Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Dövlət Bayrağının müstəqillik rəmzi, milli qürur və şərəf mənbəyi olduğunu bildirib, kollektivi bayram münasibətilə təbrik edib.
Universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “Müstəqilliyimiz və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız” adlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, bu gün paytaxt Bakının ən görkəmli yerində dünyanın ən böyük bayrağı – dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan Azərbaycan bayrağı dalğalanır. Bu bayraq xalqımızın iftixar və qürur mənbəyi kimi hər bir azərbaycanlı üçün müqəddəsdir.
Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Məclisinin sessiyasında yenidən Dövlət Bayrağı kimi təsdiq edilib. Elə həmin sessiyada ovaxtkı Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi ilə bağlı vəsatət qaldırılması qərara alınıb. Üçrəngli bayrağımız 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan olunub.
Xəzər Hüseynov ölkəmizin çoxəsrlik dövlətçilik tarixi, Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bağlı qəbul edilən sərəncamlar, Bakıda, Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması barədə də danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 17 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 17-nin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd olunması bu günün dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqləyir.
Tədbir Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə universitetin Tələbə Teatr Studiyasının hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Mehriban SULTAN
* * *
“Naxçıvan” Universitetində də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra üçrəngli bayrağımız səhnəyə gətirilib.
Tədbirin aparıcıları bildiriblər ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi bütün vətəndaşlar üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Vurğulanıb ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılıb. Həmin sessiyada Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlər müzakirə olunub, “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “Naxçıvan Muxtar Respublikası ali dövlət hakimiyyəti orqanı haqqında” tarixi qərarlar qəbul edilib. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunub, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırıb.
Çıxışlarda diqqətə çatdırılıb ki, bayrağımıza göstərilən daha bir qayğının ifadəsi olaraq 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Tədbirin bədii hissəsində tələbələrin ifasında rəngarəng musiqi nömrələri, Vətənimizə həsr olunmuş şeirlər səsləndirilib.
Nuray ƏSGƏROVA