Naxçıvan Muxtar Respublikasının əksər kənd yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb, yeni sosial obyektlər istifadəyə verilib. Belə yaşayış məntəqələrində inşa olunan binalardan biri də kənd mərkəzləridir.
Müasir dünyada dövlət idarəçiliyi mövzusunda müzakirə edilən əsas məsələlərdən biri də desentrlizasiya, yəni qeyri-mərkəzləşmə prosesinin aparılmasıdır. Termin kimi bizim üçün yeni olsa da, əslində, diqqət yetirdiyimiz zaman bu prosesin muxtar respublikada artıq illərdir ki, həyata keçirildiyinin şahidi oluruq. Fikir olaraq, əsasən, XIX əsrdə fransız mütəfəkkirləri tərəfindən irəli sürülən bu proses həm də müasir liberal idarəçiliyin əsas prinsiplərindən biri hesab edilir. Bu proses mahiyyətcə mərkəzi idarəçiliyin bəzi səlahiyyətlərinin yerli təşkilatların üzərinə qoyulmasını nəzərdə tutur. Başqa sözlə desək, vətəndaşların problemlərinin daha çevik həllinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasında son illər ərzində reallaşdırılan kənd mərkəzləri layihəsini həm mərkəzləşmə, həm də qeyri-mərkəzləşmə modelinin tərkib hissəsi hesab etmək olar. Bu mərkəzlər kəndlərdə və ayrı-ayrı yaşayış məntəqələrində müxtəlif istiqamətlərdə “səpələnmiş” bir neçə vacib strukturu özündə birləşdirməklə vətəndaşın problemlərinin tez bir vaxtda həll olunmasına, zamanına və enerjisinə qənaət etməsinə şərait yaradır.
Məsələn, sadə Naxçıvan kəndlisi evinə internet xətti açdırmaq, tibbi xidmət almaq, müxtəlif sənədləri əldə etmək, təsərrüfatındakı mal-qaraya baxacaq baytar həkimi və zəruri dərman preparatlarını tapmaq, kitabxana resurslarından istifadə etmək üçün şəhər və rayon mərkəzinə gəlib-getmək zərurəti duymur. Nəticədə, təsərrüfat işlərinə sərf etməyə daha çox zamanı qalır. Bu, eyni zamanda muxtar respublika paytaxtında, şəhər və rayon mərkəzlərində yuxarıda sadaladığımız funksiyaların həyata keçirilməsinə cavabdeh olan qurumların üzərindəki xidmət yükünün azalmasına, digər funksiyaların daha keyfiyyətli və effektiv həyata keçirilməsinə xidmət edir.
Kənd mərkəzləri statistik rəqəmlərdə
Naxçıvanda ilk kənd mərkəzlərinin yaradılması 2005-ci ilə təsadüf edir. 2005-ci ildə Ordubad rayonunun Kotam kəndində kənd mərkəzi üçün bina tikilib, Şərur rayonunun Həmzəli və Babək rayonunun Vayxır kəndlərində kənd mərkəzləri üçün binalar yenidən qurulub.
Ümumilikdə, 2005-ci ildən ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında 4 qəsəbə, 133 kənd mərkəzi istifadəyə verilib.
Kənd mərkəzləri hansı funksiyaları yerinə yetirir?
Yaradılan kənd mərkəzlərində cəmləşən qurumlara diqqət yetirək: rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, klub, mədəniyyət evi, statistika otağı və sair.
Rabitə evi. Müasir dünyanı rabitəsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki müasir cəmiyyətin mobilliyini təmin edən əlaqə vasitəsi məhz rabitədir. Rabitə insanlar arasında məsafəni, fikirlərin sərhədlərini aradan qaldıran ünsiyyət deməkdir. İnsan sözünün ilk hecasının “ünsiyyət”dən gəldiyini nəzərə alsaq, ünsiyyətsiz insanın mövcudiyyətindən danışmaq yersiz olar. Bu gün rabitə dedikdə təkcə telefon, faks, qəzet, jurnal və sair deyil, həm də internet və yeni texnologiyalar nəzərdə tutulur. Bəs kənd mərkəzlərinin rabitə evlərində hansı xidmətlər göstərilir? Culfa rayonunun Gülüstan kəndində aparılmış abadlıq-quruculuq işləri ilə bağlı qəzetimizdə dərc olunan məlumatdan sitat: “Rabitə evində 384 nömrəlik yeni ATS quraşdırılıb, kəndə 1550 metr fiber-optik kabel xətti çəkilib, poçt xidməti təşkil olunub. Poçt şöbəsində kommunal xidmət haqlarının və digər ödənişlərin aparılması üçün lazımi şərait yaradılıb”. Deməli, artıq Culfanın Gülüstan kəndində yaşayanlar nəinki rabitə xidmətlərindən rahatlıqla istifadə etmək, həm də ensiklopedik bir məlumat bazası olan ümumdünya internet şəbəkəsindən əkinçilik və heyvandarlıq sahəsində tətbiq edilə biləcək ən son yenilikləri, texnologiyaları öyrənmək imkanlarına malikdirlər.
Polis sahə məntəqəsi. Artıq heç kəsə sirr deyil ki, Naxçıvan Muxtar Respublikası dünyanın ən təhlükəsiz məkanlarından biridir. Burada sahibi evdə olmayan açıq qapılı mənzillərə, dayanacaqda dayanmış açıq pəncərəli avtomobillərə tez-tez rast gəlinir. Lakin bununla bağlı bircə oğurluq faktı da yoxdur. Cinayətsiz regiona çevrilən Naxçıvanda bu cür sabitliyin təmin edilməsində polisin əvəzsiz rolu var. Hər bir kənd mərkəzində polis məntəqələri təkcə cinayətin qarşısını almaq üçün yox, həm də profilaktik tədbirləri aparmaq üçün yaradılır. Başqa sözlə desək, burada hər hansı cinayətlə o baş verdikdən sonra yox, baş verməmişdən əvvəl mübarizə aparılır.
