Hər dəfə təyyarədən enərkən ayağımı basdığım torpaq, içimə çəkdiyim hava, şirin ləhcələri ilə bizi qarşılayan insanlar mənə o qədər doğmadır ki... Bəlkə də elə buna görədir ki, doğulub boya-başa çatdığım, ata-babalarımın uyuduğu o torpaqlara – Naxçıvana tez-tez gedirəm. Təbii ki, hər bir bölgəsi mənim üçün müqəddəs olan Azərbaycanın, doğma Vətənimin ayrılmaz hissəsi – Naxçıvanın hər daşı, zərrəsi mənə çox əzizdir.
Həyatımın ən yaddaqalan illəri bu yerlərdə keçib. Naxçıvana budəfəki səfərimiz fərqli idi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın 20 aparıcı mətbu orqanının rəhbərləri ilə növbəti səfərimiz reallaşırdı. Baş redaktorlardan bəziləri Naxçıvana ilk dəfə, bir çoxları isə uzun fasilədən sonra növbəti səfərə gəlmişdilər.
Hər dəfə əsas yoldan ayrılıb doğma kəndimizə – Saltağa doğru enərkən, nədənsə, evimizə – ata ocağına tələsirəm... Qarşımda əzəmətli Haçadağ, o qədər də geniş olmayan döngələr, işıq dirəklərinin başında yuva salan leyləklər mənə uşaqlığımı xatırladır. Köhnə hasarlar, tozlu-torpaqlı yollar, sınıq-salxaq körpü, məktəb illərini keçirdiyimiz kiçik, birmərtəbəli bina artıq tarixə qovuşub. Dəyişən çox şey var. Kəndimizin girişindən sonuna qədər uzanan yeni, müasir asfalt yol, Əlincəçay üzərində qurulan geniş və əzəmətli körpü, yenilənən hasarlar, bir neçə ay bundan əvvəl istifadəyə verilən dördmərtəbəli müasir orta məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, su dəyirmanı və digər obyektlər, təbii ki, insanların daha rahat və mükəmməl həyat şəraitinin təmin edilməsi üçündür.
Bu görkəm artıq Naxçıvanın bütün kəndlərinin simasıdır. Yəni bütün kəndlərdə müasir orta məktəblər, kənd mərkəzləri, körpülər, yeni yollar inşa olunub, abadlıq-quruculuq işləri aparılıb.
Naxçıvan qədim və zəngin tarixə, mədəniyyətə malikdir, havası təmiz, iqlimi – yayı isti, qışı isə bir o qədər də sərt, insanları dürüst, istiqanlı, qonaqpərvərdir. Bunu təkcə mən yox, muxtar respublikaya səfər edən hər kəs görür, duyur və etiraf edir.
Naxçıvan Beynəlxalq Hava Limanından yerləşəcəyimiz “Təbriz” otelinə doğru hərəkət etdikcə uzanan geniş və təmiz yollar, müasir tikililər, ümumilikdə, şəhərin nizam-intizamlı ab-havası hansısa Avropa şəhərini xatırladırdı. Reallıq budur ki, muxtar respublikada ictimai-siyasi sabitlik hökm sürür, sosial-iqtisadi inkişaf günbəgün sürətlənir. Başlanan hər yeni gündə Naxçıvanın şəhər və kəndlərində, bölgələrində müsbət mənada yeniliklər baş verir. Yerləşdiyimiz “Təbriz” oteli isə belə yeniliklərin, sadəcə, kiçik bir hissəsidir. Burada Avropanın 5 ulduzlu otellərindən geri qalmayan, hətta daha üstün və mükəmməl şərait yaradılıb. Təcrübəli personal isə qüsursuz xidməti ilə müştərilərin bütün arzu və istəklərini yerinə yetirməyə hazırdır.
Səfər proqramımız ilk olaraq ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış əzəmətli abidəsini ziyarət etməklə başladı. Daha sonra görkəmli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən muzeydə olduq. Burada nümayiş olunan zəngin eksponatlar ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirməklə yanaşı, xalqını, dövlətini, Vətənini, millətini nə qədər sevdiyini və bu torpağa bağlılığını bir daha təsdiqləyir.
Naxçıvanın qədimliyini əks etdirən məkanlardan biri də Əlincəqala tarixi abidəsidir. Əlincəqala muxtar respublikanın yenilməzlik simvoluna çevrilib. Həmkarlarımla birlikdə dağın zirvəsinə doğru uzanan daş pillələri qalxdıqca sanki tarixin yenidən canlandığını duyurduq. Son illər burada aparılan tikinti-quruculuq işləri, yaradılan şərait Əlincəqalaya gələn insanların ürəyincədir. Tarixi abidə bir neçə il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı əsasında bərpa edilib. Burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün yeni bina tikilib. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyatını əks etdirən nümunələr, qədim əşyalar nümayiş olunur. Bərpa işləri zamanı tarixiliyin qorunub saxlanılmasına xüsusi diqqət yetirilib. Divarlar, bürc və giriş qapıları, qədim yaşayış evləri, su hovuzları, təndirlər bərpa edilib. İnsanların rahat hərəkəti üçün zirvəyə yeni yol çəkilib, möhtəşəm işıqlandırma sistemi qurulub, yaşıllıq salınıb. Bir sözlə, Azərbaycanın tarixi-mədəni irsini özündə əks etdirən qala qədimliyini saxlamaqla yeni görkəm alıb. Əlincəqalanın zirvəsində dalğalanan üçrəngli Azərbaycan bayrağı isə insanda sonsuz qürur hissi yaradır. Sözsüz ki, bu istiqamətdə görülən işlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna əhəmiyyət daşıyır. Çünki hələ bundan sonra uzun illər boyu Əlincəqalanı görmək üçün Naxçıvana gələn yerli və xarici turistlər qədim tariximizin canlı şahidləri olacaqlar.
Naxçıvanın özünəməxsusluğunu əks etdirən əsas məqamlardan biri onun tarixi abidələrlə zəngin olmasıdır. Həmkarlarımla birlikdə Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsinə səfər də yaddaqalan oldu. 2015-ci ildə bərpa edilən, nəinki Azərbaycanın, hətta dünyanın tarix və mədəniyyət abidələrindən biri sayılan türbə media rəhbərlərində böyük maraq doğurdu. Abidənin səthi oyma həndəsi ornamentlər və dekorativ tağlarla bəzədilib. Türbə zərifliyi, mükəmməl memarlıq üslubu ilə göz oxşayır. Abidənin yerləşdiyi ərazinin tarixi, mədəni əhəmiyyəti nəzərə alınaraq, burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Səfər proqramında “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da yer almışdı. Naxçıvana gedəndə Əshabi-Kəhf ziyarətgahında olmamaq mümkün deyil. Çünki bu sirli məkan istər yerli, istərsə də xarici turistlərin hər zaman diqqət mərkəzində olub. Son illərdə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yaradılan şərait ziyarətçilərin dağların dərinliyinə doğru uzanan çətin və keçilməz yolunu asanlaşdırıb. İnsanlar müqəddəs kitabımız olan “Qurani-Kərim”də adıçəkilən bu məkanı ziyarət edərək qurban kəsir, Allaha dualar edir, Naxçıvanın tarixinin və mədəniyyətinin qədimliyinin bir daha şahidi olurlar. Müşahidələrim zamanı media rəhbərlərinin Əshabi-Kəhflə tanış olarkən müsbət mənada təsirləndiyini gördüm. Doğrudan da, tarixi və dini baxımdan bu qədim, əsrarəngiz məkan insanı saflaşdırır, müqəddəs inanclarımıza daha möhkəm bağlılığa sövq edir.
Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da həmkarlarımın yaddaşında xoş xatirələrlə qaldı. Artıq bir çoxu yenidən buraya gəlmək və mərkəzdən faydalanmaqla bağlı planlar qurub. Çünki Duzdağ Fizioterapiya Mərkəzi, həqiqətən də, unikal məkandır. Təbii müalicənin ən doğru ünvanlarından biri sayılan mərkəzə gələn hər kəs burada şəfa tapır, daha sağlam və gümrah şəkildə evinə qayıdır. Təsadüfi deyildi ki, həmkarlarım Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumatları maraqla dinləyir, burada yaradılan şəraitlə bağlı heyrətlərini gizlədə bilmirdilər.
Səfər zamanı “Arıçılıq məhsulları – bal festivalı”nın keçirildiyi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvanın müxtəlif bölgələrində istehsal olunan bal məhsulları sərgisi ilə tanışlıq da maraqlı oldu. Festivala Naxçıvanın 210 arıçısı tərəfindən 10 tondan artıq bal, bərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılmışdı. Bu amil isə, təbii ki, muxtar respublikanın iqtisadi inkişafından, xüsusilə özünün ərzaq təhlükəsizliyini yüksək səviyyədə təmin etməsindən xəbər verir. Statistik məlumatlara görə, Naxçıvanda yanvar-sentyabr aylarında ümumi daxili məhsulun həcmi 1 milyard 831 milyon manatdan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Hər nəfərə düşən ÜDM-in həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq 4 min 103 manat olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun həcmi 2,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 7 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 1,9 faiz, əhalinin gəlirləri 1,3 faiz çoxalıb. Rəqəmlərdən də göründüyü kimi, blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan inkişaf tempini qoruyub saxlayır.
Bu gün Naxçıvanda Heydər Əliyev ideyaları uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev muxtar respublikaya səfərləri zamanı yeni obyektlərin açılışında iştirak etməklə, müvafiq tapşırıq və tövsiyələrini verməklə yanaşı, görülən işlərdən razılığını da ifadə edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə yorulmaz və səmərəli fəaliyyəti ilə Naxçıvanı uğurla irəli aparır.
KİV rəhbərlərinin muxtar respublikaya səfəri zamanı Naxçıvan Xalça Muzeyi, Naxçıvan Biznes Mərkəzi, Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Dövlət Bayrağı Meydanı və Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Xalq şairi Məmməd Arazın Şahbuz rayonunun Nursu kəndində yerləşən ev-muzeyi, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı” qəzetinin redaksiyası ilə tanışlıq kifayət qədər xoş xatirələrlə yadda qaldı.
Şübhəsiz ki, qoca Şərqin qapısı hələ bundan sonra tez-tez döyüləcək və bu müqəddəs məkan öz ziyarətçilərini gülərüz qarşıladığı kimi, elə gülərüz də yola salacaq...
Vüqar Rəhimzadə
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist
28.10.2016