edilmiş hakimiy-yətlərin bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyətcə yeni funksiyalar əldə etmişdir.
Ötən dövr ərzində qanunvericilik sahəsində həyata keçirilən islahatların məntiqi davamı kimi Azərbaycan Respublikasının Konstitusiyasından qaynaqlanan bir sıra məcəllələr – Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual, cəzaların icrası, mülki, mülki-prosessual, inzibati xətalar, ailə, əmək, vergi, inzibati prosessual və digər məcəllələr, həmçinin “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Notariat haqqında” və bir sıra digər qanunlar qəbul olunmuşdur.
Konstitusiyanın gətirdiyi əhəmiyyətli yeniliklərdən biri həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan yeni bir institutun – Konstitusiya nəzarəti təsisatının yaradılması olmuşdur. Qeyd edilməlidir ki, Konstitusiya nəzarətinin əsas məqsədi Konstitusiyanın aliliyinin təmin edilməsi və Konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsidir. Bu baxımdan ali Konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi normativ-hüquqi aktların Konstitusiyaya və hüquqi iyerarxiyada özündən üstün qüvvəyə malik aktlara uyğunluğunun müəyyənləşdirilməsi, insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi, hakimiyyətlər arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi kimi mühüm səlahiyyətlərə malikdir.
Konstitusiyamızın gətirdiyi digər yeniliklərdən biri də ilk dəfə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin statusunun konstitusion səviyyədə təsbit edilməsi olmuşdur. Məhz milli Konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə orqanı – bələdiyyələr yaradılmış və fəaliyyətə başlamışdır.
Əsas Qanunumuzda Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin olması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəslində əks olunmuş müddəalar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsi hazırlanıb Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulmuş, 29 dekabr 1998-ci ildə Konstitusiya Qanunu kimi qəbul edildikdən sonra 8 yanvar 1999-cu ildə qüvvəyə minmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi Naxçıvan Muxtar Respublikasının statusunu, muxtariyyətinin əsaslarını, dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili, onların qarşılıqlı əlaqəsini müəyyənləşdirmişdir. Bu Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə ali vəzifəli şəxs institutu təsis edilmişdir. Bu Konstitusiyanın qəbulu siyasi-hüquqi əhəmiyyətinə görə nəinki muxtar respublikada, bütövlükdə ölkəmizdə mühüm əlamətdar hadisəyə çevrilmiş, beynəlxalq təcrübədə nümunəvi model kimi dövlət idarəetməsinin təşkilinin mükəmməl hüquqi bazasını yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan MSSR-in 1978-ci il Konstitusiyasından fərqli olaraq bu Konstitusiyada muxtar respublikanın statusu və onun Azərbaycan Respublikasının Konstitusiyası, Moskva və Qars beynəlxalq müqavilələri ilə müəyyən edilməsi daha aydın görünür. Hakimiyyət bölgüsü, mülkiyyət formaları əvvəlki Konstitusiyaya görə daha dəqiq və genişdir”.
Tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunumuz demokratik, dünyəvi, hüquqi və unitar Azərbaycan dövlətinin əsaslarını təsbit edən mühüm və bitkin normativ sənəddir. Lakin qlobal miqyaslı sosial-siyasi və hüquqi yeniliklərin baş verdiyi, təhlükəsizlik məsələlərinin ön plana çıxdığı, dövlət idarəçiliyinin modern və daha səmərəli üsullarının tətbiq edildiyi, qanunvericilik prosesinin daim inkişaf etdiyi, dinamik olduğu və dövrün tələblərinə uyğunlaşdığı zaman Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi daha mükəmməl əhəmiyyətə malik olur. Bu baxımdan Azərbaycan Respublika-sının beynəlxalq arenaya inteqrasiyasının gücləndiyi və hüququn müasir inkişafı şəraitində Konstitusiya islahatlarının aparılması zərurətə çevrilmişdir. Məhz bu zərurətdən qaynaqlanaraq 2002, 2009 və 2016-cı illərdə referendum keçirilməklə Konstitusiyamıza əlavələr və dəyişikliklər edilmişdir.
2002-ci il avqustun 24-də ölkəmizdə ümumxalq səsverməsi – referendum keçirilmiş, ilk dəfə Konstitusiyanın, ümumilikdə, 24 maddəsinə 31 əlavə və dəyişikliklər edilmişdir. 2009-cu il martın 18-də ölkəmizdə yenidən ümumxalq səsverməsi – referendum keçirilmiş, ikinci dəfə Konstitusiyaya 29 maddə üzrə 41 əlavə və dəyişikliklər edilmişdir. Bu il keçirilən ümumxalq səsverməsi – referendumla isə Konstitusiyanın 23 maddəsinə əlavə və dəyişikliklər edilmiş, eləcə də yeni 6 maddə əlavə olunmuşdur.
Hazırda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, qanunvericilik sahəsində əldə olunan nailiyyətlər mənbəyini Azərbaycan Konstitusiyasından alan möhkəm hüquqi bazaya malikdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən dövrdə qanunçuluğun təkmilləşdirilməsi işində qazanılan uğurları çıxışlarının birində belə ifadə etmişdir: “Keçən illər ərzində Konstitusiya humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir. Onun əhatə etdiyi bütün sahələrdə – hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi, insan haqlarının və azadlıqlarının təmin olunması və sair ilə bağlı mühüm irəliləyişlər baş verir. Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir”.
Bu gün böyük qürur hissi ilə söyləyə bilərik ki, möhkəm hüquqi bazaya malik olan Azərbaycan Respublikasının Konstitusiyası hələ uzun illər Azərbaycan Respublikasının sabitlik şəraitində davamlı inkişafını təmin etməyə, müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirməyə, müstəqilliyimizi yaşatmağa qadir olacaq və Azərbaycan xalqına xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti