25 Dekabr 2024, Çərşənbə

Bu mənada, muxtar respublika sakinlərinin bəxti gətirib

…Artıq imperiyanın çürümüş sütunları silkələnirdi, yetmiş il bir yerdə yaşamağa məhkum edilmiş “qardaşlaşan” respublikalar arasında iqtisadi əlaqələr kəsilirdi. Moskva, əslində, bütün müttəfiqlərdən əlini üzmüşdü. Azərbaycanda isə vəziyyət daha acınacaqlı idi. Bir tərəfdən mərkəzə arxalanan Ermənistanın əsassız torpaq iddiaları, digər tərəfdən kürsü üstündə bir-biri ilə didişən, Krılovun təmsilində deyildiyi kimi, biri suya, biri havaya, biri quruya çəkən ovaxtkı başıboş “başçıların” ucbatından xalq başının üstünü almış qara buludların qaranlığında ən çətin günlərini yaşayırdı.

Şərur rayonunun mərkəzindəki çörəkbişirmə sexinin qabağında beş-altı lavaş almaq üçün saatlarla, bəzən günlərlə növbəyə dururduq.
Torpaq sahibsiz-yiyəsiz qalmışdı – nə əkən var idi, nə biçən. İdarə və müəssisələr iflic vəziyyətinə düşmüşdü. Bədbinliyə qapılmış kütlə əlini ağdan-qaraya vurmurdu.
İşıq yox, qaz yox, yollar bağlanmış, hər yerlə əlaqə kəsilmişdi. Belə vəziyyətdə camaat çıxış yolunu qışda evləri qızdırmaq üçün üzüm və meyvə bağlarını, həyətlərdəki köklü cəviz, alma, armud, tut ağaclarını kəsib yandırmaqda görürdü.