Baytarlıq məntəqəsi. Naxçıvanda baytarlığın inkişafına xüsusi diqqət yetirilməsi bir neçə il öncə kənardan baxan insanları təəccübləndirməyə bilmirdi. Muxtar respublikada iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişafının təmin edilməsi üçün fundamental işlərə hələ dünyanı bürüyən iqtisadi böhrandan öncə başlanılmışdı. Naxçıvan hələ o zaman öz iqtisadiyyatının yerli prinsiplərini nəzərə almaqla əkinçiliyin və heyvandarlığın inkişafına xidmət edən tədbirləri reallaşdırırdı. Yaradılan baytarlıq məntəqələri muxtar respublikanın kəndlərində heyvandarlığın və quşçuluğun sağlam əsaslarla inkişaf etdirilməsi üçündür. Yəni bu sahələr elmi əsaslarla inkişaf etdirilir və yaxud kəndli xəstə mal-qarasını müalicə etmək üçün baytar həkimini tapmaqdan ötrü onu qarabaqara izləmir. Nəticədə muxtar respublikada heyvanlar arasında heç bir qorxulu infeksion xəstəlik yoxdur. Əhali sağlam ət və süd məhsulları ilə təmin olunur.
Kitabxana. Bir sıra ucqarlarda sovet dövründən qalan kənd kitabxanalarının vəziyyəti gözümüzün qarşısına gəldikcə ürəyimiz sıxılır: kitablar əski qrafika ilə nəşr edilmiş və vərəqləri saralmış şəkildə, nəmişlik və sair. Lakin bu gün kənd mərkəzlərindəki kitabxanaların şəraiti, çap olunmuş ən son elmi və bədii ədəbiyyatlarla təminatı göz oxşayır. Doğrudur, onlardan istifadənin nə qədər səmərəli təşkil olunduğu başqa bir yazının mövzusudur, lakin hər halda dövlət üzərinə düşəni və düşməyəni edib. Təkcə kənd kitabxanalarında saxlanılan kitabların sayına diqqət yetirmək kifayətdir. Babək rayonunun Xəlilli kəndindəki kitabxanada 8442, Şərur rayonunun Dəmirçi kəndindəki kitabxanada 8329, Culfa rayonunun Gülüstan kəndindəki kitabxanada 6555, Saltaq kəndindəki kitabxanada 15000-dən çox kitab saxlanılır. Deməli, mədəni istirahətini təşkil etmək və ya ilkin tədqiqatlar aparmaq istəyən oxucu bunu kənd kitabxanasında da edə bilər.
İnzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə. Sənədləşmə işlərini aparmaq, yaşayış yerindən arayış almaq insanlar üçün ən yorucu işlərdəndir. Çünki, adətən, bir sənəd üçün mütləq iki-üç qurum arasında ayaq döyməli olursan və bu zəruri, lakin yorucu olan iş sənin kifayət qədər zamanını alır. İndi Naxçıvanın kənd və qəsəbələrində yaşayan insanlar üçün bu iki-üç qurum arasındakı məsafəni kənd mərkəzləri aradan qaldırıb. Heç də təsadüfi deyildir ki, bu xüsusiyyətlərinə görə Naxçıvandakı kənd mərkəzləri Bakıdan gələn dostlarımız tərəfindən kiçik “ASAN xidmət”lər kimi xarakterizə olunur.
Mədəniyyət evi və klub. Doğrudur, sovet dövründən sonra klubların və mədəniyyət evlərinin fəaliyyətində ümumi bir sönüklük müşahidə olunur. Məsələn, Youtube kimi geniş bazaya malik videosaytlar meydana çıxandan sonra kənd klubunda hansısa tamaşanı və ya özfəaliyyət qruplarının konsertini kiminsə izləməyə gələcəyi bir az real görünmür. Lakin bu heç də kənd klublarının fəaliyyətinin ləğv edilməsi anlamına gəlməməlidir. Klubların fəaliyyətinin yeni mexanizmləri müəyyənləşdirilməlidir. Məsələn, hələ böyük səhnələrə və televiziyalara iddialı olmayan məktəbyaşlı uşaqların hazırladıqları səhnələri izləməyə ən azından onlarla qürur duymaq üçün valideynləri və yaxın qohumları gələr. Ya da bu gün kəndlərimizdə onlarla rəqs, nəğmə nümunələri var ki, onları heç bir elektron resursdan izləmək, dinləmək mümkün deyil və kənd mərkəzlərində fəaliyyət göstərən klubların səlahiyyətliləri də bu nümunələri aşkara çıxara bilər. Elə kənd mərkəzlərindəki klublar və mədəniyyət evləri də bu məqsədə xidmət etməlidir.
Naxçıvan Muxtar Respublikasının kənd və qəsəbələrində yaradılan bu cür mərkəzlər düşünülmüş maraqlı bir modeldir. Bu şərait bizim üçün – vətəndaşlar üçün yaradılıb və biz bu imkanları maksimum dəyərləndirməli və onlardan yararlanmalıyıq: müstəqilliyimizin bəhrələrindən müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin gələcəyinin daha yaxşı təmin edilməsi üçün.
Elnur Kəlbizadə