25 Dekabr 2024, Çərşənbə

Uca çinar ağaclarının arası ilə bir yol gedir o yurda. Çiynində mis səhəng olan bir nənə bulaqdan su aparır öz ocağına. Bəlkə də, düşünür ki, yanan ocağı düşmənə qoymaq olmaz. Çatdığın ocaq düşməni isidirsə, bu, vətənə xəyanətdir. Ya da bir az sonra düşmənin əlində alov-alov yanacaq Zəngilanı düşünərək götürüb bu suyu.
Bu görüntüləri Zəngilanın işğaldan bir neçə gün öncə çəkilmiş videokadrlarından izləyirəm. Və o videokadrların çəkilməsindən indi düz 23 il ötür. Bu dəfə “Zəngilanın işğalından 23 il ötür” cümləsini yazmaq istəmirəm. Çünki insan psixologiyasında dəfələrlə eşitdiyin sözlərə vərdiş etmək kimi pis bir xüsusiyyət var. Yəni eyni bir cümləni birinci dəfə eşitdiyində verdiyin reaksiya ilə sonuncu dəfə verdiyin reaksiya eyni olmur. Bu cümlə adiləşməsin deyə, mən bu dəfə bircə cümləni bir abzasda ifadə etmək məcburiyyətindəyəm.

Zəngəzurun son qalası – Zəngilan

Bəli, yenə tanış faktları sadalamalıyam. Yazmalıyam ki, Zəngilanda dünyada II, Avropada I olan nadir çinar meşəsi, 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu qalıb, 2 toxuculuq kombinatı, 1 çınqıl, 2 asfalt zavodu, mərmər, əhəng istehsalı sahələri, 200 çarpayılıq xəstəxana və şəhər poliklinikası, eləcə də iki 50 və iki 25 çarpayılıq kənd xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 5 kənd həkim ambulatoriyası, 125 çarpayılıq Mincivan Dəmiryol Xəstəxanası, 66 məktəb, 300 nəfər kontingenti olan texniki-peşə məktəbi, eləcə də qiyabi orta məktəb, 28 uşaq bağçası, 50 kitabxana, 9 mədəniyyət evi, 39 klub, 7 səyyari avtoklub, 21 kinoqurğu, 3 tarix-diyarşünaslıq muzeyi, 4 musiqi məktəbi erməni vandalları tərəfindən dağıdılıb. Düşmən bizim izlərimizi silmək üçün meşələrimizi qırıb, evlərimizi yandırıb, xəstəxanalarımızın dəmir çarpayılarını metal, binaların üzərindəki örtükləri tikinti materialı kimi satıb. Və daha bir həqiqət var. Düşmən Zəngilanı heç də yuxarıda sadaladıqlarımızdan ötrü işğal etməyib. Zəngilana Qarabağın son qalası deyirlər. Amma Zəngilan Qarabağ deyil. Zəngilan hələ XX əsrin 20-ci illərində tarixin ədalətsiz şərtləri altında Ermənistana verilmiş Zəngəzurun bir parçasıdır. Zəngilanın işğalı Zəngəzurun işğalını başa çatdırmaq üçün lazım idi. Zəngəzurun taleyi isə tarixi-coğrafi bütünlüyü ilə tarixin əksər dövrlərində Naxçıvana bağlı olub. Heç də təsadüfi deyil ki, Zəngilan toponiminin izah variantlarından biri də bizi Naxçıvana gətirib çıxarır.

 

Zəngilan həm də yeni Kiran deməkdirmi?

Zəngilanın oğuz-türk boylarından biri olan və tarixdə böyük dövlətlər yaratmış “Zəngi” tayfaları ilə əlaqəli olması fikri ədəbiyyatlarda daha çox yer alsa da, bu toponimin digər bir inandırıcı izahı da var. Bu barədə sоn illər Zəngilan rayоnu haqqında yazılmış ən dəyərli tоplulardan biri оlan “Zəngəzurun zəngilanlı ziyalıları” kitabında yazılır. Kitabda qeyd edilir ki, yerli ağsaqqallardan bəzilərinin fikrincə, rayоnun adı оrta əsrlərin sоnlarında dağıdılmış Gilan şəhərindən köçənlərlə əlaqəlidir. Müəllif yazır ki, dеyilənə görə, оradan bir tayfa indi Zəngilan adlandırılan əraziyə gələrək məskunlaşıb. Оnlar bir-birinə “sən gilanlı?” – dеyə müraciət еdiblər. Bu söz sоnradan dəyişikliyə məruz qalıb, S hərfi Z hərfi ilə əvəzlənib və Zəngilan sözünün fоrmalaşmasına səbəb оlub. Başqa bir еhtimala görə isə “zən” sözü Şərq dillərindən birində “yеni, təzə” dеməkdir. Buradan da “yеni Gilan” ifadəsi yaranır.
Tarixi tədqiqatlar sübut edir ki, orta əsrlərdə dağıdılmış Gilan və yaxud Kiran şəhəri məhz Naxçıvan ərazisindədir, bu şəhərin qalıqları Ordubadda Xaraba Gilan adlanan yerdə qalmaqdadır. Axı demişdik ki, Zəngəzurun və Zəngilanın taleyi tarixən Naxçıvanla bağlı olub. Elə zəngilanlıların növbəti soyqırımdan qurtarılması da Naxçıvandan bütün Azərbaycan üzərinə Günəş kimi parlayan dahi Şəxsiyyətin – Heydər Əliyevin adı ilə bağlıdır.

Zəngilanı qurtarmaq üçün qurtarılan zəngilanlılar

Zəngilanın işğal səbəbi düşmənin gücü deyildi. Yaddaşım məni yanıltmırsa, hələ XX əsrin 90-cı illərinin əvvəllərində ermənilər silahla Zəngilana hücumlar etməyə çalışanda zəngilanlılar əllərində olan yaba, dəryaz və digər kənd təsərrüfatı alətləri ilə Qafana qədər gedib çıxmışdılar. Bunu o zaman Zəngilanda yaşayan insanlar onsuz da bilirlər. Sonradan isə ozamankı AXC-Müsavat iqtidarının yarıtmaz əməlləri, ayrı-ayrı qruplara məxsus pərakəndə silahlı dəstələrin xəyanətkar hərəkətləri nəticəsində Zəngilan və zəngilanlılar blokada vəziyyətinə salınmışdılar.
Məhz Azərbaycanın düşdüyü ağır vəziyyətdə yenidən Azərbaycan üzərində bir Günəş kimi parlayan dahi şəxsiyyət Heydər Əliyev blokadada qalmış zəngilanlıları Xocalı soyqırımına bənzər ikinci bir soyqırımdan qurtardı. Şahidlərin dediklərindən məlum olur ki, burada təsvir edilməsi mümkün olmayan faciəvi bir vəziyyət yaranmışdı: üç tərəfdə qana susayan düşmən, qarşıda isə bol sulu Araz çayı. Əhalinin düşmənin qanlı caynaqlarından xilas olmağa ümidinin tükəndiyi bir vaxtda yenə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev insanların köməyinə çatıb. Ulu öndərin tapşırığına əsasən, Araz çayı üzərində qurulmuş su bəndi bağlanıb və beləliklə, çayın suyu azaldığına görə əhali maneəsiz bir şəkildə İran İslam Respublikasının ərazisinə keçə bilib. Həmin vaxt insanlara ümid verən yaşlıların sözləri də öz təsdiqini tapıb. Onlar deyirmişlər: “Qorxmayın, Allah kərimdir, Heydər Əliyev heç vaxt öz xalqını darda qoymaz. Nəsə bir çıxış yolu tapacaq”. Böyük xilaskar bu dəfə də xalqının köməyinə çatıb, 35 minə yaxın əhalini xilas edib, dəhşətli bir soyqırımının qarşısını alıb.
Ulu öndər zəngilanlıları qurtardı. Azərbaycanın və Azərbaycan Ordusunun qüdrətinin zirvəsinə yüksəldiyi bu günlər üçün. Zəngilanlılar qırğından, blokadadan qurtarıldı ki, bir gün Zəngilan da qurtarılsın.
Bəli, ötən illər ərzində Azərbaycan xeyli inkişaf edərək öz iqtisadiyyatını, ordusunun gücünü daha da artırıb. Bu gün xalqımız işğal altında qalan torpaqlarımızın geri qaytarılacağına tam əmindir və o günü səbirsizliklə gözləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, Azərbaycanda yaradılmış qüdrətli ordu bu inamı daha da artırır. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, biz heç vaxt öz ərazi bütövlüyümüzün pozulması faktı ilə barışmayacağıq və istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik. İndi keçən hər gün bizi torpaqlarımızın azad olunacağı günə – Böyük Qələbəyə daha da yaxınlaşdırır.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR