2016-cı il oktyabrın 17-də Naxçıvan Dövlət Televiziyası internet üzərindən HD formatda canlı yayıma başlamaqla öz auditoriyasını daha da genişləndirmişdir.
Bununla əlaqədar Naxçıvan Dövlət Televiziyasının www.naxcivantv.az internet saytı hazırlanmışdır. Saytda “Haqqımızda”, “Redaksiyalar”, “Proqram”, “Xəbərlər”, “Videoarxiv”, “Əlaqə”, “Canlı yayım və arxiv” bölmələri yer alır. İstifadəçilər “Canlı yayım və arxiv” bölməsinə keçid etməklə Naxçıvan Dövlət Televiziyasını internet üzərindən birbaşa izləyə bilirlər. Həmçinin həftə ərzində efirə gedən proqramlara da arxivdən baxmaq imkanı vardır. “Anonslar”, “Televernisaj və videoçarxlar”, “Aktual”, “İctimai”, “Turizm”, “Reklamlar və elanlar” bölmələrində olan məlumatlar müntəzəm yenilənir, “Rəsmi xəbərlər” bölməsindəki materiallar isə Azərbaycan dilindən başqa, ingilis və rus dillərində də yayımlanır.
Saytda televiziyanın bir həftəlik proqramı da yerləşdirilmiş və sayğac qoyulmuşdur. İstifadəyə verildikdən ötən 15 gün ərzində sayta dünyanın 30 ölkəsindən 70 mindən çox baxış olmuşdur. Belə ki, internet üzərindən televiziyaya Türkiyə üzrə 2199, Rusiya üzrə 1616, Ukrayna üzrə 319, Gürcüstan üzrə 217, Ermənistan üzrə 137, İran üzrə 110, ABŞ üzrə 46, Cənubi Afrika üzrə 37, Almaniya üzrə 30, Qırğızıstan üzrə 20, Çin üzrə 19, Qazaxıstan üzrə 18, Cənubi Koreya üzrə 14, Fransa üzrə 13, Moldova üzrə 13, Yaponiya üzrə 13, Polşa üzrə 12, İndoneziya üzrə 9, Misir üzrə 9, Danimarka üzrə 8, Estoniya üzrə 7, Hindistan üzrə 7, Hollandiya üzrə 6, Norveç üzrə 6, Pakistan üzrə 6, Birləşmiş Ərəb Əmirlikləri üzrə 5, Böyük Britaniya üzrə 4, İsveç üzrə 3 və Latviya üzrə 1 baxış olmuşdur. Azərbaycanın digər bölgələrindən baxış sayı isə 30 mini keçmişdir.
Naxçıvan Dövlət Televiziyasının “Youtube”, “Facebook”, “Twitter” və “İnstagram” sosial şəbəkələrində də səhifələri yaradılmışdır. Televiziyanın “Youtube” videokanalında 850-dən çox veriliş, videoçarx, sosial çarx, anons, teleetüd, xəbər süjeti, televernisaj, sənədli və televiziya filmləri yerləşdirilmişdir. “Youtube” videokanalında yerləşdirilən videomateriallara, ümumilikdə, 1 milyondan çox baxış olmuş və ümumi izlənmənin müddəti 3 milyon dəqiqəni ötmüşdür. 2013-2016-cı illərdə aşağıdakı 5 ölkədə videomateriallar daha çox izlənilmişdir:
1. Azərbaycan üzrə baxış sayı –612 min 110
2. Rusiya üzrə baxış sayı –99 min 527
3. Türkiyə üzrə baxış sayı –53 min 190
4. Ermənistan üzrə baxış sayı –11 min 122
5. Ukrayna üzrə baxış sayı –11 min 54
Televiziyanın “Facebook” sosial şəbəkəsində də 11 minə yaxın istifadəçisi vardır. Yeni yaradılmasına baxmayaraq televiziyanın səhifəsi geniş istifadəçi və izləyici toplamışdır. Belə ki, səhifəyə yerləşdirilmiş 1000-dən çox materiala ümumilikdə baxış sayı 1 milyon 400 mindən çox olmuşdur.
Ümumilikdə, Naxçıvan Dövlət Televiziyasının sosial şəbəkələrdəki səhifələrinə yerləşdirilmiş videomateriallara baxış sayı 2 milyon 700 mini ötmüşdür.
Naxçıvan Dövlət Televiziyasının kollektivi bundan sonra da internet saytının və sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edərək milli dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirləri, Naxçıvanın zəngin turizm potensialını, muxtar respublikada baş verən yenilikləri, əldə olunan inkişafı veriliş, film, videoçarx və xəbər sujetləri vasitəsilə geniş tamaşaçı kütləsinə çatdıracaq və təbliğ edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri
Komitəsinin mətbuat xidməti