Günəşli səhərlərə gedən yol qaranlıq gecələrdən keçir və Günəşin şəfəqləri o qaranlıqları bir anda yox edir. Nəhayət, belə Günəş 1990-cı il iyul ayının 22-də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın səmasında parladı. Bu, Heydər Əliyev Günəşi idi.
Ulu öndər siyasi təcrübəsindən, dünya böyüklükdə olan nüfuzundan istifadə edib qısa vaxt ərzində muxtar respublikada ərzaq və enerji böhranının aradan qaldırılması üçün əsaslı tədbirlər həyata keçirdi. Onun təşəbbüsü ilə keçmiş ittifaq respublikaları arasında ilk dəfə olaraq Naxçıvanda islahatlara başlandı. Bununla da dağıdıcılıq prosesinə son qoyuldu, kütlənin itirilmiş inamı özünə qayıtdı.
Muxtar respublikamıza səfərlərinin birində ümummilli liderimiz həmin illərdəki vəziyyəti belə xatırladırdı: “Naxçıvanda qışda şaxta 40 dərəcəyə qalxırdı. Ağır illər, çətin dövr idi. Su, elektrik enerjisi çatışmırdı, qaz, istilik yox idi, ərzaq sarıdan çətinlik çəkirdik. Xatirinizdədir, mən sizə dəfələrlə dedim, bərabər yaşayacağıq, əgər ac qalsaq da, hamımız bir yerdə ac qalacağıq. Ancaq nə qədər çətin olsa da, donmadıq, ac da qalmadıq… Gecə saat 2-3-ə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim, bunu hamı bilirdi. Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi… Amma naxçıvanlıların dözümlülüyü hamımızı bu vəziyyətdən çıxardı”.
1995-1996-cı illərdən daha sürətlə tərəqqi və inkişaf yoluna çıxan muxtar respublikamızın bütün bölgələrində bu gün həyat normal axarı ilə davam edir, sənaye və kənd təsərrüfatı məhsulları istehsalı, tikinti-quruculuq, abadlıq, yaşıllaşdırma tədbirləri ildən-ilə yüksək artımla müşahidə olunur.
Muxtar respublikamızın hər yerində aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri şəhər və kəndlərimizin görkəmini əsaslı şəkildə dəyişir, yeni istehsal və emal müəssisələri işə salınır. Bu isə, sözün həqiqi mənasında, yeni Naxçıvanın qurulmasına gətirib çıxarıb.
Bu inkişafdan Şərur rayonuna da xeyli pay düşüb. Rayon mərkəzi və 45-ə qədər kənd yeni görkəm alıb, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri tikilib, yol, rabitə, elektrik və qaz infrastrukturları yenilənib, suvarma qurğuları istismara verilib. İstifadəyə verilən bütün sosial-inzibati obyektlər qazla işləyən fərdi qazanxanalarla təmin olunur. Bu da qış aylarında məktəblərdə dərslərin fasiləsiz keçilməsinə, digər müəssisələrdə işin normal təşkilinə imkan verir.
Azərbaycan Respublikası Prezidentinin və muxtar respublika Ali Məclisi Sədrinin aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı imzaladığı sərəncamlar bu bölmənin inkişafına marağı xeyli artırıb. Torpaq mülkiyyətçiləri dövlətin dəstəyi ilə güzəştli şərtlərlə kreditlər, pulsuz gübrə, motor yağlarının dəyərinin bir hissəsini alır, taxılçılara hər hektar əkin sahəsi üçün yardım olunur, hər il meliorasiya və irriqasiya tədbirlərinə xeyli vəsait xərclənir.
1969-cu ildə inşasına başlanan, səkkiz il sonra – 1977-ci ildən istismar olunan Arpaçay Su Anbarı ümummilli liderimiz Heydər Əliyevin yadigarıdır. 40 ilə yaxındır ki, bərəkətli Şərur, Sədərək, Kəngərli düzlərinə yeni həyat bəxş edən bu dəryaça kənd təsərrüfatının inkişafında mühüm rol oynamaqla yanaşı, daha öz məcrasından da çıxa bilmir. 2008-ci ildə su qovşağında aparılan təmir-bərpa işlərindən sonra gölün tutumu maksimum səviyyəyə çatıb və beləliklə, qızmar yay günlərində əkinlərin suvarılması sahəsində yaranan problemlərə tamamilə son qoyulub. Araz çayı boyu sahilbərkitmə işləri sürətlə davam etdirilir ki, bu da həmin ərazilərdə torpaqların yuyulmasının və şoranlaşmanın qarşısını alır. Bütün bunların nəticəsidir ki, rayonda kənd təsərrüfatı yüksək sürətlə inkişaf etdirilir. Müqayisə üçün deyək ki, bitkiçilik, heyvandarlıq və quşçuluq məhsulları istehsalı 1995-ci ilin rəqəmlərini 15-20 dəfə üstələyir.
Bu gün artıq çörəyimiz də boldur, ətimiz, yağımız, meyvəmiz, tərəvəzimiz də. Xüsusilə daha çox istifadə edilən taxıl və kartof, ət və süd məhsulları ildən-ilə artır, bu hesaba da öz istehsalımız özümüzü tam təmin edir. Rayonun müxtəlif ünvanlarında mövcud olan 10 soyuducu anbar 2 min tondan artıq meyvə-tərəvəz saxlamaq gücünə malikdir. Bu da əhalinin qış aylarında yerli məhsullarla təmin olunmasına şərait yaradıb.
Aparılan tikinti-quruculuq işləri, sənaye və istehsal müəssisələrinin genişləndirilməsi, torpağa marağın artması əhalinin məşğulluğunun təmin olunmasına da geniş imkanlar açıb. Nə vaxtsa bir tikə çörək dalınca mal-qarasını dəyər-dəyməzinə satıb, torpağını boş, ev-eşiyini, həyət-bacasını sahibsiz-yiyəsiz qoyub ora-bura qaçanlar bu şəraiti görüb doğma yerlərinə qayıdır, torpaqdan ikiəlli yapışırlar. Artıq hər kəs yaxşı bilir ki, ən dadlı çörək halal zəhmətlə qazanılan, öz elində-obasında hasilə gətiriləndir.
Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyin, bu siyasətin müstəqil Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvanda ardıcıllıqla və uğurla davam etdirilməsinin nəticəsidir.
Bu gün böyük qürur hissi keçiririk ki, ulu öndərin Naxçıvanın dünəni, bu günü və daha xoşbəxt gələcəyi naminə müəyyənləşdirdiyi strategiya muxtar respublikamızda uğurla həyata keçirilir. Son 20 ildə aparılan ardıcıl və uğurlu siyasət nəticəsində muxtar respublikanın sosial-iqtisadi sahədə qazandığı uğurlar artıq xarici bazarlardan asılılığı minimuma endirib. İşsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hər il minlərlə yeni iş yerləri yaradılır. Yaşayış məntəqələrinə fasiləsiz elektrik enerjisi və qaz verilir. Yol-nəqliyyat kompleksi təzələnir, ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına təmin edilir, ümumtəhsil məktəblərinin şəbəkəsi yeni istifadəyə verilən obyektlər hesabına ildən-ilə genişlənir. Sevindirici nəticələrdən biri də budur ki, əhalinin artımında və məskunlaşmasında hər il yüksək rəqəmlər qeydə alınır. Bütün bunlar muxtar respublika sakinlərinin maddi rifah halının, dolanışıq səviyyəsinin yüksəldilməsinə, doğma el-obaya bağlılığına müsbət təsir edən amillərdəndir.
Ümumiyyətlə, bugünkü Naxçıvan sosial-iqtisadi göstəriciləri, aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri ilə nəinki Azərbaycanın digər regionlarına, hətta dünyanın bir çox ölkələrinə nümunə göstəriləcək səviyyədədir. Bunu muxtar respublikamızda təşkil olunan beynəlxalq tədbirlərin iştirakçıları, xarici ölkələrdən Naxçıvana gələn turistlər də etiraf edirlər. Müstəqilliyin ilk illərində çörəyi də, digər zəruri ərzaq və gündəlik tələbat mallarını da qonşu ölkələrdən almaq məcburiyyətində qalan Naxçıvan artıq bu məhsulları, hətta inşaat materiallarını, elektrik enerjisini də xaricə ixrac etmək imkanına malikdir. Bu, ümummilli liderin siyasətinə sadiqliyin, Vətənə, doğma torpağa, xalqa olan bağlılığın və sevginin bariz ifadəsidir. Müstəqil ölkəmizin, onun tərkib hissəsi olan doğma Naxçıvanımızın daha parlaq gələcəyi hələ irəlidədir. Bu gələcəyin təməlində isə Heydər Əliyev siyasəti, Heydər Əliyev uzaqgörənliyi dayanır.
…Deyirlər, xoşbəxt o adamdır ki, səhər işə, axşam evə tələsir. Bu mənada, muxtar respublika sakinlərinin bəxti gətirib. Çünki hər gün səhər həvəslə məktəbə, iş yerinə yollanır, bilirlər ki, dərs keçmək, işləmək üçün normal şərait yaradılıb. Dükan-bazarlarımız öz istehsalımız olan yerli məhsullarla doludur. Çörək, ət, yağ, meyvə, tərəvəz istənilən qədərdir, mənzillərimiz fasiləsiz elektrik enerjisi, mavi yanacaqla təmin olunur. Ona görə ailədən, uşaqdan da tam arxayınçılıqdır. Hər bir naxçıvanlı isə yaradılan bu şəraitdə hamılıqla əl-ələ verib Azərbaycanın qədim diyarının daha da çiçəklənməsinə, inkişafına töhfəsini verir.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR