Qarşıdan qış mövsümü gəlir. Havaların soyuması ilə əlaqədar olaraq muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artmağa başlayıb. Ötən illərin təcrübəsi göstərir ki, vətəndaşlar tərəfindən qaz cihazlarından təhlükəsizlik qaydalarına uyğun istifadə edilmədiyindən bir çox hallarda insan itkisinə səbəb olan partlayış, yanğın və zəhərlənmə kimi xoşagəlməz hadisələr baş verir. Sakinlər hələ də təbii qazdan, ümumiyyətlə, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz sobalarından və suqızdırıcılarından istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması kimi hallara yol verirlər.
Bütün bunları nəzərə alan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların, idarə, müəssisə, təşkilat rəhbərlərinin və vətəndaşların nəzərinə çatdırır, aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunmasını vacib hesab edir.
Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz hallardan mühafizə üçün mülkiyyət formasından asılı olmayaraq hər bir vətəndaşın bir sıra qaydalara, xüsusən də yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi zəruridir. Qaz cihazlarının xətlərində özbaşına dəyişiklik etmək, təhlükəsizlik qurğusunu çıxarmaq, rezin şlanqla qaz xəttinin çəkilişinə yol vermək olmaz. Qaz cihazlarının quraşdırılması, yerinin dəyişdirilməsi və qaz xətlərinin çəkilişi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Qaz kəmərlərindən, qaz balonu və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək qəti qadağandır. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir.
Vanna otağında qazla işləyən suqızdırıcı cihaz quraşdırmaq olmaz. Hamam otağına hava daxil olması üçün qapının aşağısında dəliklər açılmalı, nəfəslik açıq saxlanmalı, ventilyasiya kanalı daim işlək vəziyyətdə olmalıdır.
Yaşayış evləri və mənzillərdə qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, sobaların həddindən artıq qızmasına yol vermək, onların istifadəsini azyaşlı uşaqlara etibar edib evdən çıxmaq olmaz. Mənzili tərk edərkən qaz cihazları söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır. Mətbəxdə qaz pilətəsi və suqızdırıcı quraşdırılarkən otağın həcmi nəzərə alınmalıdır. Belə ki, qaz cihazları quraşdırılan mətbəx otağının hündürlüyü 2,2 metrdən az olmamalı, pəncərə açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir. Yaşayış evlərində qaz cihazlarından yanma məhsullarının xaric olunmasına diqqət yetirilməli, qaz cihazlarının tüstü boruları digər məişət cihazlarının borularına qoşulmamalıdır.
Qaz cihazlarının istismarı zamanı əhalinin üzləşdiyi xoşagəlməz hadisələrdən biri də dəm qazı ilə zəhərlənmədir. Dəm qazı ilə zəhərlənmə daha çox hava təchizatı pis olan otaq və qarajlarda, habelə standarta uyğun olmayan və kustar üsulla hazırlanan qaz sobaları və suqızdırıcılarının istismarı zamanı, həmçinin işlək vəziyyətdə olmayan tüstü bacaları və borularından baş verir. Qaz sobaları və suqızdırıcılarından tüstünün xaric olunması üçün standarta uyğun olmayan və tez qatlanan borulardan istifadə etmək olmaz. Bunun üçün yalnız düz axımlı metal borulardan istifadə olunmalı və eyni zamanda tüstü boruları binaların dam örtüyündən 70 santimetr hündürlükdə quraşdırılmalıdır. Dəm qazının yaranmaması üçün otaqlar tez-tez havalandırılmalı, tüstü boruları küləyin istiqaməti nəzərə alınmaqla quraşdırılmalıdır. Tüstü boruları və bacaları hər 2 aydan bir təmizlənməli, onların sazlığı daim yoxlanılmalıdır.
Yadda saxlamaq lazımdır ki, istənilən mağazadan qaz cihazını alan zaman onun sənaye üsulu ilə hazırlanmasına və avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmamasına diqqət yetirmək lazımdır. Həmçinin cihazları alarkən satışı həyata keçirən mağaza sahiblərindən uyğunluq sertifikatını, texniki pasportunu və Azərbaycan dilində istifadəsinə dair təlimatı tələb etmək vacibdir. Çünki partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi xoşagəlməz hadisələrin əksəriyyəti bu qaydaları bilməməkdən və ya onlara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismar qaydaları, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.
Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir. Unutmayın ki, təhlükəsizliyiniz öz əlinizdədir.
Mirtaleh Seyidov
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı